İnsanlara hürriyət, millətlərə istiqlal!

"Fəhlə işləyə-işləyə qocaldıq" - DANIŞIR paytaxtdakı "fəhlə bazarı"! - SENSASİON REPORTAJ

541 03.08.2024 09:58 Reportaj A A

Fəhlə: “Bu, yaşayış deyil, 25 ildir ki, bu əziyyəti çəkirəm”

Ötənlərdə bu məkana hətta “qul bazarı” da deyirdilər... Söhbət şəhərdəki bir neçə məkanda, o cümlədən “Xalqlar dostluğu” metrostansiyası yaxınlığındakı “fəhlə bazarı”dan gedir... 

Bəs hazırda fəhlələr orada iş tapa bilirmi? Bunu öyrənmək üçün üz tutduq sözügedən ünvana. 

“Fəhlə bazarı”na getmək üçün metronun yaxınlığındakı  iki nəfərdən yolüstü ünvanı dəqiqləşdirirəm. Mənim fəhlə axtardığımı sanıb deyir: “Yəqin ki, sizə usta lazımdır. Baxın ha, orada çox bahaçıldılar, özü də bacarmadıqları işə də boyun olurlar. Yaman ”moşennik" adamlardılar".

Gülümsəyib, yoluma davam edirəm.  

Axtardığım ünvana - körpünün altına çatar-çatmaz, qızıl dişli bir fəhlə mənə yaxınlaşır. Yəqin əlləri də dişləri kimi qızıl olar deyə elə reportajımın söhbətinə onunla başlayıram. 38 yaşı olsa da, daha yaşlı görünən və adı Elvin olan bu şəxs yük daşımaqla məşğuldur. Bakıya Azərbaycanın rayonlarından birindən gəlib. Deyir ki, əlindən hər şey gəlir. Zarafatla özünü “hərşeyşünas” adlandırır. Əsasən də mebel və digər yüklərin mərtəbələrə qaldırılması ilə məşğul olur. 

“Fəhlə işləyə-işləyə qocalmışıq. Başqa  nə işləyə bilərik ki?! Elə anadan gəlmə fəhləyik də.  İşlər çox zəifdir, hər dəfə yük qaldırmağa gedəndə adam başına  25-30 manat pul verirlər. Ay ərzində 400-500 manat qazanıram. Ailəmi bu pulla dolandırıram.   

Bəzən çox çətin ev yiyələrinə rast gəlirik. Burada başqa iş deyirlər, evlərinə çatanda isə iş yükümüzü artırırlar. Belə olan halda ya işi qoyub gəlirik, ya da qiyməti qaldırmalarını xahiş edirik". 

Elvinlə söhbətimə son verib onun yanında dayanan Şamaxıdan olan fəhləyə yaxınlaşıram. Söhbət etmək üçün adını soruşduqda deməkdən imtina edir: 

“Əşi, adımı nə edirsən. Demək istəmirəm. Qorxuram. Siz gedəndən sonra gəlib bizi döyə-döyə aparacaqlar. 65 yaşım var, 30 ildir ki, ailəmi bu yolla dolandırıram.   Həftədə bir dəfə iş olur. Əvvəllər ev tikirdim, indi qocalmışam, nisbətən asan işləri görürəm. Burada başıma çox işlər gəlib. Elə olub ki, 10 gün işləmişəm. Sonra ev yiyəsi pulumu verməyib. Allahın ümidinə yaşayırıq” deyir. 

Söhbətimizin bu yerində günün istisindən qapqara rəng alan gənc fəhlə mənə yaxınlaşıb hədə-qorxu gəlməyə də macal tapır:

“Baxın ha, xanım, birdən şəklimi çəkərsiniz. Telefonunuzu alıb sındıraram. Bilirsiniz nə var,  biz bu yolla pul qazanmağa öyrəşmişik. Narazı da deyiləm”. 

Onu şəklini çəkmədiyimə inandırıb söhbətimə 43 yaşlı Məhəmmədlə davam edirəm. Günün istisindən o yana, bu yana gedən və iş gözləyən həmsöhbətim gileylənir:   

“Hamballıq edirik. 25 ildir  ki, burada dayanıb iş axtarıram. Yük daşımaqla məşğulam. Bizi aparıb işlədib, pul vermək istəmirlər. 100 manatlıq işə 20 manat təklif edirlər. Balamıza çörək aparmaqdan ötrü dözürük. Quru fəhləyik. Bir də görürsən ki, ev yiyəsi bizi qovur. Qiymət xoşuna gəlmir, deyir, çıx bayıra”. 

Söhbətimizə digər gənc fəhlənin müdaxiləsi ortalığı qarışdırır.  Fəhlələr arasında kiçik mübahisə başlayır:

“Xanım, işsizlikdən şikayət edirlər. Amma heç bir usta kvadratı 7 manata iş görmək istəmir.  Soruşun, görün, 50 manata günü beton tökməyə gedən var? Yalan söhbətdir”.

Onun sözünə digər fəhlə yoldaşı ironiya ilə “mən 7 manata hörgüyə getmirəm. Qudurmuşam. Pul çoxdur, ona görə”, -cavabını verir. 

Onlar mübahisəsinə, mən isə reportajıma davam edirəm. Başına şlyapa qoyub körpünün altında əyləşən yaşlı kişiyə yaxınlaşıram. Bir neçə fəhləni başına yığıb  çay içir. 

Yaxınlaşdığımı görüb “Şlyapamı çək deyə gülür”. Daha sonra əlavə edir: “Bazarın vəziyyətini bilmək istəyirsənsə, 10 dəqiqə səbir göstər. Fəhlə dalınca gələn maşın yaxınlaşanda hamı birdən cumacaq. 15 manatlıq bir iş olsa, maşını yerindən çevirəcəklər. Çünki işsizlikdir. Daimi iş yeri lazımdır. Səhər işə, axşam evə getməliyik. Bu, yaşayış deyil.  25 ildir ki, bu əziyyəti çəkirəm”. 

“Siz də maşın dalınca qaçırsınız” deyə sual edirəm. “Mən qocalmışam, daha qaça bilmirəm. 61 yaşım var. Övladlarımın hamısını yerbəyer etmişəm. Subay oğlanam”, - deyə o, zarafatından da qalmır.  

Söhbətimizin sonunda isə şlyapasını başıma keçirib “bir şəkil çəkdir, bu bazardan və məndən xatirə qalsın” deyir.  

Şahanə RƏHİMLİ,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR