İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna üçün kritik 6 ay - Kiyevi gözləyən sürpriz

409 24.07.2024 11:50 Siyasət A A

ABŞ prezidenti Co Baydenin ikinci müddətə prezidentlikdən imtinası və vitse-prezident Kamala Harrisi dəstəkləməsi şübhəsiz ki, bu dövlətin iştirakçı olduğu bir çox regional proseslərə öz “damğa”sını basacaq. Söhbət əlbəttə ki, ən əvvəl Birləşmiş Ştatların əsas qarantor rolunda çıxış etdiyi Ukraynanın öz ərazi bütövlüyü uğrunda mübarizəsindən gedir. 

Sabiq prezident, respublikaçıların Ağ Ev rəhbəri postuna vahid namizədi Donald Tramp deyib ki, Bayden dövlət başçısı postuna namizəd ola bilməyəcəyi təqdirdə ölkəni də idarə edə bilməyəcək. “İndi ölkəmizi kim idarə edir? Bu, yaramaz Co deyil, onun harada (hansı postda) olduğu haqqında heç bir fikri yoxdur. Əgər namizədliyini irəli sürə bilməsə, ölkəmizi də idarə edə bilməyəcək”, - Tramp qeyd edib. 

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə Baydenin namizədlikdən imtinasını Rusiyanın Ukrayna müharibəsində məqsədlərinə nail olacağına kömək edəcəyinə məmnunluqla işarə vurub. “Bayden bitdi. Ona cansağlığı arzu edirik. Xüsusi əməliyyat öz məqsədlərinə nail olacaq”, - Medvedyev Telegram kanalında yazıb. 

Qeyd edək ki, Rusiya siyasətçiləri və generaliteti Ukrayna müharibəsində qalib gəlməyin yeganə yolunu ABŞ-ın Kiyevə dəstək verməməsində görür və hesab edirlər ki, hakimiyyətdə Donald Tramp və ya Rusiyaya loyallıq göstərən başqa birisi olsa, o zaman Kreml öz məqsədinə çata bilər. Belədirmi? 

Ukrayna üçün kritik an:

Baydenin namizədlikdən çəkilməsi yerdə qalan 6 ayda (prezidentlik müddətinin sonunadək) ABŞ-ın Ukraynaya dəstəyinə, ümumiyyətlə, müharibənin gedişinə necə təsir göstərə bilər? Harris prezident olsa, köhnə komanda qalacaq, yoxsa dəyişəcək? Nəhayət, “əl dəyişmə” Ukraynada sülhü yaxınlaşdıracaq, yoxsa uzaqlaşdıracaq?

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

 Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Bayden tam olaraq hakimiyyətdən gedənə qədər çox şeyin dəyişə biləcəyini düşünür: “Baydenin prezident seçkisindən çəkiləcəyini bəyan etməsi heç də o demək deyil ki, prezident postundan gedib. Onun səlahiyyəti yeni seçilmiş prezidentin inaqurasiyasına kimi davam edəcək. 6 ay xeyli vaxtdır və bu müddət ərzində çox şeylər dəyişə bilər. Nəzərə alsaq ki, Qərbin yüksək dəqiqlikli ən müasir silahlarından artıq Ukrayna ordusu uğurla faydalanır, döyüş qabiliyyətinı artırır, təcavüzkarın içərilərinə, strateji obyektlərinə zərbələri artırır. Üstəlik, NATO dövlətləri Kiyevə hava məkanını möhkəmləndirmək üçün həm raketdən müdafiə sistemlərini, həm də döyüş təyyarələrini yaxın vaxtlarda tədarük edəcəklərini bildiriblər. 

Ona görə də Rusiyanın sevinməsi, Ukraynanın rahat işğalına planlaşdırılan xüsusi əməliyyat adlandırdığı qəsbkar müharibəsini qələbə ilə bitirəcəyinə ümid etməsi çox tezdir. Ümumiyyətlə, Kremlin məqsədlərinə çatacağı mümkün görünmür. Əgər bu baş verərsə, ABŞ-ın özünün beynəlxalq nüfuzunu və beynəlxalq siyasi düzənin sütunlarını ciddi şəkildə sarsıdar. Demokratiya, dövlətlərin və xalqların birgəyaşayışı, sülh, təhlükəsizlik kimi ümumbəşəri dəyərlər öz əhəmiyyətini itirər. 

Demokratların prezidentliyə namizədinin hazırkı vitse-prezident Kamala Harris olacağı da hələ qətiləşməyib. Partiya daxilində bununla bağlı fikir ayrılıqları mövcuddur. Düşünürəm ki, əgər Demokratlar hakimiyyətdə qalsa, Ukraynaya hər cür dəstək davam etdiriləcək. Onlar üçün liberal dəyərlərin qorunması ön plandadır. Çox ehtimal ki, Kamala Harris Co Baydenin siyasi xəttini davam etdirsə də, publikaya uyğun olaraq bəzi korrektələrə getməlidir ki, digər namizəd Trampın bəzi arqumentlərini zərərsizləşdirə bilsin. Məsələn, respublikaçı namizəd Tramp ABŞ-da işsizliyin artmasından, qanunsuz emiqrant axınından, inflyasiyadan, həmçinin təhlükəsizlik məsələlərindən doğan narazılıqları seçkilərdə alət kimi məharətlə istifadə edərək, populist çıxışları ilə reytinqini artırmaqdadır. Trampa populyarlıq qazandıran həm avantürist və mühafizəkar baxışlarıdır, həm Ağ Ev rəhbərinin zəif performansı, həm də onun şoumenlik bacarığıdır. Eks-prezident üçün ən vacibi kapitaldır. Prezidentliyi dövründə yürütdüyü xarici siyasətində ilk növbədə həm ABŞ-ın müttəfiqləri, həm də partnyorları ilə münasibətlərini siyasi xadimdən daha çox biznesmen kimi davam etdirməyə çalışırdı. Belə yanaşma isə müttəfiqlərini və tərəfdaşlarını narahat edirdi. 

Trampın seçkilərdə qələbə qazanacağı təqdirdə dünya düzəninin şəkilləndirilməsi istiqamətində ciddi dəyişikliklərin olacağını düşünənlər də kifayət qədərdir. Baydendən fərqli olaraq, sabiq prezident Rusiyanı yox, Çini ABŞ maraqları üçün real təhlükə sayır. Həqiqətən də Çin texnoloji, iqtisadi, hərbi, siyasi və s. cəhətdən Birləşmiş Ştatlarla başa-baş rəqabət aparacaq səviyyəyə çatıb. ABŞ-ın Rusiya ilə müharibəsi və tətbiq etdiyi sanksiyalar Pekini daha da gücləndirib, təsirini artırıb".

Politoloq bütün müharibələr kimi, bu müharibənin də sonda sülhlə bitəcəyini söylədi: “Tramp Rusiya ilə Ukrayna arasında davam edən müharibəni tez bir zamanda dayandıra biləcəyini dəfələrlə deyib. Ancaq bunun hansı şərtlərlə və necə dayandırılacağı barədə detallara ətraflı toxunmayıb. Təbii ki, qarşıduran hər iki tərəfdən çox çətin qərarlar verilməsi və güzəştlərin edilməsi tələb olunacaq. Ukrayna-Rusiya müharibəsinin davam etməsi sabiq prezidentin Yaxın Şərq və Sakit okean hövzəsi ilə bağlı planlarına uyğun gəlmir. Müharibə əvvəl-axır dayanacaq. Bütün müharibələrin sonu danışıqlar masası ətrafında sülh gündəliyinin müzakirəsi və imzalanması ilə yekunlaşır. Lakin Ukrayna xalqı ən çox zərərçəkən ölkə olacaq. 

Viste-prezident seçki kampaniyasına yeni başladığından və xarici siyasət kursu barədə danışmadığından Ukrayna və Avropanın təhlükəsizlik məsələlərinə baxışlarını müəyyənləşdirmək bir qədər çətindir. Nüfuzlu sorğu və araşdırma mərkəzləri prezidentliyə namizədlər barədə sonuncu rəylərini də bildirməyiblər. Ancaq hazırda Tramp daha şanslı göründüyündən Ukrayna prezidenti Zelenskinin narahatlığı başadüşüləndir. O, Trampla təmaslara başlayıb və çalışacaq ki, onu inandırsın. Narahatverici məqam ondan ibarətdir ki, iqtisadi maraqlar digər maraqları üstələyə və dünya üçün təhlükəli tendensiyalara yol açar. Qərbin gələcək taleyinin də Ukrayna-Rusiya müharibəsinin nəticələrindən birbaşa asılı olduğunu nəzərə alsaq, o zaman həm Harrisin, həm də Trampın bu məsələdə həssas mövqe göstərəcəyini söyləyə bilərik. Əks halda, Qərbin ABŞ-dan qopma prosesi sürətlənə və öz təhlükəsizliyini düşünməyə məcbur edə bilər. Müharibənin tezliklə ədalətlə və beynəlxalq hüquq normaları çərçivəsində bitməsi mütərəqqi bəşəriyyətin arzusudur".

Kamran Məmmədli: “Bu müharibə hələ çox davam edəcək və dünyanı daha böyük  fəlakətlərlə üz-üzə qoyacaq” Pravda.az

Kamran Məmmədli 

AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli Kamala Harris seçkilərdə qalib gəlsə belə, Ukrayna siyasətinin dəyişməyəcəyini düşünür: “Co Baydenin prezidentlik yarışından çəkilməsi gözlənilən idi. Hətta birinci prezidentlik dönəmində belə onun geri çəkilərək yerini Kamala Harrisə verəcəyi, Baydenin sona qədər o postda qala bilməyəcəyi proqnozlaşdırılırdı. Lakin qoca Co sona qədər postda qalaraq ölkəni idarə etməyi bacardı. İkinci dönəm üçün onun yenidən namizədliyini irəli sürməsi əvvəldən yanlış idi. Lakin demokratlar son anda doğru addım ataraq namizədini Kamala Harrisin xeyrinə dəyişdi. 

Hesab edirəm ki, Kamala Harris Trampı udacaq potensialda rəqibdir və ABŞ-ın oliqarx ailələri tərəfindən ciddi dəstəklənir. Baydenin namizəd olmayacağı və Harrisi dəstəkləyəcəyi barədə bəyanatından sonra barmaqla sayılacaq saatlar ərzində fantastik məbləğdə ianələr toplandı. Bayden seçki kampaniyası zamanı bu günə qədər 200 milyon dollar toplamışdırsa, Baydenin bəyanatından sonra Harris 12 saata əlavə 50 milyon dollar toplamağı bacardı. Və bu rəqəmlər hər saatbaşı artan templə davam edir. Bu rəqəmlərin özü Demokrat seçicilərin bu seçkidə qələbəyə inamının artmasını göstərir. 

O ki qaldı Harrisin qələbə qazanacağı təqdirdə Ukrayna siyasətinə, hesab edirəm ki, Baydendən fərqli hansısa ciddi bir dəyişiklik olmayacaq. Unutmayaq ki, Kamala Harris Bayden kimi demokratların namizədidir və Bayden dönəmində onun birinci vitse-prezidenti olub. Yəni aralarında müəyyən xırda fikir ayrılıqları olsa belə, bir çox məsələlərdə həmfikir olublar. Bu baxımdan düşünürəm ki, Demokratların istənilən namizədinin qələbə qazanması Ukraynadakı müharibənin davam etməsi ilə nəticələnəcək. Sülh əvəzi müharibə daha da aktiv fazaya keçəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR