İnsanlara hürriyət, millətlərə istiqlal!

Zənənlə əl tutmağın bədəli

1685 21.11.2023 11:07 Yazarlar A A

“Qız ilə qızıl gizlin gərək”

(Azərbaycan atalar sözü)

Futbol üzrə milli komandamız Belçikada 5:0 uduzub vətənə qayıtmışdır, hazırda azarkeşlər baş məşqçi Canni de Byazini kəskin tənqidlərə, təhqirlərə məruz qoymaqdadır. Halbuki gəlin insaflı yanaşaq, bu məğlubiyyətdə Canni müəllimin bir qram günahı yoxdur. Məğlubiyyət ilahi cəza idi, qaçılmaz bəla idi. Bunun üzərində dayanmalıyıq. Vaxtında yol göstərməliyik, çünki ölkəmizi, o cümlədən idman sahəsində qarşıda çətin sınaqlar gözləyir. 

Söhbəti çox uzatmadan səbəbi birbaşa yazıram: millimizin oyunu uduzmasının əsas səbəbi öncəki oyunda, Bakıda İsveçlə qarşılaşmanın sonunda müdafiəçimiz Rahil Məmmədovun baş hakimlə əl görüşməsidir. 

Yəqin çoxunuz o dəhşətli kadrı görmüşdür, görməyənlər isə internetdən tapıb baxa bilər. Kadrı dəhşətli edən nədir? Axı insan insanla əl görüşər, bu, dövri-qədimdən barış, sülh, dostluq əlamətidir. Fərziyəyə görə qədim insanlar bir-birinə əl uzatmaqla psixoloji, fiziki mesaj veriblər: “Bax, əlim boşdur, heç bir silah, daş, balta saxlamıram, səni vurmayacağam”. Düzdür, sonralar bəşəriyyət inkişaf elədi, indi camaat bir-birini qucaqlayıb kürəyinə bıçaq sancır, lakin mövzumuz bu deyil. Mövzumuz odur ki, Rahil Məmmədovun hakimlərlə əl görüşməsi bizim növbəti oyunu uduzmağımıza nə cür mənfi təsir etmişdir. 

Əgər hakim kişi xeylağı olsa, axı nə problem vardı?! Dəhşət onda idi ki, Azərbaycan-İsveç oyununu idarə edən hakimlər briqadası zənənlərdən ibarətdi! Baş hakim isveçrəli Ester Staubli idi, ona kömək edən yan xətt hakimləri də Süzanna Künq və Jonas Erni adlı qadınlardı (bəlkə arvadlar yazmaq daha dəqiq olardı). 

İslam alimlərindən Hürr Amuli “Vəsailuş-şiə” əsərinin 14-cü cildində, “Əbvabun müqəddəmatin-nikah” fəslində, 129-cü bölümdə yazır: “Qadın üçün ən yaxşısı budur ki, o, heç bir kişini görməsin və heç bir kişi də onu görməsin”. 

Başqa dəlillər də vardır: “Yaxşı olar ki, bu qapını qadınlara məxsus təyin edək” (Sicistani, “Əbu Davudun Sünəni”, 1-ci cild, 19-cu səh). 

“Peyğəmbər (s.ə.v), qadınlarla kişilər arasında qarışıqlıq yaranmasın deyə, göstəriş verdi ki, kişilər yolun ortası ilə, qadınlar isə yolun kənarı ilə hərəkət etsinlər (Kuleyni, ”Usuli-Kafi", 5-ci cild, 51-ci səh). 

“Ehtiyat vacib budur ki, əgər zövq almaq məqsədi olmasa, naməhrəm kişi qadını dinləyə bilər” (İmam Xomeyni). 

“Cəvahirul-kəlam” və “Müstəmsəkul-urvətil-vusqa” kitablarında qeyd olunduğu kimi və ümumiyyətlə, bütün şəriət alimlərinin nəzərincə, naməhrəm qadının üz və əllərindən savayı onun digər bədən üzvlərinə baxmaq kişiyə həramdur. Həmin oyunda isə hakim qadınlar tumançaq ortada gəzirdilər, bütün komandamız da məcbur idi onlara baxsın. Təəssüf ki, hələlik gözübağlı futbol kəşf olunmayıb.

Nəhayət, gələk əsas məsələyə. Şeyx Ənsari (r.ə) buyurub: “Əksər şəriət alimlərinin qəti fikri budur ki, hər kimə baxmaq haramdırsa, ona toxunmaq da haramdır” (Xoyi, “Nikah” fəsli, birinci hissə, 104-cü səh).

Doğrudur, müdafiəçimiz Rahil müəllim Ester xanımla əl görüşərkən onun naməhrəm olmasını nəzərə almış, əlini köynəyinə bələmişdi. Bəzi hədislərə görə yad qadınla bu cür salamlaşmaq məkruhdur, yəni haram deyildir. Ancaq paltarın qalınlığı, zənənin geyimi, yerdəki otluq, axşamın dar çağı və sairə haqda hədislərə görə o hadisə ağır günah idi. 

Əlbəttə, yaxşı olardı AFFA, FİFA oyundan qabaq komandamızı hakimlərlə siğə etdirərdi. Görkəmli islam alimimiz Hacı Təyyarın fikrincə, bu zaman din əldən getmir. Lakin bunu vaxtında etmədik. Nəticədə 5:0 uduzduq.

Allah bizi gələcək günahlarımızdan qorusun, amin.  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR