1000 manatdan az maaş alanlar ümumiyyətlə, vergidən azad olunsun. Bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında Vergi Məcəlləsi və bir sıra qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili qeyd edib:
"2500 manata qədər maaş alan şəxslər üçün artıq 3 faiz vergi dərəcəsi müəyyənləşdirilib. Mən hesab edirəm ki, 1000 manata qədər maaş alanlar ümumiyyətlə bütün növ vergilərdən azad olunsunlar. Yəni burada qeyd olunsun ki, 1000 manatdan 2500 manatadək maaş alanlar üçün 3 faiz vergi dərəcəsi müəyyən edilsin. 2500 manatdan yuxarı isə indiki qayda davam etsin. Mən bunu normal sayıram".
Bəs 1000 manatdan aşağı gəlirlərin vergidən tam azad edilməsi nə qədər real ola bilər? Ümumiyyətlə, vergi güzəştinin artırılması, yoxsa maaşların artırılması - hansı daha effektiv mexanizmdir?

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb:
"Mən anlayıram bu təklifi, amma düşünürəm ki, əslində, fərqli yanaşma olmalıdır. Çünki hazırkı şəraitdə 1000 manat maaş alanla 1050 manat maaş alan arasında real fərq yoxdur. Eləcə də 1100 manat maaş alanlarla. Mövcud qiymətlər fonunda bu fərqlər hiss olunmur və əgər güzəşt yalnız 1000 manat maaş alanlara tətbiq edilərsə, 1050 manat maaş alanlara qarşı haqsızlıq yaranmayacaqmı?"
N.Cəfərli deputatın təklifinə təkliflə cavab verib:
"Mənim təklifim tamam fərqlidir: ölkədə minimum əməkhaqqı 400 manatdır. Ona görə də istənilən maaşdan əvvəlcə 400 manat çıxılmalı, yalnız ondan sonra geridə qalan məbləğə vergi tətbiq edilməlidir. Bu, daha məntiqli və daha ədalətlidir.
Məsələn, ölkədə 500–600 manat maaş alan insanlar var. 400 manat çıxıldıqdan sonra onların vergi tutulacaq məbləği çox cüzi olacaq. Eyni qayda ilə 1500 manat və ya 2000 manat maaş alanların da maaşından əvvəlcə 400 manat çıxılmalıdır, çünki bu, minimum əməkhaqqıdır. Geridə qalan hissəyə isə 3% vergi tətbiq olunmalıdır.
Bu halda həm 1000 manatadək maaş alanlarla 1100, 1200, 1300, 1500 manat maaş alanlar arasında mövcud olan ədalətsizlik aradan qalxar, həm də vergi sistemi daha şəffaf, daha sosial yönümlü olar".
Xalidə Gəray
Musavat.com






