İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaşlı kişi məktəbli qıza qarşı əxlaqsız hərəkətlər etdi

282 24.07.2024 01:01 Hadisə A A

Şəmkir rayonunda 1960-cı il təvəllüdlü İlqar yetkinlik yaşına çatmayan həmyerlisi Ləmana (adlar şərti verilib - red.) qarşı seksual xarakterli hərəkətlər edib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il noyabrın 30-da saat 14:00 radələrində Şəmkir rayonunun kəndində baş verib.

İlqar kənddə yerləşən orta məktəbdə cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə həmin məktəbin 4-cü sinif şagirdi, 2014-cü il təvəllüdlü Ləmanla təmasda olub, ona sağlamlığına dərəcəsi təyin edilməyən xəsarət yetirib. Sonra qıza qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törədib.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, azyaşlı Ləmanı tanıyır, onun valideynləri ilə münasibətləri yaxşı olub, aralarında heç bir narazılıqları və ədavət yoxdur: "Ləmanın ailəsinin evində pəncərə şüşələrini dəyişirdim.

Həmin gün saat 10:00 radələrində Şəmkir rayonunun kəndində həmkəndlim Elşənə məxsus çay evində Elçin müəllimlə görüşdüm. Elçin müəllim mənə orta məktəbin idman zalının pəncərə şüşəsinin sındığını dedi, gəlib pəncərəni təmir etməyimi xahiş etdi. Mən də razılaşdım və Elçin müəllim getdi".

İlqarın sözlərinə görə, həmin günün səhəri evdən şüşələri götürüb və orta məktəbə getmək üçün evdən çıxıb: "Kənddən keçən dəmiryoluna çatdım və bu zaman Lətifənin azyaşlı qızı Ləmanı gördüm. Ondan məktəbə getdiyini soruşdum. Təsdiq cavabı verəndə mən də məktəbə getdiyimi söylədim, birlikdə məktəbə yollandıq.

Məktəbdə Ləman sinif otağına tərəf getdi, mən isə bir qədər foyedə dayanaraq gözlədim. İdman zalına gedəndə qapını bağlı gördüm və yenidən foyeyə qayıtdım. Bu vaxt Ləman sinif otaqlarının qarşısında idi. Onu idman zalına gedilən yola, yanıma çağırdım. Məktəbin idman zalına gedən koridorunda Ləmanı nəvəm kimi öpdüm.

Birlikdə koridordan çıxdıq və məktəbin foyesinə gəldik. Ləman sinif otağına getdi. Mən qoltuğumda gətirdiyim pəncərə şüşələrini pilləkənin alt hissəsinə qoyaraq məktəbdən çıxdım".

Təqsirləndirilən şəxs deyib ki, məktəbdən İslama məxsus çay evinə gedib: "Çay evində bir neçə dəqiqə gözlədim, oradan da çıxaraq kənddə yaşayan qızım Nüşabəgilə getdim.

Nüşabəgildə olan zaman tanımadığım nömrədən mənə zəng gəldi və şüşə salınması üçün kömək lazım olduğunu bildirdi. Məndən harada olduğumu soruşanda ona dəmiryolu yaxınlığına gəlməsini dedim. Qızımgildən çıxdım və onun dediyi yerə getdim.

Zəng vuranı gözləyən zaman göy rəngli avtomobil yanımda saxladı. Həmkəndlim Telman və bacısı Lətifə avtomobildən düşərək məni maşına əyləşdirdilər. Birlikdə İslamın çay evinə getdik. Telman məni özü ilə çay evinin içərisinə apardı. Qolumdan tutaraq çay evində əyləşmiş şəxslərdən məni tanıyıb-tanımadıqlarını soruşdu. Orada olanlar məni tanıdıqlarını dedilər".

İlqar qeyd edib ki, Telman onu çiyin nahiyəsindən vurub, əlləri ilə yaxasından tutaraq təhqir edib: "Azyaşlı uşağa tamah saldığımı bildirdi və məni vuraraq yerə yıxdı. Oradakılar bizi ayırdılar.

Mən Ləmanı nəvəm kimi öpmüşəm. Uşaq məni səhv başa düşüb. Onu öpməkdə hər hansı əxlaqsız niyyətim olmayıb. Həmçinin qızın sinə nahiyəsindən çimdikləməmişəm. Bununla belə, onu öpdüyümə görə əməlimdən peşmanam.

Zərərçəkmiş Ləmanın qanuni nümayəndəsi olan anası Lətifə ilə barışıq əldə etmişəm. Özüm sol ağ ciyərin yuxarı payının fibroz-kaveroz vərəmi iltihabı mərhələsində, ağ ciyər qanaxması, tənəffüs çatışmazlığı 2-ci dərəcə xroniki diffuz bironxit xəstəliyindən əziyyət çəkirəm".

İş üzrə zərərçəkmiş Ləmanın sözlərinə görə, noyabrın 30-da günorta evdən çıxaraq məktəbə gedib: "Yolda gördüm ki, həmkəndlimiz İlqar məni gözləyir. Yanından keçəndə yaxınlaşaraq dayanmağımı istədi, dedi ki, məktəbə birlikdə gedək. O, çiynimdən tutdu, birlikdə məktəbə yollandıq.

İlqar məni çölə çağırdı, dəhlizə çıxdım. Birlikdə akt zalına getməyi söylədi. Biz akt zalına getdik. Heç kimin olmadığı yerə çatdıq. İlqar dodağımdan öpdü və sinəmdən çimdik qopardı. İlqara etiraz etdim".

Zərərçəkmiş qeyd edib ki, İlqar gözətçidən idman zalının açarının yerini soruşub: "O, açarın yerini bilmədiyini bildirdi. Mən isə məktəbin arxa tərəfindən qaçdım.

Kənddə yaşayan nənəm Səlimənin evinə getdim. Orada əvvəlcə dayım arvadı İradəyə, ardınca anam Lətifəyə ağlayaraq hadisə barədə məlumat verdim.

Anamla mərkəzi küçə ilə məktəbə tərəf gedən zaman dayım Telmanı çayxanada gördüm. Anam dayımı yanına çağırdı və hadisə barədə ona danışdı".

İş üzrə zərərçəkmiş Ləmanın anası Lətifənin sözlərinə görə, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır: "Qızım Ləman 2014-cü il təvəllüdlüdür, 4-cü sinif şagirdidir. Barəsində şikayət etdiyim İlqarı tanıyıram. Dəfələrlə gələrək evimizin pəncərələrinin şüşələrini dəyişib.

Məlum hadisə günü günorta qızım Ləmanı evdən məktəbə yola saldım. Təxminən yarım saat sonra evdə olan zaman qardaşım arvadı İradə zəng edərək şüşəkəsən kişinin Ləmana qarşı əxlaqsız hərəkət etdiyini dedi, təcili onlara getməyimi istədi.

Dərhal qardaşım Telmanın evinə getdim. Telmanın evində qızım ağlayaraq yaşlı kişinin dodağından öpdüyünü, çimdik qopardığını bildirdi".

Lətifə bildirib ki, qızı ilə məktəbə tərəf gedəndə yolda qardaşı Telmana zəng edib: "Telman yanıma gəldi, hadisəni ona danışdım. Birlikdə məktəbə getdik. Məktəbdə İlqarı tapmadıq. Qardaşım mənə məktəbin yanında gözləməyi tapşırdı. Sonra İlqarın evinə getdik.

İlqarın arvadı onun evdə olmadığını dedi. Ondan İlqarın mobil telefon nömrəsini aldıq. Zəng edəndə İlqar işinin olduğunu, 1 saata gələcəyini bildirdi. Telefonda qardaşımın kim olduğunu soruşdu. Qardaşım özünü kənddə yaşayan Əlinin oğlu kimi təqdim etdi.

İlqar telefonda Telmana dəmir yolunun yaxınlığına gəlməsini, oradan onu götürməsini bildirdi. Telmanla deyilən yerə getdik. İlqar bizə uşağa heç nə etmədiyini, uşağın onu şərlədiyini dedi".

Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə İlqar 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR