İnsanlara hürriyət, millətlərə istiqlal!

Elçibəy İsa Qəmbərə Milli Qəhrəman adı veribmiş

7969 02.06.2014 08:05 Ölkə A A

Əzizağa Süleymanov bildirib ki, 1993-cü ilin aprelin əvvəlində Füzuli rayonu ermənilər tərəfindən işğal olunmaq üzrə idi və bu işğalın qarşısının alınmasında xüsusi xidmətlərinə görə ona və Milli Məclisin sədri İsa Qəmbərə prezident Əbülfəz Elçibəy Milli Qəhrəman adı veribmiş: “Milli Qəhrəmanı adı mənə 9 aprel 1993-cü ildə Füzuli rayonuna döyüş bölgəsinə gələn ölkə prezidenti Əbülfəz Elçibəy tərəfindən verilmişdi. Təqdimatın yazılması  Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general Vaqif Axundovun, Milli Qvardiyanın qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirovun  yanında Milli Qvardiyanın elə həmin gün komandanı təyin edilmiş polkovnik-leytenant Tahir Məmmədova tapşırılmışdı. Milli Qəhrəman təqdimatının yazılmasını alay komandiri Elmar Hüseynova tapşırılmışdı. Mən tam arxayın idim ki, bu barədə prezidentin fərmanı olacaq. Artıq Gəncə şəhərində Surət Hüseynovla əlaqədar siyasi vəziyyət elə bir  həddə çatmışdı ki, heç təqdimat yada düşmürdü. Arada qısqanclıq, paxıllıq faktoru da var idi. Sonrakı illərdə Əbülfəz Elçibəy və İsa Qəmbər tərəfindən mənə verilmiş Milli Qəhrəman adının mətbuatda elan edilməməsinin səbəbi mənə bəlli olmuşdu. Sən demə, Milli Qəhrəman adı eyni vaxtda mənə və Füzuli döyüş bölgəsinə gəlib müdafiə şəraitini yaradan Milli Məclisin sədri İsa Qəmbərə verilibmiş. İsa Qəmbər təvazökarlıq edərək öz adını fərmandan çıxartdırmaq istəyib. Buna görə də Əbülfəz Elçibəy tərəfindən verilmiş fərmanın mətbuatda elan edilməsi ləngidilmişdi”.

1993-cü ilin aprelində Füzulinin işğalının qarşısının alınması üçün İsa Qəmbərin şəxsən oraya getməsi və əməliyyatlara rəhbərlik edərək rayonun işğalının qarşısını alması faktı məlumdur. Bəs, Əzizağa Süleymanovun ona Milli Qəhrəman adı verilməsi barədə açıqlamaları həqiqətdirmi?  

Bu suala İsa Qəmbərin özündən cavab aldıq. İsa Qəmbər bildirdi ki, 1993-cü ilin aprelin əvvəlində doğrudan da Füzuli rayonunun işğalı təhlükəsi çox real idi. Şəhər demək olar ki, erməni silahlı qüvvələrinin tam mühasirəsində idi: “Yalnız bir çıxış yolu var idi. Həmin şəraitdə biz Füzuliyə getdik və o zaman mən hərbçilərə söylədim ki, Füzulinin işğal təhlükəsindən qurtarılması, xüsusən orada Məngələnata yüksəkliyi var idi və oranın ermənilərdən azad edilməsi işində fəallıq, fədakarlıq göstərən insanlar hamısı mükafatlandırılacaqlar. Çünki Füzulinin işğalı Cəbrayılın, Qubadlının, Zəngilanın da işğalı demək idi. Biz o zaman bunun qarşısını ala bildik. Amma 1993-cü il iyun qiyamı nəticəsində Əbülfəz Elçibəy hakimiyyəti  devriləndən sonra təəssüf ki, Ermənistan tərəfi bu işğal ssenarisini gerçəkləşdirə bildi. 1993-cü ilin aprelində doğrudan da Füzulidə hərbçilərimiz qəhrəmanlıq göstərdilər. Həm Prezident Qvardiyasının əsgərləri, zabitləri, həm Bakıdan gələn digər qüvvələr, həm də yerli hərbçilərin müəyyən hissələri fədakarlıq göstərdilər. 


Məngələnata erməni nəzarətindən azad ediləndən, bizim silahlı qüvvələrin nəzarətinə keçdikdən  və Füzuli şəhərinə birbaşa təhlükəyə son veriləndən sonra mən konkret olaraq müəyyən şəxslərin Milli Qəhrəman adına təqdim ediləcəyini bildirmişdim. Həmin günlərdə prezident Əbülfəz Elçibəy də Füzuliyə gəldi və bu barədə onunla söhbətimiz oldu. Ə.Elçibəyin konkret qərarları oldu. Sonra Bakıya dönəndən sonra da söhbətimiz olmuşdu. O istiqamətdə addımlar atılmalı idi. Mən Əzizağa Süleymanova və bir sıra digər hərbçilərə (məsələn, o döyüşlərdə qəhrəmanlıq göstərmiş gənc bir qız vardı, Gülbahar adında) Milli Qəhrəman adı verilməsini nəinki mümkün, hətta zəruri hesab edirdim.  O ki, qaldı özümə, aydın məsələdir ki, mən heç bir zaman razılıq verə bilməzdim torpaqlarımızın önəmli bir hissəsi-Şuşa, Laçın, Xocalı  işğal altında olduğu şəraitdə siyasi rəhbərlikdən hansısa birimizə Milli Qəhrəman adı verilsin. Bu mümkün olan iş deyildi və təbii ki, mən buna razılaşmazdım. Ancaq qalan şəxslərə Milli Qəhrəman adı verilməsi qərarlaşdırılmışdı. Həm Füzulidəki əməliyyata rəhbərlik edən hərbçi heyətinə, həm də sıravi fədakar insanlara Milli Qəhrəman adı verilməsi gündəmdə idi. Təəssüf ki, iyun qiyamından sonrakı mərhələdə mənim bu məsələlərə hansısa bir şəkildə müdaxilə və nəzarət etmək imkanım olmayıb”.

“Əzizağa Süleymanovun bundan əvvəlki xatirələrinin birində isə bildirilirdi ki, Füzulidə İsa Qəmbər hərbçilərə ”Ya hamımız burada məhv olub qalacağıq, ya da rayonun işğalının qarşısını alacağıq" deyib. Əzizağa bəyin dedikləri doğrudurmu" sualına İsa Qəmbər belə cavab verdi: “Siz elə sual verirsiniz ki, mən ya gərək ilk gündən orada bizim iştirakımızla baş verən hadisələr haqqında söhbətlərin hamısı barədə məlumat verim, ya da bir az kontekstdən çıxarılmış cümlələr kimi görünür. Bəli, mən orada ilk gün bildirmişdim ki, mən buranı tərk etməyəcəyəm, biz ya Füzulini işğal təhlükəsindən qurtaracağıq, ya da rayonun müdafiəçiləri ilə bir yerdə həlak olacağıq. Bunu mən orada demişəm və bunu oradakı zabitlər də, rayon rəhbərliyinə daxil olan şəxslər də bilirdilər. Bakıya da zəng edib Əbülfəz bəylə söhbətimdə bu qərarımı bildirmişdim”.

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR