İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da daxili hesablaşma dövrü başladı: Nəticələri dünya üçün təhlükəli ola bilər

3548 08.01.2021 18:03 Analitika A A

ABŞ ordusu prezident Donald Trampı və onun arxasında olan, iğtişaşları planlaşdıran səhnəarxası qüvvələri qurban verdi...

Yeni Bayden administrasiyası dövlət çevrilişinə cəhddə ittiham etdiyi rəqib düşərgəni hüquqi məsuliyyətə cəlb etmək məcburiyyətində qala bilər...

ABŞ-da siyasi böhranın "kölgə"si altında daxili hesablaşma illərlə davam edə bilər. Bu savaşın nəticələrinin həm ABŞ-ın gələcək taleyində, həm də bütün dünyada arzuolunmaz təsirlərinin ola biləcəyi istisna deyil...

ABŞ-da baş verənlər bütün dünyada böyük əks-səda doğurub. Hazırda bu ölkədə cərəyan edən daxili proseslər geniş şəkildə müzakirə edilməkdədir. Yəqin ki, bu olaylar və səbəbləri hələ uzun müddət əsas gündəm mövzusu olacaq.

Əslində, bu, qətiyyən təəccüb doğurmamalıdır. Çünki, ABŞ dünyanın ən güclü superdövlətidir. Və dünya düzəninin əsas əsas hegemonluq faktorları Ağ Evin əlində cəmləşib.

absh-nuve-1566456100_w1056h594fill_508.jpg (111 KB)

Təbii ki, ABŞ-da baş verən istənilən gözlənilməz hadisə sonradan bütün dünyada öz təsirini dolayısı da olsa, mütləq göstərir. İndi cərəyan edən proseslərin də təsirlərinin olacağı qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, son günlər ABŞ-da baş verənlər bu ölkə üçün heç də ənənəvi olaylar deyil. Onilliklər ərzində amerikalılar bütün dünyaya "demokratiya dərsi" keçirdilər. Demokratiya və insan haqları dəyərlərini bütün dünyanın başı üzərində "demokl qılıncı"na çevirmişdilər.

Ancaq bir gün gəldi, həmin "demokl qılıncı"nın zərbəsi ilə özləri də üzləşməli oldular. "Demokl qılıncı" hələ 2016-cı ildən ABŞ-ın başı üzərində idi. Donald Tramp prezident seçiləndə də saxtakarlıq və Rusiyanın səsvermə prosesinə müdaxiləsi ilə bağlı iddialar gündəmə gətirilmişdi. Və Tramp-Putin gizli anlaşması barədə ehtimallar onun hakimiyyətinin son günlərinə qədər də aktual saxlanıldı.

İndi növbəti seçkilər keçirildi. Amerikalılar özləri prezident seçəcəklərini düşünürdülər. Amma yenə də məyusluq onların ətəyini buraxmadı. Bu dəfə də seçki saxtakarlıqları ilə bağlı iddialar əsas gündəm oldu. Üstəlik, bu dəfə ittihamlar həm daha ağır, həm də iki istiqamətdən gəldi.

Birinci istiqamət, seçkilərdə məğlub olduğu iddia olunan prezident Donald Tramp və tərəfdarları səsvermənin nəticələrini tanımadıqları üçün daxili xarakter daşıyır. Onlar səsvermənin saxtalaşdırıldığından əmin olduqlarını vurğulayıblar. Yəni, bu, həm də 20 yanvarda andiçmə mərasimi keçirəcək yeni prezident Co Baydenin legitimliyinin şübhə altına alınması anlamına gəlir.

tr-by15981093445f4136a0095056.90436296.jpg (65 KB)

İkinci istiqamət isə xarici reaksiyalardır. Bir çox nüfuzlu dövlət ABŞ-da baş verənləri seçki pozuntularının təzahürü kimi qəbul etdiyinə eyham vurmaqla yanaşı, qarşı duran tərəfləri təmkinli olmağa çağırdı.

Ancaq ABŞ-ın strateji müttəfiqi İsrail açıq mətnlə seçki saxtakarlığını qınadı: "ABŞ seçki saxtakarlığının zərbələrini yaşayır. Bütün problemlərin hüquq müstəvisində həlli zəruridir".

Bütün bunlar Ağ Evin ağır günlərinin hələ irəlidə olduğunu göstərir. Çünki, yeni prezident Co Baydenin beynəlxalq siyasət məkanında mövqeyi o qədər də möhkəm olmayacaq. Onu açıq deməsələr də, legitimliyi şübhə doğuran prezident kimi qəbul olunmaq taleyi gözləyir.

Ancaq ABŞ-da daxili sabitliyin artıq bərpa olunduğunu düşünmək də hələ çox tezdir. Hər halda, son baş verənlər ABŞ tarixində yeni səhifədir. Məsələ ondadır ki, adətən, seçki ərəfəsində hətta bir-birinə qarşı ən sərt ittihamlar irəli sürsələr belə, siyasi rəqiblər səsvermənin nəticələri elan edildikdən sonra məğlub tərəf qalibi mütləq təbrik edərdi. Bu dəfə həmin ənənə kobud şəkildə pozuldu. Çünki siyasi rəqiblərin hər ikisi özünü qalib hesab edir.

Üstəlik, hazırda prezident olan iddiaçının - D.Trampın tərəfdarlarının kütləvi iğtişaşlar törətməsi bu siyasi qarşıdurmanın hələ uzun müddət davam edə biləcəyinə işarədir. Hər halda, ABŞ-ın dövlət sistemində xüsusi önəm daşıyan Konqresin binasının ələ keçirilməsi qarşıdurmanın bitmədiyini göstərir. Və dövlət sistemində boşluqların ortaya çıxmaqda olduğunu biruzə verir.

absh-konqress-1609978520-658776-konqres5612-450x250.jpg (12 KB)

Maraqlıdır ki, Co Baydenin tərəfdarları - demokratlar baş verənləri dövlət çevrilişinə cəhd kimi dəyərləndirir. ABŞ-da dövlət çevrilişi cəhdinin ola biləcəyini düşünmək elə də asan xəyal məhsulu deyil. Ancaq baş verənlər ABŞ kimi nəhəng superdövlətin də belə təhlükələrdən sığortalanmadığını təsdiqləyir.

Dövlət çevrilişinə cəhdin real olduğunu Pentaqonun mövqeyi də göstərir. Belə ki, ABŞ ordusunun hansı tərəfə meyl göstərməsi qalibin kimliyini müəyyən edə bilərdi.

Ancaq prezident D.Trampın hakimiyyəti qorumaq üçün atdığı hər iki addım uğursuz oldu. Belə ki, o, əvvəlcə vitse-prezident Mayk Pence müraciət etmişdi ki, seçkinin nəticələrini veto etsin.

D.Tramp bununla hakimiyyət uğrunda mübarizəni hüquqi zəmində davam etdirmək şansı qazanacağına ümid edirdi. Ancaq vitse-prezident onu saya salmadı və seçkilərin rəsmi nəticələrini təsdiqlədi. Bununla da Co Baydenin prezidentliyi hüquqi cəhətdən qüvvəyə minmiş oldu.

Maraqlıdır ki, iğtişaşlar da məhz vitse-prezidentin qərarından sonra başlandı. Çünki hüquqi manevr imkanları qapanmışdı. Hakimiyyətin qorunması üçün yeganə yol kimi zorakılıq metodu qalmışdı. Və ilk addım atıldı, parlament binası ələ keçirildi.

usa_army.jpg (61 KB)

Ancaq bu, təbii ki, yetməzdi. ABŞ ordusunun dəstəyi də lazım idi. Yalnız bu halda, bütün ölkənin tam nəzarət altına alınması mümkün ola bilərdi.

Halbuki, ABŞ ordusu prezident D.Trampın ümidlərini doğrultmadı. Respublikaçıların mövqeyinə yaxınlığı ilə seçilən ABŞ Müdafiə Nazirliyi ölkədə cərəyan edən siyasi proseslərə müdaxilə etməyəcəyini bəyanladı.

Belə anlaşılır ki, ABŞ ordusu prezident D.Trampı və onun arxasında olan, dövlət çevrilişi cəhdi ilə hakimiyyəti əlində saxlamağa çalışan "dərin gücləri" qurban verdi. Pentaqonun rəsmi mövqeyi nə qədər hüquqi cəhətdən doğru qərar olsa da, bu, həm də dolayısı ilə yeni prezident Co Baydenin və onu hakimiyyətə gətirməyə çalışan "dərin güclər"in dəstəklənməsi kimi də başa düşülə bilər.

Onu da qeyd edək ki, demokratların törədilən iğtişaşları dövlət çevrilişinə cəhd kimi dəyərləndirməsi ABŞ-da siyasi-hüquqi böhranın davam edəcəyindən xəbər verir. Çünki dövlət çevrilişinə cəhd cinayətdir. Əgər, cinayət varsa, deməli, onu törədən cinayətkar da mütləq cəzalandırılmalıdır.

Deməli, Bayden administrasiyası istənilən halda, indi baş verənlərin günahkarlarını cəzalandırmaq məcburiyyətində qalacaq. Halbuki, bu, o qədər də asan məsələ təsiri bağışlamır.

derin-dovlet-1002188.jpg (61 KB)

Məsələ ondadır ki, dövlət çevrilişinə cəhdin sadəcə, D.Trampın dəcəlliyi ucbatından baş verdiyini düşünmək sadəlövhlük olardı. D.Trampın bu hadisələrdə sadəcə, bir təlimat icraçısı olduğu qətiyyən şübhə doğurmamalıdır. Hər halda, nə D.Tramp, nə də bir başqası dünya jandarmı olan ABŞ-ın dövlət sistemini dağıtmağa cəsarət edə bilməzdi. Belə bir cəsarət yalnız hansısa dərin iradə mərkəzinin qeyri-rəsmi qərarından qaynaqlana bilərdi.

Bu baxımdan, hesab etmək olar ki, ABŞ-da siyasi böhran hələ uzun müddət davam edə bilər. Və bu böhranın sadəcə, siyasət məkanındakı toqquşmalar ilə məhdudlaşacağı qətiyyən inandırıcı deyil.

Böyük ehtimalla siyasi böhran ABŞ-da daxili hesablaşma xarakteri daşıya bilər. Çünki, səhnəarxası "dərin güclər"in savaşı davam etdirəcəkləri şübhə doğurmur. Bu baxımdan, ABŞ-ın gələcək taleyində "dərin savaş"ın nəticələrinin birbaşa təsirinin olacağı istisna deyil.

Ancaq bu savaş yalnız ABŞ üçün önəm daşımır. Bu savaş bütün dünya üçün taleyüklü xarakter daşıya bilər. Hətta bunun ilkin mesajları da aylar öncədən müxtəlif bəhanələrlə verilib. Həmin mesajların məzmunu indi dünyanın daha təhlükəli proseslərə hazır olmasının vacibliyindən xəbər verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR