İnsanlara hürriyət, millətlərə istiqlal!

Rubl ucuzlaşdıqca, manata təzyiqlər artır...

2107 05.08.2019 20:22 İqtisadiyyat A A

Vüqar Bayramov: “Manata təzyiqlər olacaq, lakin məzənnənin dəyişməsi yenə də Mərkəzi Bankın qərarından asılıdır”

ABŞ-ın Rusiyaya növbəti dəfə sanksiya tətbiq etməsi rublun dəyərdən düşməsinə səbəb olub. Belə ki, ötən həftənin cümə günü Trampın tətbiq etdiyi sanksiyalardan sonra bir dolların dəyəri 65 rus rubluna bərabər olub. Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların Moskvaya yeni raund sanksiyalar tətbiq etməsini “təəssüfedici” adlandırıb. Qeyd edək ki, cümə axşamı qüvvəyə minən yeni sanksiyalar Rusiyanın sabiq casusu Britaniya ərazisində zəhərləndiyinə cavab olaraq tətbiq olunub. Vaşinqton hələ ötən il QRU-nun sabiq polkovniki Sergey Skripal və onun qızının İngiltərənin Salisburi şəhərində zəhərlənməsindən sonra Rusiyaya qarşı ölçülər götürmüşdü.  Həmin hücumdan sonra Avropa ölkələri və ABŞ 100-dən çox rus diplomatını ölkələrindən qovmuşdular. Prezident Donald Trampın imzaladığı yeni sanksiya tələblərinə görə,  Dünya Bankının kimyəvi və atom silahlarından istifadə etdiklərinə görə ABŞ sanksiyaları ilə üzləşdiyi ölkələrə borc pul verməsini dayandırır.

Xatırladaq ki, sanksiyalar Rusiyanın Ukrayna ərazisi olan Krımı ilhaq etməsi ilə başladı və ABŞ da başda olmaqla Qərb dövlətlərinin Rusiyaya ağır sanksiyalara start verdilər. Daha sonra, ABŞ rəsmiləri Vladimir Putin hökumətinin 2016-cı il ABŞ seçkilərinə müdaxilə etdiyini bildirdilər və buna cavab olaraq Kremlə əlavə sanksiyalar tətbiq olundu. Moskva indiki sanksiyaları qarşıdan gələn ABŞ prezident seçkiləri ilə əlaqələndirir və yeni məhdudiyyətlərə cavab vermək hüququnu özündə saxladığını bəyan edir.

Bütün bunların nəticəsi olaraq , avqustun 5-də   rubl/manat məzənnəsi isə 0,0260 manata düşüb. Mərkəzi Bankdan bu barədə məlumat verilib. Bəs görəsən, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından və ixracatımızın əsas bazarlarından biri olan Rusiya milli valyutasının ucuzlaşması manata da təzyiqlər yaradırmı?

iqtisadçı ekspert Vüqar Bayramov ile ilgili görsel sonucu

İqtisadçı ekspert Vüqar Bayramov mövzu ilə bağlı musavat. com-a açıqlamasında bildirdi ki, son günlər Rusiya rublunun dollara olan məzənnəsində müəyyən azalmalar müşahidə edilsə də, hələlik kəskin ucuzlaşma yoxdur: “Hazırda birjalarda 1 ABŞ dolları 65 rubla dəyişdirilir. İyulun ortalarında isə 1 dollar almaq üçün 63 dollardan daha az vəsait sərf etmək lazım idi. O baxımdan rublun dəyərində azalmalar var, ancaq hələ ki, bu azalmalar kritik deyil. Ancaq paralel olaraq neftin qiymətində də müəyyən ucuzlaşma müşahidə olunur. Növbəti dövrdə Rusiyaya qarşı sanksiyalar sərtləşərsə, neftin ucuzlaşmasının da təsiri ilə rubl yenidən zəifləyə bilər”.

İqtisadçının sözlərinə görə, Rusiya Mərkəzi Bankı çalışır ki, rublun mövcud məzənnəsini qoruyub saxlasın: “Ümumiyyətlə Rusiya hökuməti sanksiyalardan sonra  xarici təsirlərin minimuma endirilməsinə yönəlmiş siyasət həyata keçirir. Söhbət həm də sanksiyaların təsirinin sığortalanmasından gedir. Əgər sanksiyalar Rusiyanın idxal-ixrac imkanlarını məhdudlaşdırarsa, o zaman biz rublun məzənnəsində azalmalar müşahidə edə bilərik”.

V.Bayramov hesab edir ki, rublun dəyərsizləşməsi Azərbaycan üçün məqbul hesab olunmur: “Çünki bir tərəfdən Rusiya Azərbaycanın qeyri-neft ixracından üstün paya malikdir. Bizim qeyri-neft ixracının təxminən 36 faizi Rusiyanın payına düşür. Söhbət 1,8 milyard dollarlıq qeyri-neft ixracatının üçdəbirindən çoxunun Rusiyanın payına düşməsindən gedir. Eyni zamanda rəısmi statistikaya görə. Rusiyadan Azərbaycana il ərzində 1 milyard dollarlıq pul göndərilir ki, bu ölkədəki iqtisadi vəziyyət ölkəmizə göndərilən vəsaitin həcminə birbaşa təsir göstərə bilər. Bu kontekstdən dəyərləndirsək, rublun ucuzlaşması Azərbaycana da iqtisadi baxımdan mənfi təsir göstərir. Təbii ki, kəskin təsirdən söhbət getmir, ancaq müəyyən təsirləri olacaq”.

Manata təzyiqlərə gəlincə, iqtisadçı bildirdi ki,  Azərbaycanın iqtisadi və  ticarət tərəfdaşlarından biri də Rusiyadır və manata təzyiqlər də olacaq: “Çünki rubl ucuzlaşan zaman əksər postsovet ölkələrində dollara tələbin artması müşahidə olunur. Nəticə etibarilə bu da həmin ölkələrin milli valyutalarına təzyiqi artırır. Rubl ucuzlaşarsa, bu Azərbaycanda da dollara tələbin artmasına səbəb olacaq. Dolların yığımında artımlar ola bilər, ancaq bu kontekstdə dolların bahalaşacağını demək olmaz. Məzənnənin necə müəyyənləşməsi Mərkəzi Bankın mövqeyindən  birbaşa asılı olacaq. Mərkəzi Bank yenə də manatın məzənnəsini müəyyənləşdirməkdə aparıcı mövqeyini qoruyub saxlayıb. Rubl dəyərsizləşərsə, Azərbaycanda dollara tələbi artırmaqla manata təzyiqi artıracaq. Ancaq məzənnənin dəyişməsi Mərkəzi Bankın qərarından asılı olacaq”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR