İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dolları bahalaşdırır

1569 06.05.2022 08:40 İqtisadiyyat A A

Bəzi ölkələr bu valyutadan uzaqlaşmaq planları qurur

ABŞ Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcəsini 0,5 baza bəndi artıraraq illik 0,75 - 1 faizə çatdırıb. Bu, son 22 ildə FED-in qəbul etdiyi ən kəskin artım qərarıdır. Bundan əvvəl tənzimləyici mart ayında uçot dərəcəsini 0,25 faiz artırmışdı. Həmin vaxt qurumun rəhbəri Ceremi Pauell bildirmişdi ki, ABŞ-da yüksələn inflyasiyanı cilovlamaq üçün daha radikal dəyişikliyə gedilə bilər.

Federal Açıq Bazar Komitəsinin (FOMC) bəzi üzvləri FED-in 2023-2024-cü illərdə uçot dərəcəsini 3,5-3,75 faizə qədər artıracağını gözləyirlər. Komitə üzvlərinin gözləntilərinə görə, 2022-ci ildə federal fondların dərəcəsi 3,0-3,25 faizə qədər çatdırıla bilər. FOMC üzvlərinin əksəriyyəti FED-in 2022-ci ildə uçot dərəcəsini 1,75-2 faiz səviyyəsinə qaldıracağını gözləyir.

FED-in son qərarına əsasən qurum iyunun 1-dən etibarən ayda 30 milyard dollarlıq xəzinə və 17,5 milyard dollarlıq ipoteka istiqrazları satacaq. Üç ay ərzində satışlar xəzinə üçün 60 milyard dollara, ipoteka ilə təmin edilmiş qiymətli kağızlar üçün isə 35 milyard dollara qədər artırılacaq.

Qurumun açıqlamasında qeyd edilir ki, cari ilin birinci rübündə ölkədə iqtisadi aktivlik azalıb: “Bundan əlavə, Çində COVID-lə bağlı qapanmalar güman ki, çatdırılma zəncirində fasilələri artıracaq. Komitə inflyasiya proseslərinə çox həssas yanaşır”.

FED pul siyasəti ilə bağlı qərarlar qəbul edərkən makroiqtisadi göstəriciləri rəhbər tutur. ABŞ-da işsizlik hədəf göstəricisi çərçivəsindədir. Eyni zamanda ABŞ Ticarət Nazirliyinin ilkin məlumatlarına görə, 2022-ci ilin birinci rübündə ABŞ iqtisadiyyatı illik ifadədə 1,4 faiz kiçilib. Bununla belə, ABŞ-da illik inflyasiya mart ayında 8,5 faizə qədər sürətlənib ki, bu da 1981-ci ilin dekabrından bəri ən yüksək artımdır.

ABŞ dolları yığanlara pis xəbər - Dollar ucuzlaşacaq

FED-in uçot dərəcəsini kəskin artırması ABŞ fond və səhm birjalarında müsbət dinamikaya, indekslərin yüksəlməsinə səbəb olub. Lakin anailtik mərkəzlərin gözləntilərinə əsasən dünyanın bir saylı valyutasının məzənnəsində artıma gətirən belə qərarlar əmtəə bazarlarında qiymətlərin ucuzlaşmasına gətirib çıxaracaq.

İqtisadçı-ekspert Elman Sadiqov bildirir ki, FED-in bu artım qərarı gözlənilən idi: “Buna görə də bazarlarda çox ciddi volatilliyin şahidi olmadıq. Müəyyən kiçik qiymət dəyişiklikləri gözlənilən idi. FED-in uçot dərəcəsini artırmasının əsas səbəbi ABŞ-da son 50-60 ildə ən yüksək inflyasiyalardan birinin baş verməsidir. İndiki inflyasiya göstəricisi 70-ci illərdə qeydə alınan staqflyasiya və yüksək inflyasiya rəqəmləri ilə müqayisə olunur. 8,5 faizlik inflyasiya ABŞ iqtisadiyyatı üçün çox böyük rəqəmdir. ABŞ-da inflyasiyanın hədəf göstəricisi 2 faiz ətrafındadır. Faiz artımını şərtləndirən əsas amillərdən biri də əmək bazarıdır. Bu gün ABŞ-da işsizlik 3,6 faiz həddindədir və kifayət qədər yüksək göstəricidir. Məhz buna görə FED faiz dərəcəsini artıra bildi. Lakin Avropa və Böyük Britaniyada belə imkan olmadığına görə mərkəzi banklar faiz artımına gedə bilmirlər. Onlar açıq şəkildə bəyan etdilər ki, faiz artımına yalnız ilin sonunda gedə bilərlər. Buna görə də dolların faiz artımı faktiki olaraq valyuta cütlüklərində, o cümlədən dollar indeksində dolları gücləndirən əsas amildir. Digər bir məsələ FED-in bundan sonrakı mərhələdə 0,5 faiz bəndi artımına gedəcəyinin açıqlanmasıdır. Düşünürəm ki, dolların uçot dərəcəsi ilin sonunadək 2,5-3 faiz ətrafına qədər artırılacaq”.

Ekspertin fikrincə, 3-4 il əvvəl dolların bahalaşması əmtəə bazarlarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilərdi: “Amma indi belə bahalaşmanın olması sual altındadır: yüksək inflyasiya var, postpandemiya dövrüdür, üstəlik, Ukrayna müharibəsində həddən artıq qeyri-müəyyənlik var. Bu səbəblər imkan vermir ki, dolların bahalaşması əmtəə bazarlarında ucuzlaşmaya gətirsin. Neft-qaz bazarına gəlincə, burada əsas diqtəedici amil Rusiyaya qarşı sanksiyalardır. Avropa İttifaqının sanksiyaları hansı həddə olacaq? Bildiyiniz kimi, Rusiya neftinin tankerlərlə daşınmasına da qadağalar qoyulması gözlənilir. Digər tərəfdən, müharibənin nə zaman bitəcəyi də bilinmir. Bunlar neft-qazın qiymətinə ən yüksək təsir edən amillərdir hazırda”.

Qeyd edək ki, Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra bir sıra dövlətlər ehtiyatların ABŞ valyutasında saxlanmasına inamın azalacağını gözlədiklərini bəyan ediblər. Hətta Çində mümkün maliyyə sanksiyalarına hazırlıq məqsədli tədbirlər həyata keçirilməyə başlanıb. E.Sadiqovun sözlərinə görə, sanksiyalara görə dollardan qaçmaq sanksiyalardan kənarda qalmaq anlamı vermir: “ABŞ onsuz da sanksiyaları yalnız dollar aktivlərinə qarşı tətbiq etmir, bütün valyutalarda olan aktivlərə, hesablara tətbiq edir. Yəni kimsə vəsaitlərini avroya, funta, yenə, yaxud yuana çevirməklə onu sanksiyalardan kənarda saxlayacağını düşünürsə, kökündən yanlış yanaşmadır. Xüsusilə yuanın rezerv valyuta kimi imkanları çox məhduddur. Ümumiyyətlə, hər hansı bir digər valyutaya keçid o valyutanın sahibi olan ölkə üçün ciddi problemlər yaradar. Düşünürəm ki, hansısa valyutaların xeyrinə dollardan imtina ağıllı addım ola bilməz. Dolların əvəzlənməsində yeganə səmərəli rezerv qızıl ola bilər. Lakin qızılın da fiziki həcmi məhduddur, bütün resursları qarşılayacaq qədər qızıl yoxdur dünyada. Bu səbəbdən də dollara qarşı hansısa addımların atılmasını real hesab etmirəm. Bəzi ölkələr var ki, onları məqsədyönlü şəkildə dollardan imtinaya sövq edirlər. 3-4 il əvvəl qardaş Türkiyə, Rusiya, Çin və digər bir sıra dövlətlər dollara qarşı addımlar atmağa başladılar. Sonradan bu, xüsusilə də Türkiyə və Rusiya üçün fəsadlar verməyə başladı”.

Elman Sadıqov - İqtisadçı-ekspert

 Elman Sadiqov

E.Sadiqov hesab edir ki, dünyada dollara, ABŞ qiymətli kağızlarına investisiyaların azalacağı gözləntiləri yanlışdır: “Dünyada səhm, fond bazarlarında ən çox paya ABŞ, onun şirkətləri sahibdir. Faktiki olaraq, bu bazarlar ABŞ üzərində dövr edir. Məni düşündürən məsələ budur ki, son 3-4 ildə ABŞ bəzi ölkələrin dollardan uzaqlaşmasını stimullaşdırır. Ölkələr də gəlib qurulan tələlərə düşürlər. Dollardan imtina belə ölkələrin iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir”.

İqtisadçı-alim, ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli bildirir ki, dünya iqtisadiyyatını və dolların rolunu başa düşmək üçün real sektorla maliyyə sektorunun əlaqəsini yaxşı başa düşmək lazımdır: “Çox bəsitdir əslində: 1) Xammal, istehsal, istehlakı fikirləşin; 2) Bütün bunların hərəkətini təmin edən tədarük sistemini düşünün; 3) Bütün bu prosesləri maliyyələşdirən kredit sistemini və sığorta sistemini düşünün - malların hərəkətinin tərsi pulun hərəkətidir; 4) Artıq qalan vəsaitlərin yatırım edildiyi maliyyə bazarlarını fikirləşin.

İri şirkətlərin özəlləşməsi sərfəlidirmi? – Fariz Hüseynli – STATUS | FED.az

Fariz Hüseynli 

Bu prosesdə çox ölkə yer alır, biri alır, biri satır, biri istehsal edir, biri istehlak edir. Bu məhsulları daşıyacaq logistika qurulmalıdır. Ölkə içində və xaricində. Bunlara haradansa kredit verilməli, sığortalanmalıdır. Həm də təhlükəsizlik təmin edilməlidir. Bütün bunları pərakəndə şəkildə etsən belə, gərək bir mərkəzi bazara bağlansın, inteqrasiya olsun və gəlib bir mərkəzi valyutaya bağlansın. Yoxsa risklər çox olur və bazarda inteqrasiya pozulur. Xərcləri ödəyəndən sonra qalan miqdar da harasa getməlidir - o da maliyyə kağızlarına, adətən də ticarətin baş verdiyi valyutada olan maliyyə kağızlarına yatırılmalıdır. İndi bunları dəyişmək üçün gərək ayrı-ayrı ərazilərdə xammal, istehsal, istehlak, logistika, kredit və yatırım mərkəzləri yaransın. İki ssenaridə ola bilər bu:1) Bir-biri ilə inteqrasiya olmayacaq və bölünmüş regionallaşma getməlidir. Hansı ki, öz aralarında bu faktorları bölə bilsinlər, ya da bir mərkəzə yığılsınlar. 2) Qlobal inteqrasiya olacaq, amma hansısa yeni bir güc ortaya çıxacaq ki, dolları əvəzləyəcək. Bu güc bütün sistemin yükünü daşımalıdır (təhlükəsizlik və siyasi tərəflərini hələ demirəm). Bunu edəndə də əvvəlkindən daha yaxşı etməlidir. Bunun baş verməsi üçün real sektorda da yerdəyişmələr olmalıdır - bir yer xammal və istehsal idisə, gərək istehlak ola, o biri yer istehlak idisə, gərək xammal və istehsal ola. Heç də asan bir məsələ deyil və xoşluqla olmayacaq".

Ekspertə görə, dolların dünya valyutası rolunun alınması prosesi çox böyük böhranlarla müşayiət oluna bilər: “Böhranlar-şoklar lazımdı bunun üçün. Real sektorda və maliyyə sektorunda - Xammal və istehsal şokları, tədarük şokları. Yığdığın pulları dollara qoymusansa, Amerika ona sanksiya qoyursa, deməli, həm də sanksiya şokları. Pandemiya və sonra Rusiyanın Ukrayna işğalında bunlar hamısı var. Həm də dollar zəifləməlidir - başqa valyutalara qarşı güclüdür, amma xammala, məhsula qarşı zəifləyib. Bəs dollara yatırım məsələsi? Amerika xəzinə borclarına xaricilər nə qədər yatırım etməkdə maraqlı olacaq? Amerika borc kağızlarına yatırım etməyəcəklərsə, hara yatırım edəcəklər? Öz real sektorlarınamı, başqasının real sektorunamı, yoxsa öz maliyyə sektorlarınamı? Bütün bunları fikirləşəndə bir də miqyası fikirləşin, trilyonluq bazarları və milyonluq bazarları. Milyonluq bazardan trilyonluq bazar düzəltmə və əksinə, trilyonluq bazarı milyonluq bazara salma cəhdləri də nə qədər ağrılı olacaq onu da fikirləşək”.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR