İnsanlara hürriyət, millətlərə istiqlal!

1 il 4 ay oldu - ABŞ səfir təsdiqini yubatmaqla mesaj verir, yoxsa...

1472 20.10.2023 11:11 Siyasət A A

Amerikanın Bakıda elçi postu vakantdır və yekun qərarın gecikməsində bir neçə səbəb var; deputat: “Senatorlar erməni lobbisi qarşısında özlərini borclu sayırlar, deyirlər ki, yaxşılığın əvəzi olaraq...”

ABŞ-ın Azərbaycandakı səfiri postu 1 il 4 aydan çoxdur ki, vakantdır. “Yeni Müsavat” xatırladır ki, iyunun 13-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Mark Libbinin namizədliyi ilə bağlı dinləmələr keçirilib.

“Mənim namizədliyim təsdiqlənərsə, söz verirəm ki, ABŞ-ın Azərbaycanda maraqlarını təmin etmək üçün bu Komitə və Konqresin bütün üzvləri ilə yaxından işləyəcəm. ABŞ vətəndaşlarına xidmət etmək, onları qorumaq bütün ABŞ diplomatlarının əsas vəzifəsi olub və bu posta namizədliyim təsdiqlənərsə, bu, mənim də prioritetim olacaq” - , o bildirib. Libbi qeyd edib ki, əgər təsdiqlənsə, ABŞ-ın Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülh sazişini təşviq etmək səylərini dəstəkləyəcək. Onun sözlərinə görə, sülh sazişinin imzalanması hələ ilk addımdır: “Mən təsdiqlənsəm, Bakıdakı səfirliyə rəhbərlik edərək, yekun nizamlanmanın həyata keçirilməsini dəstəkləyəcəyəm. Sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə zəmin yaradar. Bu, regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq”, - deyə o bildirib.

Diplomat qeyd etmişdi ki, sülh sazişi Vaşinqton və Bakıya münasibətləri, xüsusən də terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahələrində əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək. Bu da ABŞ-ın milli təhlükəsizliyinə xidmət edir.

Bəli, Senatın Xarici Əlaqələr Komitəsində Mark Libbinin namizədliyi təsdiqləndi, lakin həmin müzakirələrdən 4 ay keçsə də, Senatın yekun təsdiqi hələ verilməyib. Halbuki Ermənistan səfiri dəyişdirilməsi qısa müddət ərzində gerçəkləşmişdi. Elə düşmən olduqları Rusiyaya səfir də... ABŞ Dövlət Departamenti isə Azərbaycana səfir təyinatının gecikməsinə münasibət bildirib. “Mark Libbinin 30 illik diplomatik təcrübəsi onu ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə layiqli namizəd edir və Dövlət Departamenti onun təsdiqini gözləyir. Biz Senatı Mark Libbini təsdiqləməyə çağırırıq”, - ABŞ Dövlət Departamentinin sözçüsü bildirib. ABŞ sülh sazişinin imzalanması ilə bağlı danışıqlarda çox aktiv olmasına rəğmən Bakıya səfir göndərmək işində çox astagəllik edir ki, bu da haqlı suallar doğurur. Amerika səfirin təsdiqini yubatmaqla mesaj verir, yoxsa bunu Bayden administrasiyasındakı bürokratiya ilə əlaqələndirmək olar?

Bu da sirr deyil ki, Bayden administrasiyası başından Bakıya isti münasibət nümayiş etdirmir. Biz bədnam “907-ci düzəliş”in həmmüəlliflərindən birinin Ağ Ev rəhbəri Cozef Bayden olduğunu nəzərə alsaq, “Dağlıq Qarabağ xalqı” ifadəsini dilə gətirən liderin də amerikalı prezident olduğunu yada salsaq, “erməni soyqırımı”nı tanıdığını bəyan edən siyasətçi də yenə ABŞ rəhbəridir desək, o zaman Azərbaycana olan baxış bəllidir. Elə bu səbəbdən səfir təyinatının gecikməsi də məhz Vaşinqtonun hörmətsizliyinin təzahürüdür. Çünki əvvəlindən ABŞ Ermənistan hakimiyyətini qucaqlamaqdadır və İrəvanla Bakı arasında fərq qoymaqdadır. Halbuki Azərbaycan Cənubi Qafqazda ABŞ üçün hərtərəfli strateji əhəmiyyət daşıyan tərəfdaşdır. Bizim enerji əməkdaşlığımızdan tutmuş terrorizmə qarşı birgə mübarizəyə qədər əlaqələrimiz mövcuddur. ABŞ xarici işlər naziri Entoni Blinken də zaman-zaman açıqlamaları ilə ortalığı yumşaltmağa çalışır. Lakin son aylarda Konqresin ermənipərəst üzvlərinin bir yandan, Dövlət Departamentinin digər yandan anti-Azərbaycan ritorikalı çıxışları diqqət çəkməyə bilməz. Hətta son olaraq “Politico” nəşri Blinkenin adından məlumat yaydı ki, guya Azərbaycan Zəngəzura hücum edə bilər. Doğrudur, DD onu təkzib etdi, amma yenə də biz bu cür iddiaların məhz ABŞ tərəfindən səsləndiyini görməkdəyik. Bütün bunları üst-üstə gəldikdə, Bakıya səfir təyinatının yubanmasının və bu məsələyə biganə, etinasız münasibətin səbəbləri müəyyən mənada aydın olur.

Oxu.az - Tələbəsi ilə eşq yaşadığı deyilən Elman Nəsirov məhkəmədə uduzur?  – Vəkildən şok AÇIQLAMA

Elman Nəsirov

Hakim partiyanın deputatı Elman Nəsirov “Yeni Müsavat”a açıqladı ki, ABŞ-ın strateji maraq zonası elan etdiyi Cənubi Qafqazın aparıcı dövlətinə səfir təyinatının gecikməsi təbii olaraq suallar doğurur. Deputat qeyd etdi ki, məntiqlə baxanda problem olmamalıdır, çünki Bakı-Vaşinqton münasibətləri strateji əlaqələrdir: “Azərbaycanın bayram günlərində Prezident İlham Əliyevə amerikalı həmkarının ünvanladığı məktublarda da bu münasibətlərdən söz açılıb, terrorizmə qarşı birgə mübarizə, enerji sahəsində sıx tərəfdaşlıq vurğulanıb. Yəni Amerika dövlətinin birinci şəxsinin cənab İlham Əliyevə məktubundakı fikirlərinin təhlilindən belə qənaətə gəlmək olardı ki, səfir təyinatı yubanmamalı idi. Lakin fakt faktlığında qalır, səfir göndərilməsi gecikir. Onu da unutmayaq ki, Konqresin bu məsələdə səlahiyyətləri genişdir”. Onun sözlərinə görə, vaxtilə keçmiş səfir Metyu Brayzanın təyinatı da böyük düyünə düşmüşdü: “İndiki halda səfir təyinatının gecikməsi ermənipərəst senatorların fəaliyyəti ilə bağlıdır. Xüsusən də onlar Azərbaycanın Qarabağ zəfərini, lokal xarakterli antiterror tədbirindən sonra suverenliyin tam bərpa etməsini həzm edə bilmirlər, bu qələbə həmin senatorların yuxusuna haram qatıb. Amma qatara gecikiblər, əllərindən gələn uzaqbaşı səfirin təyinatını gecikdirmək ola bilər. Bu da özünə təsəllidən başqa bir şey deyil. Menendes kimi ermənipərəstlərə cinayət işi açılması göstərdi ki, bu şəxs aysberqin görünən tərəfidir, nə qədər belələri var. Bu cür senatorlar isə erməni lobbisi qarşısında özlərini borclu sayırlar. Onlar deyirlər ki, siz bizi seçilməkdə dəstəklədiniz, biz də bu yaxşılığın əvəzi olaraq Bakıya səfir təyinatını gecikdiririk. Amma gec-tez ədalət öz yerini tapacaq. Onların bu işə mane olması praktiki addımdır, strateji olaraq Azərbaycan qalib gəlib və onsuz da səfir göndəriləcək”.

Razi Nurullayev: “Reallığı görsünlər və hərəkətlərinə görə Azərbaycan  xalqından üzr istəsinlər”

Razi Nurullayev

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev isə qəzetimizə söylədi ki, səfir təyinatının gecikməsi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı ola bilər. Onun fikrincə, bu haqda konkret və birmənalı fikir bildirmək də çətindir, lakin 44 günlük müharibədən sonra antiterror tədbirləri planda idi, görünür ki, bunun fonunda səfir təyinatı gecikib: “Artıq Azərbaycan suverenliyini bərpa edib, hər halda bundan sonra Birləşmiş Ştatlar mövqeyini bildirəcək. Ola bilsin ki, yaxın zamanlarda Senatda müzakirəsi da keçirilsin. Sadəcə, Senatda ermənipərəstlər də var. Bu da amillərdən biridir. Ümid edək ki, yeni səfir Bakı-Vaşinqton münasibətlərində dönüş yarada bilər. Çünki Azərbaycanla ABŞ arasında narahatlıq doğuran məsələlər aradan qalxıb, erməni lobbisinin hər hansı addım atması da gündəmdə deyil və beləliklə, səfir münasibətlərə yeni nəfəs gətirə bilər”.

Qeyd edək ki, nazir-müşaviri rütbəsinə sahib olan Mark Libbi hazırda Vaşinqtondakı Milli Müharibə Kollecində çalışır. Libbi 2021-ci ilin iyun ayınadək ABŞ-ın Brüsseldə Avropa İttifaqı yanındakı missiyasında müvəqqəti işlər vəkili, missiya rəhbərinin müavini işləyib. O, həmçinin müxtəlif vaxtlarda Varşava, Nassau, Nikosiya və Bağdada siyasi müşavir olub. Bundan əlavə, Vaşinqtonda Dövlət Departamentinin Əməliyyat Mərkəzində nəzarətçi və daha sonra Böhranların İdarə Edilməsi üzrə Direktor müavini vəzifəsində fəaliyyətini davam etdirib. Mark Libbi daha sonra Mərkəzi Avropa İşləri Ofisində direktor müavini, Cənubi Avropa İşləri İdarəsinin direktoru olub.

Emil SALAMOĞLU
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR