İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meyxanaçıların efirdə ləhcə ilə danışmasına normal baxmaq lazımdır”

351 24.07.2024 12:02 Media A A

Kulturoloq: “Aparıcıların nitqini tənqid etməkdənsə...”

“Dillərində və nitqlərində qüsur olan şəxslər efirə çıxıb, bahalı avtomobilləri, onların nömrələri və evləri haqda danışaraq gündəmə gəlirlər. Yəni onlar yalnız belə məsələlərlə gündəmdə qalırlar”. Bu sözləri Əməkdar artist Elza Seyidcahan qonaq olduğu “Xəbər - ətər” verilişində deyib.

Sənətçi efirdə, televiziya verilişlərində sözləri düzgün şəkildə tələffüz edə bilməyən meyxanaçıları sərt şəkildə tənqid edib. Seyidcahan həmin söz xiridarlarının gənc nəslə pis nümunə olduqlarını bildirib: “Sosial şəbəkələrdə "Filən müğənnini toyda pul yağışına tutdular" kimi başlıqlar və videolara rast gəlirik. Baxırsan ki, meyxanaçıdır adını “söz xiridarı” qoyub, amma “ç” hərifi ilə olan sözləri ifadə edəndə “ts” deyir. “Çarə” sözünə “tsarə” deyir. Əgər sənin dilində və nitqində qüsur varsa, səni efirə buraxmamalıdırlar.

O bahalı avtomobil və ona bahalı nömrə, bahalı ev alan meyxanaçıdan xahiş edirəm, sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın. Məsələn, sizi sevən gənclər “canım” sözünə “dzanım”, “çarə” sözünə isə “tsarə” deyəcəklər. Söyləyəcəklər ki, bu meyxanaçı bahalı avtomobil sürüb, bahalı paltar geyinir və “çarə”yə “tsarə” deyir, qoy mən də o sözü elə deyim. “Qarabağ Azərbaydzandır” sözü yoxdur! Bu sözün düzgün deyiliş tərzi “Qarabağ Azərbaycandır"dır".

Qeyd edək ki, son vaxtlar efirdə qonaq olan təkcə meyxanaçılar, sənətçilərlə bağlı deyil, veriliş aparıcılarının da nitqində qüsur olması ilə bağlı narazılıqlar var. Ümumiyyətlə, meyxanaların efirə “ayaq” açması məsələsi də dəfələrlə mübahisə mövzusu olub. Bu cür verilişlərdənsə, mədəni-maarif verilişlərinin artırılması tövsiyə olunur.

Mövzu ilə bağlı Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Yeni Müsavat”a danışıb: “Çox təəssüf ki, Azərbaycanın humanitar-ictimai və sosial mədəni düşüncəsində hər şeyin üzdə olması istənilir. Uzun müddət Azərbaycan teleməkanında, telekanallarında nitq, yoxsa düşüncə, ağıl, yoxsa səslənmə kimi mənasız bir mübahisə gedib. Hər birimiz müəyyən bir bölgədənik və bu bölgələrin ümumi nitqin, dilin, şivə və dialekt imkanlarından istifadə edərək danışdığımız zaman müxtəlif sözləri və hərfləri müxtəlif tələffüs edə bilərik. 

Əgər biz böyük alim, mütəxəssis, tanınmış, öz sənətində uğur qazanmış bir insanıqsa və yaxud televiziyada veriliş aparıcısıyıqsa, bizim hansısa vurğunu düzgün tələffüz etməməyimiz önəmli olmamalıdır. Əsas önəmli olan ötürdüyümüz informasiyadır. Sözün doğrusu, bilmirəm ki, Elza xanım nəyə görə hansı meyxanaçıları pisləyib, lakin etiraf edək ki, meyxanaçıların böyük əksəriyyəti bu sənətə məxsus ləhcədə danışır. 

Ümumiyyətlə, meyxana məktəbi bizə qədim Midiyadan, muğlardan (maqlar), Avestadan qalıb. Əlbəttə ki, belə olan halda meyxana sənəti ərəb-fars sözləri ilə zəngindir, onları da hərə bir cür tələffüz edir.

Üstəlik, meyxana daha çox Abşeron sənət məktəbinin məhsuludur. Müxtəlif bölgələrdən olan meyxanaçılar da məhz həmin məktəbin üzərində öz nitqini, sözlərini, danışıq və ifa tərzini formalaşdırır. Yoxsa meyxanaçılar bu sənəti sevənlər tərəfindən qəbul edilməyəcək. Necə ki, muğam sənətində Qarabağ məktəbi əsas götürülür, önəmlidir, eləcə də meyxanaçıların da bir çoxu Abşeron məktəbi üzərində formalaşır".

Bu baxımdan Aydın Xan Əbilov hesab edir ki, meyxanaçıların ləhcə ilə danışmasını normal qarşılamaq lazımdır: “Yəni buna görə meyxanaçıları, hansısa aparıcıları tənqid etmək mənasız işdir.

Çünki ləhcə və yaxud nitqdəki tələffüz variasiyaları doğuluşdan və formalaşma mühitindən asılıdır, onu heç zaman dəyişmək olmaz. Hazırda ədəbi dil normaları artıq bölgələrdə də “oturuşub”, artıq şəkili ilə lənkəranlı, naxçıvanlı ilə ordubadlının, bakılı ilə gəncəlinin ləhcəsi, yaxud dialekti, şivəsini ayırd etmək çətinləşib. Çünki qeyd etdiyim kimi, hər biri internet, vizual sənət, o cümlədən televiziya və bu kimi görüntülü, səsli informasiyaların təsiri altında olur".

Külturoloq həmçinin televiziyanın, filmlərin, serialların, videoların, sosial şəbəkədəki görüntü məhsullarının gənc nəslin, xüsusilə də uşaqların nitqinin, tələffüzünün formalaşmasında çox mühüm rol oynadığını bildirib: “İndi əksəriyyət Osmalı-türk türkçəsinə keçib və bunu tənqid etməkdənsə, "sən niyə şəkili və ya naxçıvanlı ləhcəsiylə danışırsan" kimi sıxıntılı, mənasız müzakirələr aparır. Beləliklə, nitqlərinə görə sənətçilərə, televiziya aparıcılarına sıxıntı, təzyiq göstərmək lazım deyil. Real həyatda sənətçilərimiz və ya digər insanlar öz ləhcələrində danışırlar. Amma televiziyada və sənətdə bu insanlar məcburdular ki, efirə çıxanda süni şəkildə özlərini sıxışdırsınlar və bütün gücünü sənətin inkişafı, sənətlə bağlı və yaxud humanitar düşüncəni qabağa apara biləcək fikirlərini deməkdənsə sözlərin düzgün tələffüz edilməsinə və yaxud ədəbil dil normalarında danışmağa sərf edirlər. Əlbəttə ki, bu da mənfi amilə aparıb çıxarır. 

Bu problem bütün ölkələrdə, o cümlədən Türkiyədə, Rusiyada, İranda da var. Hətta məlum olduğu kimi, İranda cənubi azərbaycanlıların ləhcələri ilə bağlı ortaya problemlər çıxır. Eləcə də Rusiyada, Sibirdə, Leninqradda insanların fərqli tələffüz etdiyi nitqləri, çıxışları görürük. Və yaxud Türkiyədə kürd, yəhudi, laz və sairə ləhcələrində danışıqları eşidirik. Doğrudur, yaxşı olardı ki, efirdə, televiziya verilişlərində hər kəs ədəbi dil normalarında danışsın. Amma bu, hər zaman mümkün deyil. Bu cür mənasız mübahisələrdənsə, aparıcıların, sənətçilərin intellektual səviyyəsinin aşağı olmasından, televiziyada elmi-kütləvi, mədəni-maarif, təhsil, humanitar düşüncə ilə bağlı verilişlərin azlığından, verilişlərin səviyyəsinin getdikcə daha da enməsindən danışmalı, müzakirə aparmalıyıq".

Hazırladı: Xalidə GƏRAY

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR