İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfərin nümayişi, MEDİANIN GÜCÜ – Şuşadan dünyaya VERİLƏN MESAJ – FOTOLAR

530 22.07.2024 16:11 Gündəm A A

İşğaldan azad olunandan sonra Şuşada 1-ci Qlobal Media Forumu ötən il keçirilib. “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusuna həsr olunan Forum 21-23 iyul tarixlərində baş tutub. Cari il iyulun 20-22 iyul tarixlərində isə “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilib. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Dövlətimizin başçısı “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İsthamın moderatorluğu ilə çoxsaylı sualları cavablandırıb.

 Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunub. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparıblar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.

Forumun ictimai-siyasi əhəmiyyəti barədə Medianews.az-a danışan Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, Şuşada keçirilən II Qlobal Media Forumu mühüm hadisədir. Onun sözlərinə görə, ötən il də Şuşada keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən media mütəxəssisləri, jurnalistlər iştirak ediblər və Prezident İlham Əliyev onların suallarını geniş cavablandırıb: “Bu il də o ənənə davam etdi. Üç saatdan artıq Cənab Prezident müxtəlif məzmunlu beynəlxalq medianın nümayəndələrinin suallarını cavablandırdı. Dezinformasiyaya qarşı mübarizə, yalan məlumatların ifşası Forumun əsas müzakirə mövzularından biri oldu. Texnologiyaların inkişafının medianı yeni problemlərlə qarşılaşdırdığı da vurğulandı. Bu mənada Forum çərçivəsində aparılan müzakirələr həm ümumi dünyadakı bütün medianın gələcək aqibəti, həm də Azərbaycan mediasının peşəkarlaşması baxımından mühüm əhəmiyyətə malikdir”.

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu da son üç gün ərzində Şuşada kifayət qədər ciddi, maraqlı, beynəlxalq əhəmiyyətli tədbirin iştirakçısı olduğunu vurğulayıb: “İyul ayının 20-dən Şuşada II Qlobal Media Forumu öz işinə başlayıb. Forumda əsas mövzu məhz dezinformasiyalar, feyklər, XX əsrin dünya jurnalistikası, beynəlxalq jurnalistika qarşısında qoyduğu yeni çağırışlar, bizim bu çağırışlara cavab verməyimiz üçün ata biləcəyimiz əməli addımlar, peşəkarlığın meyarları və sair olub. Yəni bütün bu sürətli dəyişikliklər, informasiya texnologiyalarının çox sürətlə inkişaf etməsi fonunda peşəkarlığın meyarları,  professional jurnalistika və sosial media münasibətləri, süni intellektin mediaya təsiri və sair bu kimi çox vacib, maraqlı, xüsusən də biz jurnalistər üçün son dərəcə əhəmiyyət daşıyan mövzuların müzakirəsinin iştirakçısı olduq. Forumda 50-ə yaxın ölkənin 150-dən artıq təmsilçisi iştirak edib. Müxtəlif beynəlxalq media qurumlarının nümayəndələri Foruma qatılıb. Həm çıxışlarda, həm də təqdimatlarda yeni çağırışlarla bağlı praktik keyslər ətrafında maraqlı müzakirələr aparılıb. Hesab edirəm ki, bu, maraqlı bir təcrübə və fikir mübadiləsidir. Eyni zamanda əhəmiyyətli olan bir ünsiyyətdir, kommunikasiyadır. Jurnalist olaraq nələrə hazırlıqlı olmağımız, bizi qarşıda nələrin gözləməsi, sürətli dəyişikliklərin jurnalistikaya təsiri və sair mövzular müzakirə olunur. Bu mənada Forum olduqca maraqlı və əhəmiyyətlidir. Düşünürəm ki, belə forumların keçirilməsi Azərbaycan jurnalistikasının inkişafına həm nəzəri, həm də praktik nöqteyi-nəzərdən olduqca böyük təkan verir”.

“Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu bildirib ki, Şuşada keçirilən II Qlobal Media Forumu Azərbaycan mediasının təqdimatı və tanınması nöqteyi-nəzərdən son dərəcə əhəmiyyəti tədbirdir. O qeyd edib ki, dünyanın ən müxtəlif ölkələrindən 160-a yaxın xarici qonağın, televiziya, informasiya agentlikləri də daxil olmaqla, 30 media qurumunu təmsil edən peşəkarların Şuşada toplanması son dərəcə önəmli hadisədir: “Ötən il də bu sayda qonaq Forumda iştirak edib. Bu bizim zəfərimizin nümayişi və təqdimatıdır, mediamızın gücüdür. Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin mediaya münasibətidir. Eyni zamanda da bir mesajıdır. Azərbaycan Prezidenti mesaj verir ki, dünya mediası, informasiya məkanı ilə inteqrasiya etmək lazımdır. Forumda iştirak edən dünya çapında ekspertləri dinləyərək, onları müşahidə edərək biz menecerler, kütləvi informasiya vasitələri rəhbərləri də mediamızın gələcəyi ilə bağlı öz planlarımızı qurmaq fürsəti əldə edirik. Ona görə də həm I, həm də II Qlobal Media  Forumunu təşkil edən dövlətimizə, prezidentimizə təşəkkür edir, bizə yaradılan bu fürsəti yüksək qiymətləndiririk”.

R.Arifoğlunun qənaətincə, Şuşada baş tutan tədbirin ən önəmli tərəflərindən biri də budur ki, biz ilk dəfədir torpaq bütövlüyü şəraitində qlobal Media Forumu keçiririk: “Eyni zamanda Milli Mətbuat Günümüzü də müstəqilliyimizi elan etdikdən indiyə kimi ilk dəfədir ki, ərazi bütövlüyü şəraitində qeyd edirik. Əlamətdar hadisələrdən biri də odur ki, biz Azərbaycan jurnalistləri olaraq ilk dəfədir ki, Xankəndinə Şuşadan, Cıdır düzündən deyil, bilavasitə şəhərin içərisindən baxmaq fürsəti əldə etdik və Xankəndində qaldıq. Azərbaycan Prezidenti belə bir jest həyata keçirdi. Xankəndinin yeni açılmış hotelinə ilk dəfə olaraq qonaq qismində Azərbaycan jurnalistləri qaldı. Xankəndindən görüntülər yasaq idi, həmin yasaq da aradan qalxdı. Bizə fürsət verildi ki, Xankəndindən canlı yayın həyata keçirək. Bunu da həm televiziya əməkdaşları, həm də mən – klassik və yeni medianın inteqrasiya olunmuş media qrupuna rəhbərlik edən Rauf Arifoğlu olaraq həyata keçirdik. Xoşbəxtik, ümidliyik, gələcəyə baxışımız çox nikbindir”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR