İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəngəzur dəhlizi nə vaxt açılacaq?

1793 06.09.2022 10:15 Yazarlar A A

Çox güman ki, artıq sovuşmuş avqust ayı daha çox onunla yadda qaldı ki, məhz bu ayda Laşın şəhəri və ona bitişik strateji nöqtələr Azərbaycan ordusunun nəzarətinə keçdi.

Amma heç də hamı məsələnin belə qoyuluşu ilə razı deyil. Bir sıra siyasi müşahidəçilərin fikrincə, vaxtilə rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşməsinə razılıq verməklə hələ doxsanıncı illərdə işğal olunmuş rayonlarımızı qaytara bilərdik.

Etiraf edək ki, münaqişənin davam etdiyi illərdə bu cür mülahizələr az səslənməmişdi. Amma qaytarılması nəzərdə tutulan rayonların siyahısında bir qayda olaraq Şuşanın və Laçının adı çəkilmirdi. Ona görə ki, ermənilər Şuşanı özlərinin “tarixi və mədəni mərkəzi” hesab edir, Laçın isə rusiyalı diplomatların səyi, azərbaycanlı siyasətçilərin və diplomatların təcrübəsizliyi nəticəsində tez bir zamanda “humanitar dəhliz” adını almışdı.

Amma indi bu rayonların hər ikisi Azərbaycan silahlı qüvvələrinin nəzarəti altındadır. Artıq növbə Zəngəzur dəhlizinindir. Aydın məsələdir ki, güzəştlər də simmetrik olmalıdır. Ermənilərə öz ərazisindən dəhliz verməklə Azərbaycan Naxçıvanı ölkənin əsas hissəsilə birləşdirən dəhliz almalıdır. İndi bu, ən aktual məsələdir. Amma bu yolda müəyyən əngəllər var. Hətta qonşu İran buna heç də ürəkdən razı deyil. Birincisi, ona görə ki, Tehran Azərbaycanın güclənməsini istəmir. İkincisi, İran Ermənistana olan birbaşa çıxışını itirmək istəmir. Üçüncüsü, Zəngəzur dəhlizi türk dövlətlərinin də inteqrasiyasına da öz töhfəsini verə bilər ki, bu da rəsmi Tehranın ürəyindən deyil.

Tehranı gec-tez yola gətirmək mümkün olacaq. Amma prosesin gedişinə keçmiş həmsədrlər, ABŞ və Fransa da əngəl törətməyə cəhd edirlər. Bu günlərdə bu ölkələrin səfirləri Şuşada keçirilən diplomatik foruma qatılmadılar. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Minsk Qrupu artıq öz missiyasını bitirib. Amma buna rəğmən ABŞ dövlət katibi avqustda yeni həmsədri təyin etdi ki, başqa bir vaxt ondan belə bir “operativliyi” gözləmək çətin olardı.

Avqustun sonunda Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə daha bir görüş keçirildi. Görüşdə noyabrda bir daha görüşmək qərara alındı. Üstəgəl, ölkələr qərara aldılar ki, sülh sazişi üzərində işləmək üçün işçi qrup yaratsınlar.

Qeyd edək ki, bu, Aİ iştirakı ilə dördüncü görüş idi. Doğrudanmı, Aİ Minsk Qrupuna alternativ ola bilməz? Amma yox, keçmiş iki həmsədrin fikrincə, onların turist səfərləri davam etməli, konflilikt daha otuz il uzanmalıdır.

Avropa İttifaqının vasitəçiliyinə Rusiya da mane olmağa çalışır. Bunun bir səbəbi budur ki, Moskva həmişə problemin beynəlmiləl xarakter almasına qarşı olub ki, məsələ onun inhisarında olsun. Həm də Kreml Brüsselin onu qabaqlamasından ehtiyatlanır. Burada qeyd etmək lazımdır ki, erməni müxalifəti də Vaşinqtonun və Parisin qeyri-konstruktiv siyasətindən ilhamlanır. Onlar artıq bəyan ediblər ki, sentyabrda kütləvi etiraz aksiyalarına start verəcəklər. Alınacaqmı? Güman etmirik. Ona görə ki, cəmiyyətin böyük hissəsi Paşinyan hakimiyyətinə dəstək verir.

İndi noyabrın gəlişini gözləmək qalır. Sülh sazişinin mətmi çox məsələlərə işıq sala bilər. O vaxt Zəngəzur layihəsinə də müəyyən qədər aydınlıq gələ bilər. Burada Ermənistan hökumətinin sülh prosesini sürətləndirmək səmtindəki cəhdlərini əngəlləyən bir sıra obyektiv çətinlikləri də başa düşmək olar. Amma İrəvanda da artıq başa düşürlər ki, daha sülhün alternativi yoxdur, çünki Ermənistanın bütün müqavimət resursları tükənib...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR