İnsanlara hürriyət, millətlərə istiqlal!

23 cəllada məzar olmuş "Sahil bağı"... - "ParklarıMIZ", FOTOLAR

6696 03.05.2015 16:25 Proje A A
Son illərdə Bakının mərkəzi hissəsində intensiv tikinti işləri aparılır. Artıq köhnə Bakıdan demək olar ki, əsər-əlamət qalmayıb. 

Köhnə Bakının simvolları sayılan tikililər, park və meydanlar ya sökülür, ya da yenidənqurma adı ilə görkəmləri tamamilə dəyişdirilir. Bunlarla yanaşı, həm də, yeni parklar salınır, köhnələri yenilənir. Bəzi park və bağlar isə diqqətdən kənar qalır və ya istirahət yeri olaraq yox, başqa məqsədlər üçün istifadə edilir.

Musavat.com saytı olaraq, yeni layihəyə başladıq. "ParklarıMIZ" projemizdə oxucularımızı paytaxt Bakıda yerləşən yeni və köhnə parklarla yaxından tanış edəcəyik. Parkların yaranma tarixi, onlara qoyulan adların səbəbləri, xərclənən vəsaitlər haqqında məlumatları sizlərlə bölüşəcəyik. 

Bu dəfə sizə əsl adı "Sahil bağı" olan, amma hər kəsin "26-lar bağı" kimi tanıdığı ərazidən bəhs edəcəyik. 

İnsanlar arasında sorğu keçirsək, bəlkə də bu bağa nə üçün "26-lar" adı verildiyini bilməyəcəklər. Bu yazımızla onlara bu tarixi bağ haqqında məlumat verməyə çalışacağıq. 

Nə üçün "26-lar"..? Bəlkə də səbəbini bildikdən sonra bu bağa bir də "26-lar bağı" deməyəcəksiniz.


Tərkibində bolşeviklər və solçular olan "Xalq Komissarları Soveti” (XKS) 1918-ci ildə Bakıda mart soyqırımından sonra hakimiyyətə gəlirlər. Bu sovet 25 aprel 1918-ci ildə yaradılıb. Sovetin sədri o vaxt Qafqaz fövqəladə işləri üzrə icraçı və Bakı şurasının sədri olan Stepan Şaumyan (Stepan Georgiyeviç Şaumyan (13 oktyabr 1878 – 20 sentyabr 1918) 31 mart 1918-ci il Bakı qırğınlarında azərbaycanlıların kütləvi şəkildə öldürülməsinə səbəbkar olmuş şəxs...) idi.

Soyqırımdan sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı. Şəhərin türk-müsəlman əhalisinin bir hissəsi silahlı bolşevik-daşnak dəstələrinin qırğın və talanlarından qurtulmaq üçün Mərkəzi Asiya və İrana qaçmış, qalan hissəsi isə ətraf kəndlərə dağılmışdı.


"Daşnaksütyun"un rəhbərləri yüksək vəzifəli erməni "bolşeviklər”inin himayəsi ilə özlərini Bakının əsl sahibi kimi aparırdılar. Bakıda erməni-bolşevik siyasi partiyalarının mətbuat orqanlarından başqa bütün qəzet və jurnallar bağlanmışdı. Yeni yaradılan əmək komissarlığı, ərzaq direktoriyası, bütün nəqliyyat bolşeviklərin sərəncamına keçmişdi. Bütün milli şuraların fəaliyyəti qadağan edilsə də, Erməni Milli Şurası fəaliyyətini davam etdirirdi. Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti yaradıldı.

Sol eserlər, sağ eserlər, menşeviklər və daşnaklardan ibarət olan bu kommunada bolşeviklər azlıq təşkil edirdi. Kommunada azərbaycanlıların təmsil olunmaması tarixçi Yakov Ratqazauerin fikrincə, bolşeviklərin onlara "inqilabi nöqteyi-nəzərdən yetkin olmayan kütlə" kimi baxmaqları idi.


Buna səbəb həmçinin daşnakların çoxluğa sahib olması, hərbi qüvvələrin 70 faizinin erməni zabit Z.Avetisyanın əmrində olması idi. 

Mart soyqırımından sonra da müsəlman əhaliyə qarşı əvvəlki kimi qəddar düşmənçilik münasibəti bəslənilirdi. S.Şaumyan qarşısına "demokratiya" və "xalq hakimiyyəti" pərdəsi altında Azərbaycanı azərbaycanlılardan təmizləmək, onun yeraltı, yerüstü sərvətlərini çapıb-talamaq, torpaqlarını qəsb edib "Böyük Ermənistan" dövləti yaratmaq xülyasını reallaşdırmaq vəzifəsi qoymuşdu. O, BXKS-nin fəaliyyətini də bu məqsədə yönəltmişdi. BXKS Moskvanın birbaşa göstərişi ilə neft sənayesini milliləşdirdi və Bakı nefti Rusiyaya nəql olunmağa başladı. 


Bakı Soveti Fətəli xan Xoyskinin başçıllıq etdiyi Bakı şəhər Dumasını buraxaraq, Zaqafqaziya Seymini əksinqilabi qurum elan etdi. Moskva bütün vasitələrlə BXKS-ni hərbi-siyasi cəhətdən qüvvətləndirməyə çalışırdı. Bakıda isə BXKS ordusunun erməniləşdirilməsi prosesi gedirdi. 

BXKS ordusuna komandanlıq edən Z.Avetisyan, N.Qararyan, Hamazasp və başqaları, azərbaycanlılara qarşı ifrat vəhşiliyi ilə ad çıxarmış "qaniçən"lər idilər. BXKS-ni istər milli tərkibi, istər yerli azərbaycanlılara qarşı yeritdiyi milli düşmənçilik və dözümsüzlük siyasəti Moskvanı tam qane edirdi. 

Belə ki, Moskva Bakının neftini, bütövlükdə Cənubi Qafqazı öz əlində və nüfuz dairəsində saxlamaq üçün bu antiazərbaycan hakimiyyət rejiminə özünün təsir mexanizmi kimi baxırdı. BXKS-nin qarşısına qoyduğu ən böyük vəzifələrdən biri də Gəncəyə hücum edib, Azərbaycan Xalq Cümhuriyyətini devirmək idi. 


Lakin iyunun 27-si ilə iyulun 1-i arasındakı dörd günlük gərgin vuruşma cəbhənin taleyini həll etdi. Bu döyüşdə xalq könüllüləri, Azərbaycan və türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu BXKS qoşunlarını məhv edərək, Bakı istiqamətində hərəkətə başladı. 

Bakıda hakimiyyəti zorakı yolla zəbt edən Bakı Sovetinin üzvləri dövlət əmlakını mənimsədiyi üçün "Sentrokaspi" (1 avqust 1918-ci ildə Bakı şəhərində daşnaklar və menşeviklər tərəfindən qurulmuş və tanınmamış bir dövlət... Bakı Kommunasını devirən diktatura cəmi 45 gün hakimiyyətdə qalıb) hökuməti tərəfindən həbs edildi. 

Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad edən zaman həbsdə olan Bakı Soveti rəhbərliyi Bakını tərk etməyə cəhd etdi. Eserlər tərəfindən həbs edilən Bakı Soveti rəhbərliyi sentyabrın 20-də Türkmənistanda güllələndi. Cəsədləri Bakıya gətirilən komissarlar 1920-ci ildə Bakıda dəfn olundular. Onların dəfn edildikləri yer, indiki "Sahil bağı"dır. Bu bağa "26-lar" deyilməsinin də səbəbi budur. 


Belə ki, SSRİ dövründә bu әrazidә park salınır, parka “26 Bakı komissarı” adı verilir və onların şәrәfinә abidә qoyulur. Hər şey bununla da bitmir. “26 Bakı komissarları”nın güllələnməsinin 50 illiyi ilə bağlı olaraq, Moskvada bir küçəyə ad verilir. Küçənin baş tərəfində “komissarlar”ın azərbaycanlı heykəltaraş Zeynalov tərəfindən hazırlanan heykəli qoyulur. Rus şairi Serqey Yesenin “Bakı komissarları”na həsr olunmuş "26-lar haqqında ballada" yazır. SSRİ dağıldıqdan, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra "26 Bakı komissarları"nın fəaliyyətinə yenidən qiymət vermək mümkün olur və beləliklə, erməni-rus komissarlarının Azərbaycan tarixindəki mənfi rolu aydın olur.

Uzun müddət baxımsız qalan "26 bakı komissarı" heykəli 12 yanvar 2009-ci ildə Bakı şəhəri İcra Hakimiyyətinin qərarı ilə sökülür. “Komissarlar”ın cəsədlərinin qalıqlarının başqa yerə köçürülməsi zamanı qəbrdə yalnız 23 nəfərin cəsədinin olması aşkarlanır.


Ekspertlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, cəsədlər arasında Şaumyan və Əmiryanın, həmçinin Avakyanın qalıqları yoxdur. Bu isə həmin şəxslərin qaçması haqqında məlum olan şaiyələrin heç də əsassız olmadığını deməyə imkan verir.

Bu bağın adı və tarixi çox maraqlıdır. Bundan əlavə "Sahil bağı"nın adı bu günə kimi dəfələrlə dəyişdirilməyə çalışılıb. 

"Hürriyyət bağı" - Bu bağa ilk olaraq "Hürriyyət bağı" adı verilməsi və "Nuru Paşa"nın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki "Sahil bağı"nın yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə "Hürriyyət meydanı" adını verməsi göstərilib. 

"Cümhuriyyət Bağı" - Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə "Sahil bağı"nda abidə qoyulması və bağın adının “Cümhuriyyət Bağı" adlandırılması haqqında da təkliflər olub. 


"Sahil bağı" yaddaşlarda digər hadisələrə görə də qalıb. Misal üçün adıçəkilən bağ bir müddət öncə dəhşətli bir qətlin məkanı da olmuşdu. İlin əvvəllərində bağda itini dolaşdıran gənclə, başqa bir şəhər sakini arasında mübahisə yaranmış və nəticədə itin sahibi olan Həsən Həsənov qətlə yetirilmişdi. Günlərlə ölkə gündəmini zəbt edən hadisənin bu bağda baş verməsi təsadüfdürmü?

Bu bağ həm də siyasi tədbirlərə də ev sahibliyi edib. Belə ki, "Sahil bağı"nda dəfələrlə aksiya və mitinqlər keçirilib. Onlar arasında yaddaşlarda qalanlardan biri "İsmayıllıya dəstək" aksiyası idi. Bu aksiya zamanı yüzə yaxın gənc saxlanılmışdı. 

Bağın tarixi haqqında bu qədər bəs edər. Keçən indiki durumuna... Ərazisi 22 min kvadratmetr olan bu istirahət guşəsində 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb. 


Bağın 12 min kvadratmetr ərazisinin asfalt örtüyü ləğv edilərək, onun yerinə Braziliya, İsveç, Çin və İtaliyadan gətirilən qranit-mərmər döşənib. Burada, həmçinin müxtəlif hava şəraitinə davamlı materialdan hazırlanmış oturacaqlar qoyulub. Bağdakı ağaclar və güllərin böyük hissəsi Hollandiyadan gətirilib. İşıqlandırma sistemində isə İtaliya istehsalı olan avadanlıqdan istifadə edilib. 

Gördüyünüz kimi, bir parkın əsaslı təmirində istifadə olunan demək olar ki, bütün materiallar və təchizatlar xarici ölkələrdən gətirilib. Bu da Bakıdakı parkların nə qədər böyük maliyyə hesabına başa gəldiyini sübut edir. 


Hansı ki, adıçəkilən qurğular, materiallar və həmçinin dekorasiyalar bizim ölkəmizdə də istehsal edilə bilərdi. Bu zaman parklara xərclənən pulların miqdarı ən azı yarıya qədər azala bilər. 

Parkın geniş və təmiz olması insanların buraya axın etməsinə səbəb olur. Geniş ərazini ən çox sevən balaca uşaqlardır. Çünki onların qaçması və əylənməsi üçün bu belə, bəs edir. 

Məhəmməd Türkmən,
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR