İnsanlara hürriyət, millətlərə istiqlal!

AAYDA “dirəkli yol” iddiasına cavab verdi - “Ölkədə belə yol yoxdur”

1019 25.07.2019 10:00 Ölkə A A

Sosial şəbəkələrdə paylaşılan fotonun Şəkinin Üzümlük kəndində yox, Braziliyada çəkildiyi məlum olub

Sosial şəbəkələrdə və eyni zamanda bir neçə saytda Şəkinin Üzümçülük kəndində iki elektrik dirəyinin arasından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən asfalt yol çəkilməsi ilə bağlı məlumat yayılıb. Buna dair bir foto da paylaşılıb və bildirilir ki, qurum tərəfindən çəkilən bu yoldan keçmək mümkün deyil. Çünki yolun ortasında elektrik dirəkləri var.

Yayılan materialda həmçinin yeni çəkilən Qax rayonunun İlisu kəndinin  yolundan da bəhs edilir. İddia olunur ki, burada da yolu deşilmiş su borularının üzərindən çəkiblər: “2019-cu ilin yayında Qax rayonunun İlisu kəndi tamamilə asfaltlanıb.  Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirib. Bu kənddə belə miqyaslı yol işi heç zaman olmamışdı. Lakin kənd sakinləri “Turan”a bildiriblər ki, yola qalın asfalt qatı çəkilib, ancaq bunun altında köhnə, deşilmiş su boruları qalıb, yağış mövsümündə təzyiq altında su yola tökülür. Borular təmir olunmayıb, onların üzərinə asfalt döşəyiblər, elə indi də borularda çox su olanda yeni asfaltın altından axır. Kəndlilərin fikrincə, bu o deməkdir ki, yeni asfaltın bir, uzaqbaşı iki il ömrü var. Yağış axınları, qar və buz asfaltı qaldıracaq, onun altında sel suları axacaq və qara asfalt plitələrini yuyub aparacaq. Ağır yük avtomobilləri isə qalan örtüyü məhv edəcəklər”, - deyə bildirilib.

Anar Nəcəfli ile ilgili görsel sonucu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki,  yazılanlar həqiqətə uyğun deyil:

“Nədənsə həmişə demokratiyadan və düzgünlükdən dəm vuran həmin insanlar və onların təmsil etdikləri saytlar bu informasiyanın nə qədər doğru olub-olmadığını aydınlaşdırmağa belə cəhd etməyiblər. Təbii ki, yaydıqları informasiyanın düzgün olmadığını, qərəzli olduğunu bildikləri üçün belə ediblər. Bunu etməkdə isə bir məqsədləri olub - vətəndaşlar arasında çaşqınlıq yaratmaqla yenə də anti-Azərbaycan qüvvələrin ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi apardıqları çirkin oyuna dəstək verməkdir. Bu və bu kimi məlumatları yayan insanların sosial şəbəkələrdəki səhifələrinə, onların təmsil etdikləri xəbər saytlarına nəzər yetirdikdə bunu əyani şəkildə görmək mümkündür.

Amma buna baxmayaraq, yenə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq biz məlumatı dəqiqləşdirməmiş yayan, bununla da “Jurnalistlərin Peşə Davranış Qaydaları”nı və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun tələblərini pozmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri üzrə məsuliyyət daşıyan həmin insanlara və onların təmsil etdikləri xəbər saytlarına rəsmi olaraq bildiririk ki, nə Şəki rayonunun Üzümçülük kəndində, nə Şəki rayonunun digər kəndlərində və ümumiyyətlə, Azərbaycanda belə bir yol yoxdur..."

A.Nəcəfli Qax rayonunun İlisu kəndində çəkilən yol barəsində səslənən iddialara da cavab verib: “Sözügedən xəbər saytlarında Qax rayonunun İlisu kəndinin yolunun yenidən qurulması işlərinə kölgə salacaq yenə də dəqiqləşdirilməmiş, yalan və qərəzli məlumat verilib. Bununla bağlı da bildirmək istəyirik ki, kənd, qəsəbə, rayon və şəhərlərdə kommunikasiya xətləri yolun altı ilə keçir. Yolda təmir işləri aparılmamışdan öncə həmin kommunikasiya xətlərinə cavabdeh olan aidiyyəti qurumlara müraciət olunur. Əgər istənilən kommunikasiya xəttinin təmirinə, dəyişdirilməsinə və ya ləğvinə ehtiyac varsa, aidiyyəti qurum tərəfindən bu işlər həyata keçirilir və daha sonra bizə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verilir. Məlumatdan sonra artıq həmin ərazidə yolun təmiri və ya yenidən qurulması işlərinə başlanılır. Təmir və yenidənqurma işlərindən sonra isə sözügedən kommunikasiya xətlərində baş verə biləcək problemə görə artıq aidiyyəti qurum məsuliyyət daşıyır.

Çəkilən asfaltın keyfiyyətsiz, qalınlığının standartlara uyğun olmaması ilə bağlı iddialara gəlincə, bildirmək istəyirik ki, avtomobil yollarında təmir-tikinti işləri yolun texniki dərəcəsinə uyğun parametrlər üzrə və “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Bunu asanlıqla yerində və ya laborator şəraitdə yoxlamaq mümkündür.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bu cür yalan və qərəzli məlumatları yayan şəxslərdən xahiş edirik ki, yazılanları nəzərə alsınlar və bundan sonra vətəndaşlar arasında çaşqınlıq yaratmaqla ölkəmizin nüfuzunu beynəlxalq ictimaiyyət qarşısında aşağı salmaq kimi aparılan çirkin oyuna dəstək verməmişdən öncə məlumatları dəqiqləşdirsinlər".

Yeniavaz.com isə xəbər verir ki, həmin fotonu 15 iyul 2019-cu il tarixində braziliyalı twitter istifadəçisi Andrea adlı xanım öz səhifəsində paylaşıb. Andrea paylaşımında fotonu özünün çəkdiyini qeyd edib. Gənc xanımın səhifəsindəki şərhlərə nəzər saldıqda şəklin Şəkinin Üzümlük kəndində yox, Braziliyada çəkildiyi məlum olur.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR