Bakıdan Qroznıya uçan AZAL təyyarəsinin içindən – hələ Heydər Əliyev adına Bakı Hava Limanında, uçuşa bir neçə dəqiqə qalmış lentə alınmış yeni görüntülər yayılıb.
Musavat.com xəbər verir ki, videonu 1Nyus.az yayıb.
Görüntülərdən məlum olur ki, təyyarə hələ yerə bağlı vəziyyətdə olarkən salonu əhatə edən səs məhz həmin reysin qəhrəman bələdçisi – Hökümə Əliyevaya məxsusdur. Bu, onun insanları sakitləşdirən, qaydalara əməl olunmasını xatırladan adi xidməti elanıdır. Lakin artıq hər kəs yaxşı bilir ki, həmin gülərüz və fədakar bələdçi bu uçuşdan geri dönməyib…

Musavat.com xatırladır ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysi ilə havaya qalxan AZAL təyyarəsi Aktau yaxınlığında Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və 5 ekipaj üzvü olub. Altısı qazax olmaqla 38 nəfər həlak olub, 29 nəfər isə sağ qalıb.
Hökümə Əliyeva da həmin uçuşda həyatını itirənlər arasında idi. Lakin şahid ifadələrinə görə, o, son ana qədər vəzifəsinin başında qalıb, insanlara yardım edib, sərnişinlərin sakitliyini qorumağa çalışıb. Onun təyyarə yerə çaxılmadan dəqiqələr öncə yayılan son səsi (bir başqa videoda) – uçuşdan bir neçə dəqiqə əvvəl salonda səsləndirdiyi elan – indi həyatının və peşə şərəfinin ən ağrılı, amma ən nurlu xatirəsinə çevrilib.
Hadisə ilə bağlı istintaq davam edir. Rusiya tərəfi hələ də rəsmi üzrxahlıq bildirməyib və kompensasiya ödənişi həyata keçirməyib.
Musavat.com






