İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın anons etdiyi Vaşinqton görüşü: Paşinyanın üzü yoxdur...

1599 15.09.2023 08:50 Siyasət A A

Ekspert: “Növbəti görüşdən sonra da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə...”

“ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməyə davam edir”, - Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi Qarabağda gərginliyin artması fonunda belə deyib. “Turan” xəbər verir ki, Dövlət Departamentinin rəsmiləri “Tərəflər dialoqu davam etdirmək üçün Vaşinqtona qayıtmağa hazırdır” deyiblər.

“Vaşinqtonda görüşlərin üç raundu oldu. Avropada da digərləri oldu və ruslar bir neçə danışıq apardılar”, - Dövlət Departamentinin nümayəndəsi deyib. Onun sözlərinə görə, son bir neçə gündə ABŞ “bütün səviyyələrdə” danışıqlar aparıb, dövlət katibi Entoni Blinken həm prezident İlham Əliyevlə, həm də baş nazir Nikol Paşinyanla danışıb. Vaşinqton görüşünün Əliyev-Paşinyan, yoxsa xarici işlər nazirləri səviyyəsində ola biləcəyi haqda konkretləşmə yoxdur. Ola bilsin ki, Blinken bu təklifi erməni baş nazir və Azərbaycan Prezidenti ilə telefon danışığında tərəflərə çatdırıb. Amma indilikdə yüksək səviyyəli görüşün ola biləcəyi ehtimalı çox azdır. Yada salaq ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Azərbaycana qarşı növbəti təxribata yol verib. Paşinyan “Azərbaycanın ərazi bütövlüyünü tanıyıram” bəyanatını heçə sayaraq  “müstəqillik günü”nü qeyd edən separatçıları təbrik edib.

Onun bu addımı indiyə qədər aparılan sülh danışıqlarından birtərəfli qaydada imtina etməkdir.

Paşinyan bundan əvvəl isə deyib ki, Bakıya yeni təkliflər göndəriblər. Söhbət hansı təkliflərdən gedir, bilinmir. Amma rəsmi İrəvanın addımlarından və vurnuxmalarından Paşinyanın təkliflərində yaxşı heç nə gözləmək olmur. O halda, Vaşinqton görüşü haqda verilən anons ABŞ-ın Rusiyaya bir informasiya hücumudur, yoxsa reallıqda bu təmaslara hazırlıq var?

Azərbaycan nəinki indiki şəraitdə, hətta torpaqlarımız isğal altında olduğu  dövrdə belə separatçıları tərəf kimi qəbul etməyib", son xeberler

Anar Əliyev

Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklər və Ermənistanı alət etməklə formalaşdırılmağa çalışılan “böhran” şousu bir sıra dairələri, eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh münasibətlərinin tənzimlənməsinə çalışan ABŞ-ın rəsmi dairələrini narahat etməkdədir. Məhz bu narahatlıqdan çıxış edərək ABŞ Dövlət Departamentinin rəsmisi tərəflərin dialoqu davam etdirmək üçün Vaşinqtona getməyə hazır olduqlarını bəyan edib: “Hesab edirəm ki, bu, bir neçə məqsədə xidmət eləyən bir açıqlamadır. Birincisi, Vaşinqton bununla Ermənistanla Azərbaycan arasında, Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında maraqlı olduğunu bir daha bəyan etmiş olur. Ayrı-ayrı tərəflərdən, xüsusilə də Fransa kimi pozucu davranışlar nümayiş etdirən tərəflərdən fərqli olaraq rəsmi Vaşinqton bölgədə sülhün əldə olunmasını arzuladığını və bu istiqamətdə tərəflərə yardım göstərməyə hazır olduğunu bəyan edir. İkinci mühüm istiqamət ondan ibarətdir ki, son dövrlər Ermənistan və Rusiya rəsmi şəxsləri arasında kifayət qədər kəskinləşən ritorika fonunda ABŞ bölgədə əsas söz sahibinə çevrilmək iddiasını səsləndirmiş olur. Rusiyadan fərqli olaraq bölgədə davamlı sülhün əldə olunmasında maraqlı tərəf kimi çıxış etdiyini göstərir. Eyni zamanda digər bir vacib məqam danışıqlar prosesinin dalana dirəndiyi indiki zamanda bu prosesi yerindən tərpətmək gücündə məhz ABŞ-ın çıxış edə biləcəyi iddialarını ortaya qoyur. Amma məsələ ondadır ki, artıq üç ilə yaxın bir dövr ərzində Ermənistanla aparılan danışıqlarda müxtəlif formatlar çərçivəsində əldə olunmuş razılaşmalardan Ermənistan rəhbərliyi geri çəkilib. Ona görə də keçirilən görüşlərə inam kifayət qədər zəifləyib. Azərbaycan dəfələrlə bəyan edib ki, biz münasibətlərin sülh yolu ilə tənzimlənməsində maraqlıyıq və görüşə hər zaman hazırıq, amma görüş xatirinə görüş keçirilməməlidir. Keçirilən görüşlər yalnız predmetli olmalıdır və tərəflər üzərlərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində real addımlar atmalıdır. Eyni zamanda bu, Ermənistanın məsuliyyətini formalaşdırmaqla yanaşı, həm də vasitəçilər üzərində də çox ciddi məsuliyyət götürmüş olur. Yəni Ermənistanla Azərbaycan arasında sülh münasibətlərinin tənzimlənməsində maraqlı olan, öz vasitəçilik imkanlarından istifadə etməyə çalışan tərəf həm də öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çalışmalıdır. Çox təəssüf ki, biz bu günə qədər bunu görməmişik. Ermənistana yönəlik hər hansı bir təzyiq və çağırış müşahidə etməmişik”.

Politoloq qeyd etdi ki, belə bir şəraitdə ABŞ-ın yenidən aktivləşməsi və tərəflərin Vaşinqton formatı çərçivəsində görüşməsini təklif etməsi Amerikanın sülhpərvər mahiyyətindən irəli gəlməklə yanaşı, həm də onun üzərinə növbəti məsuliyyəti yükləmiş olur: “Vaşinqton bu məsuliyyəti anlayırmı və anlayırsa bunu yerinə yetirməyə hazırdırmı? Bax, bu bəlli deyil. Növbəti görüşdən sonra da Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəksə, ABŞ İrəvanı məcbur etmək üçün hansı rıçaqlardan istifadə edəcəyini bəyan etməlidir. İndiki şəraitdə isə ABŞ-ın siyasətinə təsir etmək gücündə olan Erməni Milli Komitəsinin-diaspor təşkilatlarının təsir imkanlarını zəiflətmədən ABŞ-ın rəsmi qurumlarının belə iddiada çıxış etməsi o qədər real görünmür. Bu baxımdan ABŞ tərəfindən səslənən fikirləri hələ ki real effektiv nəticə doğura biləcək bir prosesin başlanğıcı kimi qiymətləndirə bilmirəm. Eyni zamanda görüş təşəbbüsü həm də ABŞ-ın Cənubi Qafqazda Rusiya ilə apardığı mübarizənin bir elementidir. Ona görə də Rusiyanın da əks-mövqe ortaya qoyacağı və tərəflər arasında münasibətlərin tənzimlənməsində aparıcı rolunu qoruyub saxlamağa çalışacağını proqnozlaşdırıram. Hesab edirəm ki, qarşıdakı günlərdə diplomatik trafikdə müəyyən aktivləşmə müşahidə oluna bilər”.    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR