İnsanlara hürriyət, millətlərə istiqlal!

Qarabağ düşmən ölkədə spekulyasiya mövzusuna çevrilir

868 22.08.2018 09:10 KİVDF layihələri A A

Beynəlxalq qurumlar Azərbaycanın müharibə hüququnu tanıyır, Ermənistanın bu yöndə kontur-səyləri fiasko olub; rusiyalı politoloq: “Paşinyan öz postunda müvəqqətidir...”

İşğalçı Ermənistanda hakimiyyətin inqilabi yolla dəyişməsindən sonra gedən proseslər təbii ki, ən çox Rusiya və Azərbaycanda izlənməkdədir. Rusiya prosesi ona görə diqqətlə izləyir ki, Paşinyan iqtidarının nə dərəcədə Ermənistanı Qərbə tərəf apara biləcəyinə əminlik hasil edib, bunun qarşılığında adekvat tədbirlər görə bilsin. Kremin əsas qayğısı forpost Ermənistanı öz siyasi və təhlükəsizlik orbitindən uzağa buraxmamaqla bağlıdır.

Azərbaycana gəlincə, bizi təbii ki, ən çox düşmən ölkədəki vəziyyətin sülh danışıqlarına, bütövlükdə Dağlıq Qarabağ məsələsinə, işğal altındakı torpaqlarımızın taleyinə təsiri maraqlandırır. Ermənistandakı daxili siyasi qarışıqlıq ərazilərimizin əhəmiyyətli hissəsinin qısa zamanda hərb yolu azad edilməsi üçün fürsət də yarada bilər - bir şərtlə ki, bu zaman Rusiya faktorunun neytrallığı təmin olunsun. Siyasi analitiklərin Ermənistanda gedən proseslərlə bağlı maraqlı rəyləri var.

*****

“Paşinyan öz hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzədir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri deputat Asim Mollazadə axar.az-a açıqlamasında işğalçı ölkədəki son durumu şərh edərkən deyib. Onun fikrincə, Paşinyanın qeyri-müəyyən siyasəti Ermənistandakı mövcud böhranı daha da dərinləşdirir.

“Paşinyanın siyasətinin konturları hələ də naməlum olaraq qalır. O, Rusiya prezidenti ilə üç dəfə telefon danışığı aparması və görüşləri ilə fəxr edir. Eyni zamanda Paşinyan Brüsseldə olarkən ölkəsinin Avropa yönündə inteqrasiyasından danışdı. Ermənistan rəhbərliyi bu qeyri-müəyyən xətti indi də ABŞ və İranla davam etdirir. Onun ABŞ-a səfəri gözlənilir. Erməni diasporu hazırda bu istiqamətdə çox böyük səylər göstərir. Düzdür, bu səfər baş tuta bilər, ancaq ABŞ siyasətçilərindən fərqli olaraq D.Trampın erməni diasporasının qarşısında hansısa məsuliyyəti yoxdur”.

A.Mollazadə bu sıbəbdən hesab edir ki, Paşinyanın Trampla görüşə olan ümidləri boşa çıxacaq: “Ermənistanda hazırda gərginlik, qarşıdurma meylləri artmaqdadır. Hakimiyyətini və Ermənistanın müstəqilliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalan Paşinyanın qeyri-müəyyən siyasəti İrəvanı uçuruma aparır. Ermənistanın yeganə xilas yolu sülh, yəni Azərbaycanın ərazilərinin azad edilməsi istiqamətində addımların atılmasından ibarətdir. Əks halda, Paşinyan nə öz hakimiyyətini, nə də Ermənistanın müstəqilliyini qoruya biləcək”.

Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov isə istisna etmir ki, Paşinyan öz postunda müddətlikdir. Bu fikri o, “Moskva-Bakı” portalına müsahibəsində deyib (oxu.az). “Onun rəhbərliyi ilə Ermənistan zəifləməkdə davam edir, qonşu Azərbaycan isə strateji cəhətdən güclənir. Paşinyan siyasi vaxtını illərlə deyil, aylarla ölçmək məcburiyyətindədir. Bakı və Moskvanın münasibətlərinin yüksək səviyyədə olması İrəvanı narahat etməlidir” - rusiyalı ekspert bildirib.

Bununla yanaşı, ekspertin sözlərinə görə, Paşinyanın yeni rəqibinin peyda olmasından danışmaq hələ tezdir: “Paşinyan Ermənistanın siyasi həyatında tam üstünlük qazanıb. Səhv etmirəmsə, hazırda onu 80 faiz insan dəstəkləyir. Hələlik hər hansı rəqibi gələcək üçün potensial kimi görmək lazımdır”.

Paşinyanın cümə günü keçirdiyi mitinqdə yeni hökumətin Qarabağı geri qaytaracağı ilə bağlı fikirləri inkar etməsinə münasibət bildirən Markov deyib ki, yeni lider xələflərinin qoşunlarının bu torpaqlardan keçmək istədiyini və əlində kifayət qədər sübutunun olduğunu bildirib. Markov əlavə edib ki, yeni baş nazirinin Qarabağla bağlı mövqeyi dəyişməzdir.

“Paşinyan üçün Qarabağla bağlı güzəştə getmək çox təhlükəlidir. Birincisi, Qarabağ klanına daxil olan rəqibləri Paşinyanı güzəştdə ittiham edir. İkincisi, Ermənistanda mitinq demokratiyası davam edir, Paşinyan da real hakimiyyəti tamamilə öz əlinə almalıdır. Ermənistanda ictimai fikir hakimiyyətə nisbətən daha radikaldır. Rəhbərlik başa düşür ki, Bakı ilə kompromisə getmək lazımdır. İctimaiyyət isə ”kompromis" fikrini sevmir", - Markov qeyd edib.

Göründüyü kimi, Qarabağ məsələsi artıq yeni iqtidarın, baş nazir Nikol Paşinyanın əlində də spekulyasiya predmetinə çevrilib.

*****

Öz növbəsində keçmiş dövlət müşaviri Qabil Hüseynli istənilən halda beynəlxalq hüququn Azərbaycanın tərəfdə olduğuna diqqət yönəldir. İslam Əməkdaşlıq Təşkilatından (İƏT) sonra Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ikinci qurum kimi Avropa Birliyinin (AB) adını çəkərək, xatırladır ki, qurum hələ 2013-cü ildə keçirilən zirvə toplantısında Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayıb: “AB-nin Xarici siyasət komissiyasının ali nümayəndəsi Federika Mogerini dəfələrlə Dağlıq Qarabağ və ətrafındakı əraziləri Azərbaycanın sərhədləri daxilində tanıdıqlarını və münaqişənin yalnız bu istiqamətdə həll edilə biləcəyinin vacibliyini bildirib. NATO-nun son toplantılarında da ərazi bütövlüyümüz dəstəklənib. Alyansın ötən ilin sonlarında Varşavada, keçən ay isə Brüsseldəki sammitlərində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat qəbul edildi. Beləliklə, NATO AB-dən sonra Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq qurumlardan biri oldu”.

Politoloq hesab edir ki, BMT Təhlükəsizlik Şurasının Qarabağa dair 4 məlum qətnaməsi, NATO və AB-nin bəyanatları, həmçinin İslam Əməkdaşlıq Təşkilatının müvafiq sənədləri nəzərə alınarsa, həm Azərbaycanın özünün səyləri, həm də indiyədək mövcud olan standartların dəyişməsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllində beynəlxalq dəstəyin təmin edildiyini görə bilərik.

Bu isə o anlama gəlir ki, Azərbaycanın öz ərazi bütövlüyünü zor gücünə bərpa eləmək hüququ, müharibə etmək hüququ qalır. İşğalçı ölkəni daima narahat edən də elə bu hüquqdur... 

 Siyasət şöbəsi,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR