İnsanlara hürriyət, millətlərə istiqlal!

37 yaşlı Rövşanə: “20 yaşımda çılğın idimsə...”

9559 06.05.2016 15:31 Media A A


Bu  gün  ANS-də yayımlanan “Yoldaş Rövşanə” verilişinin aparıcısı olan Rövşanə  Ağasəfqızının doğum günüdür. O, 37 yaşını qeyd edir. 

Musavat.com doğum günü təəssüratını öyrənmək üçün teleaparıcı ilə əlaqə saxlayıb. Hisslərini bölüşən Ağasəfqızı bildirib ki, xanım olaraq xoşbəxtdir: “Qızım, ailə üzvlərim, dostlarım dünən gecədən təbrik edir. 30 yaşı keçəndən sonra bəzən insanlar yaşlarını gizlədirlər, mən isə bunu sevmirəm. “Qadından yaş soruşmazlar”  fikri ilə razı deyiləm. Əslində, qadın göründüyü yaşdadır. Mənim üçün  yaşın artması önəmlidir, çünki müdriklik, səbir, təmkin gətirir. 20 yaşında çılğın, emosional, səbirsizsənsə, illər insanın ruhuna, düşüncəsinə, ağlına təmkinlik verir. Doğum günümü doğmaların, dostların ətrafında qeyd etməyi sevirəm. Bu əzizləri bir yerə yığmaq üçün bəhanə olur. İl boyu işləyirik, dostlarla görüşmək imkanı olmur, artıq sosial şəbəkə ünsiyyət vasitəsinə çevrilib. Yaxınlarımla dərdləşmək, söhbət etmək üçün özümün və qızımın doğum gününü qeyd edirəm. Bu mənə xoşdur. Hazırda özümü xoşbəxt hiss edirəm”.

Teleaparıcı “37 yaşınızda sənətinizdə istədiyiniz pillədəsiniz?” sualına belə cavab verib: “Mən peşəmi çox sevirəm. Sevdiyim peşə ilə məşğulam. Universitetlərin birində dərs deyirəm, tələbələrlə, gənclərlə ünsiyyətdə oluram, onların gənc ruhu, enerjisi məni cavan saxlayır. Düşünürəm ki, sənətimdə istədiyim yerdə - nöqtədəyəm. Sevmədiyim peşə ilə məşğul olub ondan zövq almaya bilərdim. Bu mənə xoş olmazdı. İndi isə hər şey mənim istədiyim kimidir”.

R. Ağasəfqızı həmkarı Kamran Həsənlinin telekanallar haqda səsləndirdiyi tənqidi fikirlərə də münasibət bildirib: “O telekanalların toyxanadan ibarət olduğunu düşünürsə, onu qınamaq olmaz, şəxsi fikridir. Mən də zaman-zaman televiziyamız haqda  müxtəlif fikirlər səsləndirirəm.  Bu gün ANS telekanalı ciddi formata köklənib, işini bu yolda qurur. Bu alqışlanası haldır. Tamaşaçı şoudan, toy müğənnilərindən və onların bayağı danışığından, fikirlərindən bezib. Toy müğənniləri, ətəyi qısa, sinəsi açıq şəxslər vasitəsilə reytinq yığmaq dönəmi bitib, onlarla tamaşaçını təəccübləndirmək olmur. İndi tamaşaçıya normal informasiya çatdırmaq lazımdır. Mən başqa telekanallar barədə heç nə deyə bilmərəm.  ANS haqda  deyə bilərəm ki, format dəyişikliyi göz qabağındadır və biz tamaşaçının maariflənməsinə, doğru məlumat almasına xidmət edirik. Şou proqramın da öz yeri var, kimisə o verilişlərə görə qınamaq olmaz. Seçim  tamaşaçının pultundadır, istədiyi proqramı seçib baxacaq.  Əsas odur ki, tamaşaçıya məlumatı düzgün, dəqiq, qərəzsiz çatdırasan. Bu yükü ANS çiynində daşıyır”.

Könül İbrahim,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR