İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən təhlükəli peşənin prestiji

671 03.08.2024 11:35 Yazarlar A A

 

Soruşsam ki, dünyanın ən təhlükəli peşəsi hansıdır, hamıdan qabaq jurnalistlər çığır-bağır salacaqlar ki, bizimkidir, bizimkidir, ildə filan qədər həmkarımız qaynar nöqtələrdə öldürülür.

Ona qalsa, o qaynar nöqtələrdə yüz o qədər hərbçi öldürülür, demək, hərbçi peşəsi daha təhlükəlidir. Amma söhbət dinc dövrdən gedir. Müharibədə hamını öldürürlər, peşələrinə baxmırlar.

Müəllimləri dindirsək, onlar da deyəcək ki, peşəmiz çox təhlükəlidir, uşaqlar başımızı xarab edir, hamımız əsəb xəstəsiyiq. Onlar xeyli dərəcə haqlıdırlar. İndiki uşaqlarla işləmək təhlükəlidir. Hamısını smartfonu var, şillə-qapaz işlətmək olmur, çəkib yayırlar.

Heç həkimlərin peşəsi də təhlükəsiz deyil. Xüsusilə də təcili yardım həkimlərinin. 90-100 yaşlı qarı və qocaların ölməsinə görə hər il nə qədər təcili yardım həkimi döyülür. Sadəcə, statistikası yoxdur.

Amma bir peşə var ki, hamısından təhlükəlidir. Bu, casusluqdur. Nə öz dövlətinin xeyrinə casusluq edənlər rahat nəfəs alır, nə də xarici dövlətə işləyənlər. Günləri gün deyil. Eyzən ifşa qorxusu altında yaşayırlar.

İfşa olunanda isə zülm-zillət başlayır. Dünyanın heç yerində casusların başını sığallamırlar. Hərçənd elə variantlar da olur. Yaxalanan casus ikinci tərəflə əməkdaşlığa razılıq verəndə ta dəymirlər. Amma onda da birinci tərəfdən ifşa olunmaq qorxusu başlayır. Nəticədə yazıqlar arada qalır.

O yaxasında sianid kapsulu gəzdirən kəşfiyyatçıların dövrü arxada qalıb. İndi heç kəs yaxalanma təhlükəsi hiss edəndə canına qıymır, sianid turşusu zəhər kimidir, acıdır, can isə şirin.

Əslində deyəsən, o bir az da əfsanə söhbətdir. Yaxasında sianid ampulu gəzdirən kəşfiyyatçılar ya çox az olub, ya da heç olmayıb. Hər halda indiyə qədər yüzlərlə casus yaxalanıb, amma heç birinin vikipediyasında “ağzında sianid ampulu sındıraraq inihar edib” qeydi yoxdur. Ola bilər, ya ampulun şüşəsi qalın olub, sınmayıb, ya da zəhər çox qaldığından vaxtı keçib, keyfiyyətini itirib.

Sovetin vaxtında və ondan sonra adı Oleq olan və Qərbə işləyən çoxlu casus olub: Oleq Penkovski, Oleq Lyalin, Oleq Kalugin, Oleq Qordiyevski, Oleq Tumanov, Oleq Smolenkov və başqaları. Hələ papaq altda nə oleqlər olub, təkcə KQB bilir. Sovetin kəşfiyyat generallarının ağlına gəlmirmiş ki, sistemə Oleq adında adam götürməsinlər.

Xüləs, indi Rusiya xarici ölkələrdən yeddi casusunu birdən alıb. Son illərdə ilişibmişlər, tərs kimi, üstlərində də sianid olmayıb. Səfirliklərdə işləsələr, yəni diplomatik toxunulmazlıqları olsa, onları tutmazdılar, eləcə, “persona non qrata” elan edib ölkədən deportasiya edərdilər.

Yeri gəlmişkən, bu söz (“persona non qrata”) yaxşı, gurultulu səslənir – komendant, yefreytor, kvartirant, referent kimi. Amma tərcüməsi, bildiyiniz kimi, “arzuedilməz şəxs”dir. Daha loru dildə desək, “üzünə tüpürülərək ölkədən qovulmuş şəxs” ifadəsi daha dəqiq ola bilər. Ukraynada müharibə başlayandan bəri yüzlərlə diplomatı bu cür ediblər – hər iki cəbhədən. Avropa ölkələri rus diplomatları “per-non-qr” edir, bunlar da onları.

Bir ara, casuslar ölkəmizdə qayır-qayır qaynaşırdılar. Onların əlindən sosial şəbəkəyə girmək olmurdu, öz ölkəsinin xeyrinə bir söz deyənləri “xain”, “satqın”, “kafir” adlandırır, pisikdirirdilər. Vətənpərvər olmaq təhlükəliydi, üç cəbhədən söyüş qazanmaq demək idi.

Yaxşı ki, sonra əlaqədar orqanlar casuslara, başqa dövlətlərə işləyənlərə və rəğbət bəsləyənlərə bu ölkənin adının nə olduğu başa saldılar. Məlum oldu ki, bu ölkədə də casusluq təhlükəli peşəymiş. Adamı boyunlayıb basırlar içəri. Yoxsa bəziləri çox arxayınlaşmışdılar, artıq gizli fəaliyyət göstərmək istəmirdilər, təşkilat yaradıb Ədliyyə Nazirliyində qeydiyyatdan keçirirdilər.

Nə qədər təhlükəli peşə olsa da, casusluğun prestiji də var, prezidentlərlə oturub-dururlar. Məsələn, Amerkadan alınan casusları Putin qarşıladı, Rusiyadan gedən casusları isə - Bayden.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR