İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk şirkəti Bakıda dünyanın ən uca bayraq dirəyini quraşdıracaq

853 17.02.2022 09:40 Ölkə A A

Cahid Həsənov: “Bir peşəkar kimi ”Çimtaş" şirkətinin bu layihəni yüksək keyfiyyətlə yekunlaşdıracağına əminəm"

Türkiyənin “Çimtaş” şirkəti Bakıda dünyanın ən hündür bayraq dirəyini quraşdıracaq. Dirəyin hündürlüyü 191 metr olacaq, əsasından yuxarıya qədər diametri 5,7 metrdən 2 metrə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq.

Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru, memar Cahid Həsənov  “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, 44 günlük müharibədə qazandığımız qələbədən sonra, zəfər tariximizdə bayraq dirəyinin quraşdırılması təqdirəlayiq hadisədir: “Ən çox müzakirə olunan məsələlərdən biri Bakı küləyi ilə bağlıdır. Tikilinin hündürlüyünə bu məqamın elə də təsiri yoxdur. Bir şərtlə ki, icraçı hesablamaları düzgün aparsın. Bəzi ölkələrdə küləyin sürəti saniyədə 50-100 metr olsa da, buna davam gətirəcək modern memarlıq nümunələri var. Hətta dənizin 30-50 metrlik dalğalarına tab gətirəcək binalar tikilib”.

Tanınmış memar Heydər Əliyev Mərkəzinin görünüşünün sirlərini açdı -  MÜSAHİBƏ

Cahid Həsənov

Memar eyni zamanda vurğuladı ki, Türkiyə bayraq istehsalında dünyada ilk sırada yer alır: “Həm say, həm də keyfiyyət baxımından Türkiyə bayraq istehsal edən ölkələr sırasında təcrübəsi ilə fərqlənir. Bir peşəkar kimi ”Çimtaş" şirkətinin bu layihəni yüksək keyfiyyətlə yekunlaşdıracağına əminəm.  Sahil boyu küləyin sürəti saniyədə 25-35 metrdir. ABŞ-da küləyin sürəti bu rəqəmdən dəfələrlə artıqdır. Küləyi birinci faktor kimi qəbul etsək, o zaman heç bir tikili buna tab gətirməməlidir".

C.Həsənov 191 metrlik dirəkdə bayrağın küləyin təsirindən cırılma ehtimalını da şərh etdi:"Tarixə nəzər salsaq, hələ texnikanın olmadığı dövrdə gəmilərin hərəkəti yelkənlərlə tənzimlənirdi. O yelkənlər hətta okeanlardakı fırtınalara belə tab gətirirdi. Həm metal istehsalında, həm də bayrağın parçası üçün dəqiq hesablama tələb olunur. Küləyin saniyədə 25 metr sürəti ilə bayraq cırılırsa, bu, istehsalçının və icraçının günahıdır".

Qeyd edək ki, istehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin “Çimtaş” şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.

Xatırladaq ki, Bakıda Dövlət Bayrağı Meydanının tikintisinə 2007-ci ildə başlanıb. Rəsmi açılış 3 il sonra - 2010-cu ildə olub. 20 min kvadrat metr ərazisi olan meydanda ucaldılan dayağın hündürlüyü 162 metr idi. Qurğunun ümumi kütləsi 220 ton, eni 35 metr, uzunluğu 70 metr, bayrağın çəkisi isə 350 kiloqram idi. Bu dirək dünyanın ən uca bayraq dirəyi kimi  Ginnesin Rekordlar kitabında yalnız bir neçə ay qala bildi. Daha sonra bu rekord Tacikistanda yeniləndi.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR