İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament, yoxsa prezident idarəçiliyi - müzakirələr başlaya bilər

2722 23.06.2021 08:40 Siyasət A A

“Parlamentli respublika idarəçilik forması nə Türkiyəyə, nə də Azərbaycana uyğundur” deyən də var, əksini düşünən də...

Ermənistanda parlament seçkilərindən sonra yenidən prezident idarəçiliyinə qayıdışla bağlı müzakirələr başlayıb. “Ermənistan ölkə konstitusiyasına dəyişiklik edərək, yenidən prezident respublikası olmalıdır”. Bunu Qətər İqtisadi Forumuna videokonfrans vasitəsilə qatılan Ermənistan prezidenti Armen Sərkisyan bəyan edib. O qeyd edib ki, indiki halda bəzi insanların hakimiyyəti var, amma məsuliyyəti yoxdur.

Yada salaq ki, Ermənistan 2015-ci ildə müvafiq konstitusiya dəyişikliyindən sonra prezidentli respublika quruluşundan imtina edərək, parlamentli respublika idarə üsuluna keçib.

Türkiyə də yeni konstitusiya hazırlığı içərisindədir və müxalifətin əsas israrı parlament idarəetməsinin qaytarılmasıdır. Gürcüstan da parlament respublikasıdır.

Azərbaycanda da bu mövzular dəfələrlə gündəmə gətirilib. Amma 1918-ci il Xalq Cümhuriyyəti dövründən başqa, bizim ölkəmizdə heç vaxt parlament idarəçiliyi olmayıb. Bəs Azərbaycanda bu istiqamətdə müzakirələr başlaya bilərmi və buna ehtiyac varmı?

Abutalıb Səmədov: Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində düşmənə  tarix boyu unutmayacağı bir dərs verdi

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirdi ki, parlamentli respublika idarəçilik formasına keçid barədə müzakirələr başlana bilər. Digər məsələlərdə olduğu kimi bu məsələnin müzakirəsinə də qadağa qoyula bilməz: “Lakin zənnimcə, bu idarəçilik üsuluna keçidə ehtiyac yoxdur. Parlamentli respublika idarəçilik üsulu bir neçə dövlət istisna olmaqla, əksər dövlətlərdə özünü doğrultmayıb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə əsas işlər parlamentin olmadığı - 1918-ci ilin iyunundan dekabra qədərki dövrdə görüldü. Sonra parlament açıldı və mənasız müzakirələr, dalbadal hökumət dəyişiklikləri ciddi problemlər yaratdı.

Eyni hadisələri Türkiyədə də müşahidə etdik. Tez-tez dəyişən, zəif koalision hökumətlər, dövlət çevrilişləri, Menderesin asılması, Ərbakanın uzaqlaşdırılması həm də parlamentli respublika idarəçilik formasının  törətdiyi fəsadlar idi. Türkiyənin yüksək dərəcədə inkişafı AK Partinin təkbaşına hakimiyyətə gəldiyi ilk illərdən başladı və prezidentli respublikaya keçidi təmin etdi. Sonrakı dövrdə problemlər başladı və haqlı olaraq bu idarəçilik üsulunun ləğvi, yenidən parlamentli respublikaya qayıtmaq təklifləri səsləndi.

Çıxış yolu nədədir? Məncə, parlamentli respublika idarəçilik forması da, prezident respublikası üsul-idarəsi də nə Türkiyəyə, nə də Azərbaycana uyğundur. Fransada olduğu kimi qarışıq sistemin seçilməsi, parlament seçkilərinin nəticələrinə görə qalib partiya sədrinin başçılığı ilə formalaşan nazirlər kabinetinə iqtisadiyyatı idarəetmə səlahiyyətinin verilməsi daha səmərəli olardı. Bu şəraitdə hökumətlərin dəyişməsi ölkədə ciddi böhran yaratmaz və işinin öhdəsindən gəlməyən hökumət başçısını dəyişməklə cəmiyyətdəki gərginliyi, narazılığı azaltmış olar. Bu halda 30 il nazir postunda oturmaq halları da yox olardı, nazirlərin parlamentə və deputatlara saymazyana münasibəti də. MDB-yə daxil olan respublikalar içərisində Qazaxıstan tam olmasa da, müəyyən qədər qarışıq idarəçilik formasının elementlərindən istifadə edir və nəticələr də göz qabağındadır".

A.Səmədov xatırlatdı ki, Azərbaycan prezidentli respublika formasının üstünlüklərindən ötən il müharibə dövründə səmərəli istifadə etdi və qazanılan qələbədə bütün hakimiyyətin prezidentin əlində toplaşması mühüm rol oynadı. Artıq torpaqlarımız işğaldan azad olunub və qarşımızda duran əsas vəzifə yüksək səviyyədə iqtisadi inkişafa nail olmaq, ilk növbədə, regionların ÜDM-də payını dəfələrlə artırmaqdır: “Bu məqsədə nail olmaq üçün mütləq konstitusiya islahatları keçirmək, qarışıq idarəçilik formasına keçmək, inzibati-ərazi islahatları aparmaq, paytaxtı respublikanın mərkəzinə köçürmək və s. bu kimi addımlar atılmalıdır”.

Samir Əsədli: “Azərbaycan Ərdoğanın Şuşa səfərindən maksimum  bəhrələnməlidir” - VHP

 Samir Əsədli

VHP sədrinin müavini Samir Əsədli isə bildirdi ki, Ermənistanda dövlət üsul idarəsinin dəyişdirilməsi ilə bağlı təklif sırf müharibə nəticələrinin yaratdığı situasiya ilə bağlıdır. Dünyanın demokratik gedişatı isə parlament üsul idarəsindən yanadır: “Bildirim ki, Vətəndaş Həmrəyliyi Partiyası fəaliyyət göstərdiyi ilk dövrlərdən başlayaraq ölkədə parlamentli respublika tipli idarəetməyə keçilməsini özünün prioritet istiqamətlərindən biri olaraq qəbul edib və ötən illər ərzində biz dəfələrlə bu məsələ ilə bağlı təkliflər səsləndirmişik. Hesab edirik ki, prezident vəzifəsi saxlanılmaqla parlament idarəçiliyi ölkənin demokratik inkişafına ciddi töhfə verə bilər. Bunun üçün ciddi konstitusion dəyişikliklərə gedilməli, ilk növbədə proporsional seçki sisteminə keçilməlidir. Parlamentin proporsional əsaslarla və daha çox sayda  formalaşması ölkədə fəaliyyət göstərən siyasi partiyaları da hərəkətə gətirəcək və bu sistem əsasında keçiriləcək seçkilər ədalətli olacaqsa, siyasi təşkilatların ölkə miqyasında gücü və potensialı da məlum olacaq. Şübhəsiz ki, hökuməti də parlament çoxluğu formalaşdıracaq və çoxluğu təmsil edən şəxs təmsil etdiyi siyasi qüvvə cəmiyyətdə nüfuzunu saxlayacağı sürəcdə demokratik norma və prinsiplərə tam uyğun olaraq baş nazir kimi ölkəni idarə edə bilər. Azərbaycanda parlament üsul-idarəsinin yaradılması həm Xalq Cümhuriyyətinin varisliyinin qorunması,  həm də demokratikləşmə prosesinin uğuru baxımdan vacibdir”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR