İnsanlara hürriyət, millətlərə istiqlal!

1 yaşlı körpəsini öldürən qadından ürəkparçalayan ETİRAF

938 10.04.2023 19:03 Kriminal A A

Bakıda 1 yaşlı övladının yeməyinə zəhər qataraq öldürməkdə ittiham olunan Nərgiz Bağıyevanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən ilin sentyabrın 9-da Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü oğlu Yusifin ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Məlum olub ki, Nərgiz Bağıyeva sərbəst hərəkət etməsi, kişilərlə münasibət saxlamasına mane olduğu üçün uşağını öldürmək qərarına gəlib. O, azyaşlının yeməyinə zəhər qatıb və daha sonra uşağın ölməsi üçün evdən çıxıb. Nərgiz Nağıyeva aptekdən uşaq bezi alaraq geri qayıdanda uşağın ağzından köpük gəlsə də, ölmədiyini görüb. Bundan sonra uşağı boğaraq öldürüb.

İstintaq dövründə təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili İman Məmmədov məhkəməyə təqsirləndirilən şəxsin ərizəsini təqdim edib. Hakimin elan etdiyi həmin ərizədə qeyd olunub ki, uşaq evində böyüyüb, analıq qayğısından məhrum olub, buna görə də uşağı öldürüb. Qadın həmin ərizəsində bu cinayəti törətməkdə peşmançılıq hissi keçirdiyini də qeyd edib.

Hakim deyib ki, bu cinayəti törədən şəxslər 15 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. Hakim deyib ki, lakin qanunvericilikdə qadınlara ömürlük cəza nəzərdə tutulmayıb. Daha sonra Nərgiz Bağıyevaya sərbəst ifadə vermək üçün söz verib. Müttəhim məhkəmədə ifadə verməkdən imtina edib. Bu səbəbdən hakim onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan edib. Hakim cinayət işinin sənədləri arasında azyaşlı uşağını şəkilini nümayiş etdirib və deyib ki, bu cinayət işini ürək ağrısı ilə oxuyublar.

Nərgiz Bağıyeva istintaqa verdiyi ifadəsində göstərib ki, Ziya adlı şəxsdən nikahdan kənar oğlu olub: "Ziya adlı şəxslə tanış oldum, onunla cinsi əlaqədə oldum. Ziyadan oğlan uşağı dünyaya gətirdim. Ziya 2020-ci ildə narkotik vasitələrdən istifadəyə görə həbs edilib".

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra balıqçı dükanı işlədən Xəlil adlı şəxslə tanış olub: "Uşağa baxmaqdan bezmişdim. Uşağa baxdığım üçün özümə baxa bilmirdim, öz qayğıma qala bilmirdim. Buna görə də Xəlil ilə görüşə gedə bilmirdim. Bu səbəblərdən uşağı uşaq evinə qoymaq istədim. Lakin anam buna imkan vermədi".

Təqsirləndirilən şəxs deyib ki, hadisə günü uşaqla evdə tək olub: "Uşağın yeməyinə hidrogen peroksid qataraq ona verdim ki, ölsün. Daha sonra evdən çıxdım, inək südü almağa getdim. Geri qayıdanda uşağın ölmədiyini gördüm. Ağzından köpük gəlirdi, amma ölməmişdi. Onu əlimlə ağız-burun nahiyəsini tutdum və boğdum. Daha sonra uşağı götürdüm və Xəlilin dükanına getdim. Xəlilə uşağı öldürdüyünü demədim. Ona uşağın səhhətinin pisləşdiyini dedim. Birlikdə xəstəxanaya apardıq. Xəstəxanada uşağı müayinə etdilər və öldüyünü bildirdilər".

Daha sonra hüquqi varisin nümayəndəsi, həmçinin təqsirləndirilən şəxsin anası Leyla Bağıyeva ifadə verib. O deyib ki, mərhum Yusif Ziyanın övladı olub. Onun sözlərinə görə, uşaq dünyaya gələndən sonra Ziya ona baxmayıb.

Leyla Bağıyevanın sözlərinə görə, azyaşlı Yusifə qızı yox, onun özü baxıb: "Mən kafedə qabyuyan işləmişəm, uşaq həmişə yanımda olub. Hadisə günü qızım yanıma gəldi. Bildirdi ki, evdə təkəm, uşağı ver, aparım baxım. Dedi ki, evdə təkəm, darıxıram. Uşağın dili açılmışdı. Nənə, baba deyirdi. İki saatın güdazına getdi. Hadisə vaxtı evdə olmamışam. Sonradan bildim ki, uşaq ağlayıb, o da zəhərləyərək öldürüb".

Hüquqi varis qeyd edib ki, qızı Nərgiz uşaq dünyaya gətirmək üçün 7 il zülm çəkib: "Amma qızım öz övladını asanlıqla öldürdü. Qızımın başında da problemləri var idi. Amma ciddi deyildi. Buna görə də uşağı onun yanında qoymurdum. Mənim qızımın başına Ziya, Xəlil oyun açıblar. Yetimlər evində böyüyən bır qızın başına oyun açmaq cinayətdir. Onların barəsində polisə şikayət etdim. Amma şikayətimə baxan olmadı. Dedilər ki, burada cinayət tərkibi yoxdur".

Leyla Bağıyeva deyib ki, qızı gecə yarısı evdən gedib, dəniz kənarında, magistral yollarda gəzib. Hüquqi varis uşağı qızına verməyə ehtiyat etməsini belə izah edib: "Bir-iki qonşu arasında demişdi ki, uşağı öldürəcəm. Mən də bunu eşitmişdim. Ona görə də uşağı onun yanında qoymurdum. Sonuncu dəfə saqqızımı oğurladı, uşağı apardı. O da belə oldu. Xəstəxanadan qızım mənə zəng etmişdi. Telefon nömrəmi ordakılara vermişdi. Onlar mənə zəng edib uşağın öldüyünü dedilər".

Məhkəmədə məlum olub ki, Nərgiz Bağıyevanın ata, anası sağ olsa da, uşaq evində böyüyüb. Leyla Bağıyeva övladını uşaq evinə qoymasının səbəbini izah edə bilməyib. Onun sözlərinə görə, Yusif həbsdən çıxandan sonra uşağı istəsə də, qızı ilə nikah bağlamadığı üçün ona uşağını verməyib.

Proses aprelin 12-də davam edəcək.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR