İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski İsraildən vətəndaşlıq istəsə...” – Lavrovun açıqlaması ətrafında qalmaqal böyüyür

4476 03.05.2022 18:35 Gündəm A A

“Holokost, Hitler və nasistlər mövzusu yəhudi xalqı üçün çox ağrılı və həssasdır. Kimsə bu haqda danışanda, xüsusən də Rusiyanın xarici işlər naziri Sergey Lavrov kimi yüksək vəzifəli şəxs bundan söz açanda xüsusilə diqqətli olmalıdır. Çünki bu, minalanmış sahədə gəzintiyə çıxmağa bənzəyir - bu və ya digər dərəcədə cüzi ehtiyatsızlıq faciəyə gətirə bilər”.

Musavat.com xəbər verir ki, bu sözləri Minval-a müsahibəsində tanınmış israilli ekspert Mixail Frinkel deyib.

Onun sözlərinə görə, baş verən hadisə də elə budur – partlayış xarakterli. Ona görə ki, Sergey Lavrov həqiqətən də Volodimir Zelenskini Hitlerə bənzədib.

“Bəli, Zelenski gerçəkdən yəhudi qanı qarışığı olan bir insandır. Lakin vurğulayım ki, o, özünü yəhudi hesab etmir, bəlkə də qismən etnik yəhudi sayır. Dini inancına görə Zelenski pravoslav xristiandır, arvadı ukraynalıdır, uşaqlarını - oğlu və qızını Kiyevdəki ən məşhur pravoslav kilsəsində xaç suyuna çəkdirib. Onun yəhudiliklə heç bir əlaqəsi yoxdur”, - deyə politoloq vurğulayıb.

Frinkel hesab edir ki, İsrail Dövlətinə Qayıdış Qanununa əsasən əgər Zelenski İsrailə repatriasiya üçün müraciət etsə, o zaman xristian olduğu, yəni dindən (iudaizmdən – red.) çıxdığı üçün yəhudi vətəndaşlığı ala bilməz: “Çünki İsrail milli dinə malik yəhudi dövlətidir və atalarının inancını dəyişən hər hansı yəhudinin vətənə qayıtmaq hüququ yoxdur. Bu səbəbə o, yalnız etnik yəhudi sayılır. Mənə elə gəlir ki, onu Hitlerlə müqayisə etmək düzgün deyildi və böyük səhv idi”.

Yəhudi ekspert deyir ki, tədqiqat nöqteyi-nəzərindən Adolf Hitlerdə həqiqətən də minimal miqdarda, kiçik, “faizin hissəsi” qədər yəhudi qarışığı olub. “Böyük Britaniyada, başqa yerlərdə aparılmış genetik tədqiqatlar göstərib ki, Hitlerdə olduqca cüzi miqdarda yəhudi qanı olub. Əlbəttə, Hitlerin özü nə ata, nə də ana xətti üzrə yəhudi deyildi. Bu barədə danışmaq gülünc və səhvdir, Hitler mənfur və iyrənc idi”, - deyə yəhudi politoloq qeyd edib.

Frinkelə görə, o ayrı məsələ ki, İsrail dəfələrlə və bütün səviyyələrdə Ukrayna nasistlərini və nasistlərlə işbirliyində olmuş kollaborasionistləri pisləyib: “Bender nasistlərlə əməkdaşlıq edirdi, Şuxeviç SS kapitanı idi. Onlar Ukrayna qəhrəmanları adından məhrum olsalar da, regional qəhrəman olaraq qaldılar. Onlara abidələr ucaldıldı, küçələrə onların adı verildi. Həqiqətən də, Ukraynada SS simvolları olan millətçi batalyonlar var. Bununla belə, Zelenskini Hitlerlə müqayisə etmək böyük səhvdir”.

Yəhudi ekspertin fikrincə, hər millətin dönükləri, nacinsləri olur, o cümlədən yəhudi xalqının: “Ancaq mən nazir Lavrovun üz tuta biləcəyi başqa bir misal çəkəcəm. Məsələn, nasistlərlə əməkdaşlıq eləmiş bədnam Vlasovun Rusiya Azadlıq Ordusunda köməkçisi yəhudi Mileti Zıkov idi. Bu onun təxəllüsü idi. Əsl adı yəhudi idi və o, general Vlasova kömək edirdi. Ona iqtisadi proqram yazırdı Əslində, dahi adam idi, amma sağ qalmaq naminə almanlara köməklik edirdi. Və müharibənin sonunda SS tərəfindən öldürüldü. Həmçinin “Yəhudi polisi” adlanan qurumda işləyən, konslagerlərdə nasistlərə kömək edən yəhudilər var idi. Xalqımızın içində müxtəlif belə dönüklər olub”.

Amma yenə də onun sözlərinə görə, Zelenskinin Hitlerlə müqayisəsi iyrəncdir və bu, İsraildə böyük qəzəb dalğasına səbəb olub. “İnanmaq istərdim ki, İsrail-Rusiya münasibətlərində ciddi qırılma olmayacaq. Mənə elə gəlir, Lavrov tərəfindən hansısa üzrxahlıq ifadə edilməlidir. HansI ki, vəziyyəti yumşaltmalıdır. Çünki Hitlerlə istənilən müqayisə çox ağrılıdır, çətindir. Buna gedilməməli idi. Hitlerdə yəhudi qatışığı olması iddiasından qaçmaq lazım idi. İndi bu yanğını söndürmək, İsraillə Rusiya arasında normal, yaxşı münasibətləri bərpa etmək vacibdir”, - deyə o öz fikrini tamamlayıb.

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR