İnsanlara hürriyət, millətlərə istiqlal!

5 il SSRİ-nin “çörəyi” ilə böyüyən ABŞ prezidenti – Xruşov ona “köhnə sibirli” deyə müraciət edib...

4029 27.08.2023 19:15 Gündəm A A

Ötən saylarımızda ABŞ prezidentlərinin SSRİ-yə rəsmi səfərləri haqqında yazıda qeyd etmişdik ki, Amerikanın birinciləri sovetlər ölkəsində cəmi dörd dəfə rəsmi səfərdə olublar – 1972, 1974, 1988, 1991-ci illərdə. Bu səfərlərdən öncə isə ABŞ-ın yüksək dövlət səviyyəsində nümayəndə heyəti vitse-prezident Riçard Niksonun başçılığı ilə 1959-cu ildə SSRİ-yə təşrif buyurub. Araşdırmaçıların qənaətinə görə vitse-prezidentin kommunistlər ölkəsinə səfəri prezidentlərin səfərindən daha “maraqlı” keçib. Ən yadda qalan hadisələr isə 11 günlük səfərin Sibirdə keçirilən 3 gününüdə baş verib...

Əvvəlcə qeyd edək ki, tərəflər arasında gərginliyin hökm sürdüyü bir dövrdə hər iki tərəf, həm ABŞ, həm də SSRİ bu görüşə altı ay hazırlıq işləri görüb. Amerikalı vitse-prezident bu səfərə hazırlaşarkən gündəlik iş rejiminə dəyişiklik də edib. Belə ki, Nikson SSRİ ilə bağlı nə az, nə çox, düz 132 sənədlə tanış olub. Bununla yanaşı o, rus dilində bəzi sözləri də öyrənməyi vacib sayıb.

Nikson-na-ulitse.jpg (136 KB)

Moskvada keçirilən rəsmi və qeyri-rəsmi görüşlərdən sonra Nikson nümayəndə heyəti ilə birgə Sibirə, Sverdlovsk vilayətinə yollanıb. Vitse-prezident bu bölgədə ilk görüşünü Ural Maşınqayırma Zavodunda (Uralmaş) keçirib. Proqram əvvəlcədən bəlli olduğundan qonağın gəlişinə ciddi hazırlıq görülüb. Həmin dövrdə Uralmaşın qaynar sexlərində təxminən 22 min qadın işləyib. Niksonun zavoda gəldiyi gün həmin qadınların hamısını sexlərdən çıxarıblar. SSRİ rəhbərliyi sovet qadınlarının ağır fiziki işdə işləmələrini amerikalı qonaqlardan gizlətməyə çalışıblar. Nikson protokol və təhlükəsizlik qaydalarından çıxaraq zavodun işçiləri ilə daha yaxın ünsiyyət qurub. Vitse-prezidenti zavodun direktoru Pyotr Malaxaev müşayiət edərək zavod haqqında ona ətraflı məlumat verib, sexləri gəzdirib. Görüşdə sıravi fəhlələr daha böyük fəallıq göstəriblər. 23 yaşlı qeydiyyatçı Olqa Andropova isə Niksonu təəccübləndirməyi bacarıb:

  • Mən sizə yoldaş deyə müraciət edəcəyəm, bizdə belə qəbul olunub. Yoldaş Nikson, siz heç nə ilə fərqlənmirsiniz. Bizim kişilər sizdən daha yaraşıqlıdır. Amma mən tamam başqa cür təsəvvür edirdim.

Tərcüməci Andropovanın dediklərini Niksona çatdırdıqdan sonra vitse-prezident qəhqəhə çəkərək cavab verib:

  • Onda mənə yaxınlaşın, şəkil çəkdirək. Bir dəfə də yarışıqlı olmayan adamla fotonuz olsun.

Vitse-prezidentlə qeydiyyatçı şəkil çəkdirib. Görüşdən sonra fotolent DTK əməkdaşları tərəfindən götürülüb və Olqa Andropovaya ciddi tənbeh olunub.

Nikson-v-shahte.jpg (120 KB)

Nikson zavodun ərazisindən yaxınlıqdakı kiçik şəhərciyi xatırladan baraklara nəzər salıb. İlk baxışdan da görünüb ki, bu daxmalarda heç bir normal yaşayış tərzindən söhbət gedə bilməz. O, zavod direktorundan bu daxmalar haqqında soruşanda Malaxaev daha “ağıllı” cavab verib:

  • Bu ərazidə bizim yardımşı təsərrüfat yerləşir. Biz orada işçilərimiz üçün donuz saxlayırıq.

Nikson bu anlaşılmaz cavaba antenaları göstərərək atmaca ilə cavab verib:

  • Bax, bu əsl inkişafdır, tərəqqidir. Sizin donuzlarınız hətta televizora da baxırlar.
  • Yox, onlar televizora baxmırlar. Biz sadəcə donuzlar üçün tez-tez klassik musiqilər səsləndirirk. Bu məhsuldarlığı artırır.

Nikson-u-RMMZ.jpg (109 KB)

Sonra Nikson Beloyarsk Atom Elektrik Stansiyasında olub. Qısa gəzintidən sonra onu stansiyadakı muzeylə də tanış ediblər. Muzeydə atın polad boru daşıması maketi Niksonun diqqətini çəkib və amerikalı siyasətçi yenə də atmacasından qalmayıb:

  • Ruslar atom elektrik stansiyasını atla inşa edir!!!

Sibirlilər amerikalı qonağa böyük maraq göstəriblər. Bu maraq hətta o dərəcəyə çatıb ki, ABŞ-ın nümayəndə heyətinin nahar etdiyi restoranın qarşısında izdiham yaranıb. Nikson bu marağa laqeyd qalmayıb. O, restoranın qarşısına çıxaraq onları salamlayıb. İzdihamın içərisindən bir nəfərin daha ucadan qışqırması isə onun diqqətindən yayınmayıb. Nikson tərcüməçidən həmin şəxsin nə dediyini soruşub. Vitse-prezidentə bildiriblər həmin şəxs ad günü olduğunu bildirir. Nikson onu yanına çağırıb, cibindən qələm çıxararaq ona hədiyyə edib.

Sibir səfərinin üçüncü günündə vitse-prezidentin avtomobil karvanı əvvəlcədən planlaşdırmış marşrut üzrə hərəkət edəndə Nikson qəfil marşrutu dəyişmək göstərişini verib – “Deqtyarsk şəhərinə sürün”. SSRİ tərəfindən Niksonu müşayiət edənləri vitse-prezidentin qəfil marşrutu dəyişməsindən daha çox, okenaın o tayından gələn siyasətçinin kiçik bir şəhərin adını çəkməsi təəccübləndirib. Niksonun istəyi yerinə yetirilib. Avtomobil karvanı Deqtyarsk şəhərinə istiqamət alıb.

имс.jpg (95 KB)

Nikson Deqtyarskada kiçik ekskurs etdikdən sonar mis mədənlərinə gedib, dərin şaxtalara düşüb, şaxtaçılarla səmimi söhbət edib. Söhbət zamanı o bildirib ki, uşaqlıq vaxtında o, bu mədənlərin arasında futbol oynayıb, pişik qovalayıb, bir müddət yaxınlaqdakı kiçik daxmaların birində yaşayıb.

Elliott Erwitt, Moscow, (Nikita Khrushchev and Richard Nixon), 1959 | Print  Sales Gallery | The Photographers' Gallery

Məlum olub ki, Niksonun valideynləri 1925-1930-cu illərdə məhz bu ərazidəki mis yataqlarını istismar edən şirkətdə işləyiblər. Elə bu səbəbdən də Moskvaya qayıtdıqdan sonar Xruşov ona zarafatla  “köhnə sibirli” deyə müraciət edib.

İlham Cəmiloğlu,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR