İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala Harrisin siyasi “bal” ayı - Trampın “kitabı” bağlanır?

405 03.08.2024 10:47 Siyasət A A

ABŞ-da kritik prezident seçkisinə (5 noyabr) təxminən 3 ay qalır. Ən son rəy sorğularına görə, seçkidə ABŞ-ın vitse-prezidenti və demokratların ehtimali vahid namizədi Kamala Harris Donald Trampın Bayden üzərində əhəmiyyətli reytinq üstünlüyünü ləğv edə bilib.

Belə ki, qeydiyyatdan keçmiş seçicilər arasında sorğu keçirən Bloomberg News bildirir ki, Harrisin ən böyük üstünlüyü Miçiqandadır. O, Trampı 11 faiz qabaqlayır. Harris həmçinin Arizona, Viskonsin və Nevada ştatlarında 2 faiz liderliyə malikdir. Tramp isə onu Şimali Karolinada iki faiz, Pensilvaniyada dörd faiz qabaqlayır (Haqqin.az).

Ekspertlərə görə, əgər Harris Pensilvaniya ştatının məşhur qubernatoru Coş Şapironu vitse-prezident kimi seçsə, vəziyyət demokratların xeyrinə kəskin şəkildə dəyişə bilər. Kamala avqustun 7-dək öz seçimini elan edəcəyinə söz verib.

Qarşıdakı 3 ayda situasiya nə dərəcədə və kiminsə xeyrinə kardinal dəyişə bilər? Harris-Şapiro cütlüyü həqiqətənmi seçkinin taleyini həll edə bilər?  

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Tramp-Harris debatının ilk hissəsindən çox şeyin asılı olduğunu düşünür: “ABŞ-da keçiriləcək prezident seçkilərinin favoriti hələ də Donald Tramp olaraq qalır və vəziyyətin seçki gününə qədər bu şəkildə davam edəcəyi gözlənilir. Co Baydenin namizəd olaraq qaldığı zamanlarda olan reytinqindən fərqli olaraq hazırda onu əvəzləmiş Kamala Harrisin Trampla aralarında olan fərqi müəyyən qədər azaltmasını Harrisin yüksək nüfuzu ilə yox, daha çox Baydenin nüfuzunun çox aşağı düşməsi ilə əlaqələndirmək lazımdır. Yaxud bəzi ştatlarda Harrisin irəlidə olmasının deyilməsi təəccüblü olmamalıdır. Əslində həmin ştatların çoxunda demokratlar - Bayden üstünlükdə olub və hazırda müəyyən faiz qalxıb. Əslində Harris ABŞ-da əleyhinə müxtəlif istiqamətlərdən hər zaman tənqidlər söylənilən və 4 il müddətində vitse-prezident olaraq cəmiyyətə təqdim ediləsi bir fəaliyyəti olmayan siyasətçidir. Son zamanlar dünyada, o cümlədən ABŞ-da millətçi hisslərin artdığı bir zamanda Harrisin etnik kimliyi də ona ziyan verən faktorlardandır. Çoxları deyə bilər ki, onun etnik kimliyinə görə qaradərilərin səsləri qazanılacaq. Amma qaradərilərin əksəriyyəti zatən hər zaman demokratlara səs veriblər. ABŞ-da seçki texnoloqları, ekspertləri bildirirlər ki, fövqəladə hadisələr baş verməyəcəyi halda Tramp bu seçkilərin qalibi ola bilər. Əslində Baydenin digər namizədlə əvəz olunması ilə bağlı söhbətlər Trampla birinci debatdan sonra gedirdi. Hətta çox tanınmış və az tanınan müxtəlif namizədlərin adları da hallanmışdı. Onların içində Barak Obamanın, Hillari Klintonun adı da keçirdi. Amma prosesin artıq gecikdiyini, qələbə şansının çox az olduğunu, nəticədə indiyədək qazandıqları nüfuzlarını itirəcəklərini hesablayan tanınmışlar çox güman ki, Baydeni əvəzləməkdən imtina etmişdilər. Hesab edirəm ki, o səbəbdən Kamala Harris məcburiyyət olaraq irəli sürüldü. Təbii ki, demokratlar bütün variantlardan istifadə etməklə vəziyyəti kökündən dəyişməyə cəhd edəcəklər. Amma nəzərə alınmalıdır ki, qarşı tərəf yerində saymır və daim irəli gedir. Eyni zamnda hazırda bir növ şərtləri respublikaçılar - konkret Tramp qoyur. Düşünürəm ki, ilk debatda çox şey bilinəcək. Həmçinin bir sıra ciddi ABŞ siyasətçiləri demokratların bu seçkini uduzacaqlarını əminliklə deyirlər”.

Deputat Sona Əliyeva: "Şagirdlər üçün xüsusi dərsliklər hazırlanır" -  AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Sona Əliyeva 

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, seçkilərin taleyi son 14 gün ərzində həll olunacaq: “Birləşmiş Ştatlarda seçki marafonu son həyəcanlı mərhələsinə qədəm qoyur. Qarşıdakı həftələrdə namizədlərdən biri digərini minimal üstünlüklərlə qabaqlaya bilər. Hər zaman belə olub. Amma bu dəfə seçkilərin taleyini fərdlər yox, lobbilər, icmalar müəyyənləşdirəcək. ABŞ prezidentliyinə namizədlərin fərqli vizyonları, taktiki gedişləri onların peşəkar seçki texnoloqu olduğunu deməyə əsas verir. Donald Trampa qarşı sui-qəsd onun populyarlığını bir xeyli artırıb. Hətta bir çox demokrat da ”sui-qəsd anındakı məğrur duruşunu" əsas gətirərək keçmiş prezidentə səs verəcəklərini dilə gətirirlər. Kamala Harrisi isə erməni və yəhudi lobbisi dəstəkləyəcək. Əvvəllər də xanım Harris ermənisevərliyi ilə diqqət çəkirdi. Çünki hay lobbisi maliyyə imkanlarından bir xeyli yararlanmağı bacarmış fiqurlardandır. Trampın yəhudilərə və Ukrayna məsələsinə yanaşması bu ölkədəki slavyan və yəhudi icmalarını ondan üz döndərməyə təhrik edir. Donald Trampın son həftələrdə yəhudi liderlərə qarşı aqressiv münasibəti onun reytinqinə bu və ya digər formada təsir göstərməkdədir. Hətta yəhudilərin əlində olan media resursları da Tramp əleyhinə qızğın propoqandaya start veriblər. “Blomberq”, “The Times” kimi nəşrlər də məhz yəhudi maqnatların kurasiyasındadır. Bu baxımdan Trampın Harrislə mübarizədə işi çətin olacaq. Amma unutmayaq ki, Trampın təsir dairəsində olan siyasi fiqurların və nəşrlərin də sayı kifayət qədərdir. Ona görə də düşünürəm ki, seçkilərin taleyi son 14 gün ərzində həll olunacaq. Təbii ki, namizədlərdən bu və ya digərinə yenidən sui-qəsd təşkil olunmasa... Məsələnin digər tərəfinə gələk, ABŞ-da seçkilərin taleyini hər zaman böyük ştatlar həll edib. Hazırkı duruma əsasən deyə bilərik ki, böyük ştatların əksəriyyətində Harris yox, Tramp öndədir. Digər tərəfdən, amerikalılar demokratların bulanıq siyasətlərindən yorulub və təngə gəliblər. Onlara Tramp kimi iqtisadi təfəkkürlü, dinamik bir lider lazımdır. Özləri belə deyirlər. Düşünürəm ki, arxasında böyük dəstəyin olmasına baxmayaraq, xanım Harrisin işi yenə də çətin olacaq. Çünki Donald Trampın komandası daha peşəkar, özü isə daha prinsipial fiqurdur".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR