ABŞ-nin sanksiyalarından yayınaraq silah satışına vasitəçilik etmək ittihamı ilə Los-Anceles hava limanında bir iranlı qadın saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.
Müstəntiqlərin sözlərinə görə, 44 yaşlı İran vətəndaşı Şamim Mafi İran dronlarının, bombalarının, qoruyucularının, hücum silahlarının və "İran tərəfindən istehsal edilib Sudana satılan milyonlarla patron"un tədarükündə iştirak edib. Buraya 70 milyon dollardan çox dəyərində “Mohajer-6” dronlarının alqı-satqısına dair müqavilə də daxildir.
İddialara görə, Mafi gizli şəkildə İranın xeyrinə çalışıb. O, Omanda qeydiyyatdan keçmiş bir şirkətdən istifadə edərək, ABŞ sanksiyalarından yayınmağı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri vasitəsilə əməliyyatlar aparmağı bacarıb. FTB hesab edir ki, Mafi həmçinin İran Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin nümayəndəsi ilə əlaqə saxlayıb və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH( da daxil olmaqla, İran hökuməti ilə əlaqəli şəxslərin əmrlərini yerinə yetirib.
Musavat.com






