İnsanlara hürriyət, millətlərə istiqlal!

Yarım milyon insanı şüalanmaya məruz qoyan atom qəzası – Xruşov hadisə ilə bağlı sənədləri ləğv etməyə cəhd edib

492 03.08.2024 10:51 Yaxın tarix A A

70 illik SSRİ tarixinin maraqlı səhifələrindən biri də ölkədəki qapalı şəhərlərlə bağlıdır. SSRİ ərazisində elə məkanlar olub ki, həmin yerlər illər boyu sıravi sovet vətəndaşından gizli saxlanıb.

Bu məkanlar “tam məxfi və qapalı şəhərlər” adlandırılıb. Onların nə adı bilinib, nə də xəritədə əksi olub. Həmin şəhərlər vilayət mərkəzlərinin adlarının qarşısına müəyyən bir rəqəm qoymaqla şərti ad daşıyıblar. Belə şəhərlərin sakinləri xüsusi iltizamlar imzalayıblar. Yəni, şəhər və şəhərdə mövcud olan obyektlər haqqında ən kiçik bir məlumatın yayıldığı təqdirdə onları cəza gözləyib.

unnamed-2.jpg (94 KB)

Təbii ki, ortaya belə bir sual çıxır. Bu qadağalar, qapalılıq və məxfilik nəyə görə tətbiq olunub? Çünki həmin şəhərlərdə dövlət əhəmiyyətli enerji, hərbi və kosmik obyektlər fəaliyyət göstərib.

Bu şəhərləri digərlərindən fərqləndirən cəhətlərdən biri də təminat məsələsi olub. Belə ki, adi sovet vətəndaşı üçün əlçatmaz sayılan defisit mallar qapalı şəhərlərdə münasib qiymətə açıq satışda müştərilərə təklif olunub. Kənar şəxslərin isə bu məkanlarda alış-verişi qadağan edilib.

SSRİ-nin qapalı şəhərlərindən biri də Çelyabinsk vilayətində Çelyabinsk 65 (bəzi mənbələrdə Çelyabinsk 40) şəhəri olub. Hazırda bu şəhər Ozersk adını daşıyır. Göllərin ətrafında yerləşdiyindən şəhərə məhz belə ad verilib. 70 minə yaxın əhalisi olan Ozersk 1950-ci illərin əvvəllərindən qapalı şəhər statusu alıb. Belə ki, şəhərdə “Mayak” atom kompleksi fəaliyyət göstərib.

b9efb.jpg (91 KB)

29 sentyabr 1957-ci ildə SSRİ-də ilk dəfə atom sənayesi sahəsində qəza da məhz elə bu qapalı şəhərdə, “Mayak”da baş verib. Qəza Şərqi Uralda böyük ərazini radioaktiv çirklənməyə məruz qoyub.

Soyutma sisteminin sıradan çıxması nəticəsidə təqribən 80 kub metr yüksək radioaktivliyə malik nüvə tullantısı olan 300 kub metr həcmli anbar partlayaraq atmosferə təqribən 20 milyon küri radiyasiya atıb. Maye və bərk aerozollardan ibarət olan radioaktiv bulud küləyin istiqaməti boyu ümumilikdə 23 min kvadrat kilometr ərazini radioaktiv hissəciklərlə çirkləndirib.

Qəzanın nəticələrinin aradan qaldırılmasında on minlərlə hərbi və mülki şəxs iştirak edib və onlar əhəmiyyətli dərəcədə şüalanmaya məruz qalıblar. Hazırda təqribən uzunluğu 300, eni 5-10 kilometr olan “Şərqi Ural radioaktiv ərazisi” qoruq elan edilib, yüksək radioaktiv fon olan bu ərazidə hər hansı bir kənd təsərrüfatı sahəsinin fəaliyyəti qadağan edilib.

4f84c.jpg (56 KB)

Qeyd edək ki, qəza nəticəsində ümumilikdə yarım milyona yaxın insan şüalanmaya məruz qalıb.

Qəzadan dərhal sonra Nikita Xruşovun imzaladığı sərəncamla xüsusi komissiya yaradılıb. Müvafiq qurumların nümayəndələri Çelyabinsk vilayətinə ezam olunublar. Mütəmadi olaraq komissiyanın işi haqqında Kremlə ətraflı məruzələr edilib.

Komissiya işini yekunlaşdırdıqdan sonra Mərkəzi Komiədə qəzanın fəzadlarının aradan qaldırılması, əhalinin təxliyəsi, “Mayak” kompleksinin bərpası və digər məsələlərlə bağlı qərarlar qəbul edilib.

Qəbul olunmuş qərarlarda diqqət çəkən məqamlardan biri DTK ilə bağlı olub. Qərarın bəndlərinin birində bu sətirlər öz əksini tapıb:

“SSRİ DTK-sı Çeyabinsk 65-də, “Mayak” atom kompleksində baş vermiş qəzanın tam məxfi saxlanılmasını təmin etsin”.

DTK Mərkəzi Komitənin bu göstərişini 1989-cu ilə qədər icra edib. Amma elə 1957-ci ilin sonlarında, 1959, 1961, 1969, 1976, 1985-ci illərdə Almaniya, Amerika Birləşmiş Ştatları, Fransa və bir sıra ölkələrin kütləvi informasiya vasitələrində qəza ilə bağlı olduqca geniş, ətraflı, sovet vətəndaşlarının bilmədikləri faktlarla zəngin yazılar dərc olunub. Xarici mətbuat qəzanı sovet atom sənayesinin uğursuzluğu kimi təqdim edib. Sözsüz ki, bu cür təqdimat da SSRİ-nin siyasi imici üçün böyük zərbə olub.

Beləliklə, SSRİ tarixinə Xruşovun hakimiyyət illərinin daha bir faciəli hadisəsi yazılıb. Onu da qeyd edək ki, Xruşov atom qəzası hadisəsini tarixdən silmək üçün 1962-ci ildə qəza ilə bağlı “tam məxfi” qrifli qovluqların ləğvinə cəhd edib, amma Siyasi Büro üzvləri bu məsələdə qətiyyət nümayiş etdirərək Xruşova mane ola biliblər.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR