Futbol üzrə Dünya Çempionatı 2026-nın başlamasına 9 gün qalır. Bu idman bayramı yaxınlaşdıqca həyəcan pik həddə çatır. Hazırda mundiala vəsiqə qazanan ölkələrin milliləri güclərini yoldaşlıq oyunları ilə sınaqmaqdadır.
1930-cu ildən başlayaraq təşkil olunan bu mötəbər turnirə iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanada ev sahibliyi edəcək. Dünyanın ən nüfuzlu futbol yarışı sayılan bu Dünya Çempionatı Meksika-Cənubi Afrika oyunu ilə başlayacaq. Qarşılaşma tarixi "Estadio Azteca" stadionunda keçiriləcək.
Bu gün futbol ictimaiyyətində əsas müzakirə mövzularından biri Dünya Çempionatı 2026-da favoritlərin kim olacağı və sürpriz nəticələrin mümkünlüyüdür. Hazırda bu yöndə sorğular təşkil olunmaqdadır. Son olaraq, dünyanın ən nüfuzlu futbol statistika və analitika şirkətlərindən biri olan "Opta"nın 10 min simulyasiya əsasında hazırladığı proqnoz bu müzakirələrə yeni rəqəmlər əlavə edib.
Hesablamalara görə, Türkiyə millisinin dünya çempionu olmaq ehtimalı cəmi 0,9 faizdir. Bununla belə, ay-ulduzluların qrup mərhələsini keçərək 1/4 finala yüksəlmək şansı 16,9 faiz olaraq qiymətləndirilir. Türkiyə D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq və turnuvadakı ilk sınağını iyunun 14-də Avstraliya yığmasına qarşı verəcək.

"Opta"nın proqnozunda əsas favorit kimi İspaniya göstərilir. Fransa, İngiltərə və son dünya çempionu Argentina da kubokun əsas namizədləri sırasında yer alır. Lakin dünya çempionatlarının tarixi göstərir ki, statistika və ehtimallar hər zaman son nəticəni müəyyən etmir. Futbol sürprizləri sevən oyundur və bəzən ən güclü hesab edilən komandalar gözlənilmədən mübarizəni erkən dayandırır, favorit sayılmayan kollektivlər isə tarix yazır.
Hazırda azərbaycanlı futbolsevərlərin, bütövlükdə türk dünyasının diqqəti ən çox qardaş Türkiyə üzərindədir.
Türkiyə millisi bütün proqnozları alt-üst edərək dünya çempionu ola bilərmi? İspaniya, Fransa, İngiltərə və Argentina arasında hansı komandanın şansları daha yüksək görünür? Ümumiyyətlə, adları çəkilən bu ölkələrdən başqa şansları yüksək olan milli komandalar hansılardır və futbol dünyasını bu həyəcanlı yarışmada hansı sürprizlər gözləyir?

Tanınmış idman yazarı Natiq Muxtarlı Musavat.com-da suallarımızı bu cür cavabladı:
"Dünya çempionatı digər bütün turnirlərdən fərqlənir. Bəlkə də yeganə turnirdir ki, burada favorit hesab edilməyən komandanın qalib gəlməsi mümkünsüzdür. Ayrı-ayrı vaxtlarda Avropa çempionatında favorit sayılmayan komandalar qalib gəlib. Danimarkanın, Yunanıstanın qələbələrini xatırlaya bilərik. Amma DÇ-lərdə belə sensasiyalar olmur. Düzdür, sensasiyalı oyunlar olur, amma bunlar qrup mərhələsində, uzaqbaşı 1/8 finalda reallaşır. Amma sonda çempion yenə də favorit sayılan komandalardan biri olur. Ona görə dünya çempionatı üçün bəlkə də hamının istəyi budur: favorit hesab edilməyən komanda qalib gəlsin. DÇ-2026-da bu arzu reallaşa bilərmi? Düzü, bunu proqnozlaşdırmıram. Çünki favorit komandalar o qədər çoxdur ki, onların arasında hansısa autsayderin "sağ çıxacağına" ümid yoxdur.
Deyək ki, İspaniya sensasiyalı şəkildə məğlub ola bilər, elə İngiltərə də. Amma bütün favoritlərin - Fransanın, Argentinanın, Portuqaliyanın, İngiltərənin, Braziliyanın zərərsizləşdiriləcəyini düşünmürəm. Baxmayaraq ki, DÇ-də elə bu favoritlərlə başabaş mübarizə apara biləcək yığmalar var. Onlardan biri də Türkiyədir. Türkiyənin durumunu DÇ-2002-dəki vəziyyətlə müqayisə etmək olar. Həmin vaxt Türkiyənin heyətində gənc istedadlar cəmləşmişdi. İndi də Türkiyənin olduqca gənc və istedadlı futbolçuları var. Amma DÇ-2002-də Türkiyənin qarşısını Braziliya kəsdi. Mən o komandanın heyətində olan futbolçuları mentalitet baxımından indikilərdən daha yetkin hesab edirəm. Həmin futbolçuların əksəriyyəti "Qalatasaray"ın heyətində "bişmiş", möhkəmlənmişdilər. DÇ-yə gəlməzdən əvvəl Avropaya səs salmışdılar, UEFA kubokunun qalibi olmuşdular. Yəni bir-birlərini gözüyumulu anlayırdılar. Amma indiki nəsil ayrı-ayrı klublarda parlayıb. Bu amilləri nəzərə alaraq, Türkiyənin dünya çempionu olacağını proqnozlaşdırmaq çox çətindir. İndiki nəsil nə qədər istedadlı olsa da, bu vəzifəni yerinə yetirmək üçün hələ "bişməyib". Amma bütün hallarda Türkiyə turnirin tapıntılarından biri ola bilər. Favoritlərlə başabaş mübarizə apara biləcək 2-3 yığmadan birini də Türkiyə hesab edirəm".
İdman eksperti Norveçdən də nəticə gözləyir:
"Bu komandanın heyətindəki futbolçular Avropanın ayrı-ayrı nəhənglərinin liderləridir. Onlar bu liderlik keyfiyyətlərini okeanın o tayında da nümayiş etdirə bilsələr, Norveç millisi DÇ-2026-da çox uzağa gedə bilər. Ümumilikdə bu DÇ-nin maraqlı olacağını güman edirəm. Mundialda 48 komandanın iştirakı indiyə qədər məlumatsız olduğumuz ölkələrin futbolu ilə də tanışlıq şansı yaradacaq. Məsələn, Kurasao millisinin necə futbol oynadığını izləmək, məncə, maraqsız olmamalıdır. Belə komandaların motivasiyaya ehtiyacı yoxdur, onlar vuruşacaqlar, mübarizə aparacaqlar. Vuruşmaq, mübarizə aparmaq isə rəğbət formalaşdırır. Kurasao kimi ölkələrin DÇ-də iştirakı Azərbaycan üçün də motivasiya olmalıdır. Anlamalıyıq ki, mümkünsüz heç nə yoxdur, sadəcə iş görmək lazımdır. İş görülərsə, nəticə mütləq olur.

DÇ-2026-nın qalibinin kim olacağından asılı olmayaraq, bizi maraqlı, həyəcanlı bir mundial gözləyir. Həm zövq almaq, həm də öyrənmək üçün əla fürsət olacaq bu mundial. Qoy azarkeşlər futboldan zövq alsın, Azərbaycan futboluna rəhbərlik edənlər də necə işləmək lazım olduğunu öyrənsinlər".
Cavanşir Abbaslı
Musavat.com






