İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Türkiyədə - Ərdoğandan bunu xahiş edəcək

491 08.07.2023 08:20 Siyasət A A

Asim Mollazadə: “Türkiyə istəyir ki, Rusiya ilə Ukrayna arasında yenidən normal münasibətlər olsun...”

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 7-də Türkiyəyə səfər edib. Türkiyə mediasının məlumatına görə, səfər çərçivəsində Zelenskinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilirdi.

Prezidentlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparması nəzərdə tutulurdu. Türkiyə və Ukrayna liderləri ikitərəfli əlaqələri və Taxıl Sazişini müzakirə etməli idilər.

Rəcəb Tayyib Ərdoğan Ukraynanın dövlət başçısı Volodimir Zelenski ilə görüşəndən sonra Rusiya lideri Vladimir Putinlə də bir araya gələcək. “A Haber”in xəbərinə görə, görüşün yeri və dəqiq tarixi açıqlanmayıb. R.T.Ərdoğan və V.Putinin üz-üzə müzakirələr aparacaqları gözlənilir.

Qeyd edək ki, bu, Rusiyanın qonşu Ukraynaya qarşı işğalçı müharibəyə başlamasından Volodimir Zelenskinin Türkiyəyə ilk səfəridir. Vladimir Putinin belə bir ziyarəti olmayıb.

Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanın Ukrayna probleminin həlli üçün çox səy göstərdiyini və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünün nəticələrini yaxından izləyəcəklərini bildirib.

Prezident Ərdoğanın Türkiyədə Zelenski ilə görüşü ilə bağlı jurnalistlərə açıqlama verən Peskov, “Təbii ki, görüşün nəticələrini çox yaxından izləyəcəyik. Ankara ilə konstruktiv tərəfdaşlıq münasibətlərimiz davam edir. Biz bu əlaqələri yüksək qiymətləndiririk və Türkiyə tərəfdən qarşılıqlılıq hiss edirik. Təbii ki, cənab Zelenski ilə nəyin müzakirə olunacağı bizə də maraqlı olacaq. Bu vacibdir” deyib.

“Zelenski Ərdoğanın yenidən Türkiyə prezidenti seçilməsindən sonra Ankara ilə mövcud razılaşmaları təsdiqləmək istəyir”.

Bu fikri Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov “İzvestiya”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyevin əsas məqsədi mövcud razılaşmaları düzəltməkdir. Politoloq əlavə edib ki, bu, Ukrayna ilə Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığa dair sazişlərə də aiddir, çünki Türkiyədən bir sıra silahların tədarükü davam edir.

Ərdoğanla Ukrayna prezidenti arasındakı görüş zaman aydındır ki, mövzu təkcə Taxıl Sazişi olmayacaq. Bəs Ukrayna lideri qapalı görüşdə həmkarı Rəcəb Tayyib Ərdoğandan əsas nə xahiş edə bilər? Bu səfərin müharibənin gedişatına mümkün yaxın-uzaq təsirləri ola bilərmi?

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə

Deputat Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Türkiyə Ukraynaya çox böyük dəstək verir və sülh əldə etmək üçün səylərini əsirgəmir: “Sülh danışıqlarını bərpa etmək, eyni zamanda taxıl ixracının təşkili məsələlərində də Türkiyə əlindən gələn köməyi əsirgəmir. Prezident Ərdoğan sülh əldə olunması istiqamətində ardıcıl addımlar atır. Türkiyə istəyir ki, Rusiya ilə Ukrayna arasında yenidən normal münasibətlər olsun. Bu istiqamətdə Türkiyənin əzmkarlığı var”.

Asim Mollazadəyə görə, bu görüş Türkiyə Ukrayna münasibətlərinin genişlənməsinə xidmət edəcək: “Türkiyə ilə Ukrayna arasında böyük layihələr var. Bu layihələr hərbi sənayeni əhatə edir. Bununla bağlı tərəflər arasında razılaşmalar mövcuddur.”

Asim Mollazadə bildirib ki, Türkiyə və Ukrayna liderlərinin görüşündən sonra Rusiya Ukrayna müharibəsinin dayanacağı gözlənilmir: “Bu müharibəni Rusiya başlayıb. Bu gün Rusiya sülhə hazır deyil və bu baxımdan liderlərin görüşündən sonra sülhə nail olunacağı da inandırıcı görünmür”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR