İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Kino Günü qeyd olundu - Fotolar

243 02.08.2024 22:37 Mədəniyyət A A

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü qeyd olunub.

Musavat.com bildirir ki, tədbirdə Mədəniyyət Nazirliyi və Kino Agentliyinin rəsmiləri, kino və mədəniyyət xadimləri iştirak edib.

Tədbiri giriş sözü ilə mədəniyyət nazirinin müavini Səadət Yusifova açıb. Nazir müavini Azərbaycanın kino tarixinə nəzər salaraq, qeyd edib:

"Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur. Bu gün Azərbaycan kinosunun yaranmasının 126-cı ildönümü tamam olur. Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur".

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Xalq artisti Rasim Balayev isə çıxışında deyib:

"Bizim kinonun, ən azından, 30 il bundan öncəki sürətə düşməsini arzu edirəm. Bunun üçün birlikdə işləmək gərəkdir. Müəyyən səbəblərə görə Azərbaycan kinosunda ləngimə baş verdi. Amma artıq o problemlər həll olunub”.

Azərbaycan Respublikasının Kino Agentliyinin direktoru vəzifələrini icra edən Orxan Fikrətoğlu da, öz növbəsində, kino adamlarını təbrik edib.

Orxan Fikrətoğlu artıq Azərbaycan kinosundakı durğunluq dövrünün arxada qaldığını bildirib.

Daha sonra agentliyin hesabatı və Mədəniyyət Nazirliyinin müxtəlif kino adamlarına mükafatı təqdim olunub.

Yekunda yubiley filmlərinin fonunda konsert proqramı və yeni filmin premyerası olub.

 

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR