İnsanlara hürriyət, millətlərə istiqlal!

14 günlük karantin öncəsi Sədərək Ticarət Mərkəzində insan izdihamı FOTO REPORTAJ

4236 20.06.2020 18:44 Reportaj A A

Alıcılar daha çox bu malları alırlar

Paytaxt Bakı başda olmaqla ölkənin bir çox şəhərlərində tətbiq olunacaq 14 günlük karantin rejimi bir çox sahələrin də fəaliyyətini məhdudlaşdıracaq. Bu siyahıya öncüllük edən məkanların başında ticarət mərkəzləri gəlir.

Musavat.com-un əməkdaşı paytaxtın ən iri ticarət mərkəzlərindən olan Sədərək Ticarət mərkəzində olub.

Fotolardan da gördüyünüz kimi, ticarət mərkəzinə gedən yol tıxacla müşayiət olunurdu. Bu da insanların karantin öncəsi alış-veriş istəyinin güclü olmasından xəbər verirdi. Dəqiqələrlə davam edən tıxacdan sonra təbii ki, ticarət mərkəzi qarşısındakı parkinqlərdə sıxlıq olduğunu müşahidə etdik. Alıcı seli daha çox ticarət mərkəzinin "şirniyyat" adlandırılan hissəsində özünü göstərirdi. Ev əşyaları, bağ əşyaları, məişət texnikası...insanların ən çox tələbat duyduğu məhsullar sırasında idi.

 

"BİR SAATA 5 YELLƏNCƏK SATDIM"

Ticarət mərkəzinin bağ əşyaları adlanan bölümündə "iynə atsan yerə düşməzdi". İnsanlar burada daha çox yelləncək, şezlonq, stol-stul dəsti, iri zontikləri alırdılar. Mehman adlı satıcı bildirib ki, 14 günlük karantin olacağı xəbəri çıxan gündən insanlar bura axın edirlər. Onun sözlərinə görə, çox adam artıq yay istirahəti planından vaz keçiblər: "Son bir saata 5 yelləncək satmışam. Söhbət uşaq yelləncəyindən yox, iri, döşəkli yelləncəklərdən gedir. Onların da qiyməti 300 manatdan başlayır. Ta ki, 1400 manata qədər. Hamı bilir ki,daha çox evində olacaq, bayıra, dənizə, istirahətə gedə bilməyəcək. Ona görə də evində rahatlığını düzəltmək istəyir".

"REZİN HOVUZ ALANLARIN SAYI ÇOXALIB"

Rezin hovuzların satıcısı da bildirdi ki, iyun ayı başlayandan satış rekord həddə çatıb. Xüsusən həyət evində yaşayan insanlar qiyməti 100 manatdan başlayan, 300-400 manata qədər artan, 1 tonluq su tutumu olan hovuzları almaq üçün yarışa girirlər: "Millət karantinlə ayaqlaşmağa çalışır. Bilirlər ki, evdən çıxmaq çətin olacaq. Yayda evdə durmaq da əzabdı. Ona görə dörd divar arasında yaşayanlar, həyət evi, bağı olanlar həyatlarını belə asanlaşdırmaq istəyirlər".

Müsahibimiz deyir ki, artıq satıcılarla qiymət sövdələşməsi etmirlər. Çünki bilirlər ki, müştəri bunu almağa məcburdu, üstəlik vaxt da yoxdur: "Mən bilirəm ki, müştəri bura hovuz, hovuz aksesuarları almağa gəlib. Sabahdan da bütün mağazalar bağlanır. Məcburdu almağa. Mən niyə onun dediyi qiymətə satım ki bu malı?"

"ENDİRİM ETMİRİK, ÇÜNKİ...."

Ətrafdakı satıcılar da onun dediyinə dəstək verdilər.

Əməkdaşımızın "biri var ucuz qiymətə satasan, biri də var 15 gün gəlirsiz qalasız. Məntiqlə daha ucuza satmalı deyilsiz? Axı karantin də uzana bilər?!" sualına cavabında isə satıcılar bildirdilər ki, onların satışla bağlı problemi yoxdur: "Mallarımız instaqram səhifəmizdədir. Onlayn satış üçün müraciətlərin əlindən bezar olmuşuq. Karantin günlərində mallarımızı onlayn satacağıq. Çünki bu yayın sonuna qədər satdıqlarımıza ehtiyac çox olacaq. Niyə endirim edək ki? Sərf eləmir axı".

Satıcılar isə bu karantin məhdudiyyətlərinin onlara tətbiq olunmasından gileyləndilər. Onlar bildirdilər ki, sanki bütün karantin qaydası onların qapadılması üçün nəzərdə tutulub. "Bizə 190 manat da düşmür. Nə yeyib, içəcəyik?" - bu sualı isə ayaqqabı satışı ilə məşğul olan Ramin adlı satıcı dedi.

Onun sözlərinə görə, karantin qaydalarına ən çox onlar riayət ediblər: "Burda polis var, nəzarət edirdi maska taxılmasına. Biz də yoluxmamaq üçün hər müştəri gəlib gedəndən sonra əlimizi spirtlə dezinfeksiya edirik".

Dibçək, ağac satışı ilə məşğul olan Nailə adlı satıcı isə dedi ki, onlar ötən karantin zamanı çalışıblar. Çünki burada çiçək, ağac satışıdır və buranı qıfıllayıb getmək olmaz: "Bu boyda ağaclar, güllər, çiçəklər quruya bilər. Buranı bağlamaq mümkünsüzdür. İnsanlar isə bu günlərdə bağ üçün ağac, gül, çiçəkləri çox alırlar. Bir çox adam evdədir, işə gedən isə azdır. İnsanların çoxu bağ-bağatla məşğul olur. Bəzən də telefonla çoxlu sayda ağac, çiçək, qazon sifariş verirlər. Aparır, yerində həll edirik işləri. O daha sərfəlidir".

Sevinc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR