İnsanlara hürriyət, millətlərə istiqlal!

Zəfər seçkisinə qərəzlə yanaşanlara ŞİLLƏ kimi CAVABLAR

945 08.12.2023 14:22 Siyasət A A

“Növbədənkənar prezident seçkisinin 2024-cü ilin fevralına təyin edilməsi bir sıra amillərlə bağlıdır. Bunların içərisində ən mühümü ölkə və regionumuzdakı yeni reallıqlardır”.

Bu barədə Musavat.com-a MSK-nın sabiq üzvü, politoloq Yusif Bağırzadə bildirib.

YUSİF.jpg (221 KB)

Y.Bağırzadə deyib ki, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb:

“Nəticə etibarilə budəfəki seçki Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçiriləcək. Başqa sözlə desək, seçki ərazilərimizdə hər hansı separatizm yuvası olmadan keçiriləcək.

İndi Şuşada, Zəngilanda, Füzulidə, Xankəndidə, işğaldan azad olunmuş digər yaşayış məntəqələrində seçki məntəqələri yaradılacaq və seçki bütün ölkə ərazisində keçiriləcək. Bu seçki həm də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti demək olacaq. Regionda tam müstəqil bir ölkənin olmasını və Azərbaycanın qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Odur ki, növbədənkənar seçki həm də bu siyasi sistemin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ümumiyyətlə, növbədənkənar seçki təcrübəsi dünyada qəbul olunmuş bir siyasi təcrübədir. Dünyanın ən inkişaf etmiş ölkələrində belə tez-tez bu nümunələrə rast gəlmək mümkündür. Hər yeni seçki dövlətin idarəolunması mexanizmində də inkişaf və boşluqları aradan qaldırmaq üçün bir fürsətdir”.

Politoloq qeyd edib ki, 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkisini Zəfər seçkisi də adlandırmaq olar:

“Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev hələ Prezident seçilərkən xalqa verdiyi sözlərə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda və digər ərazilərimizdə şərəflə dalğalandırdı.

Sözsüz ki, Prezident tərəfindən növbədənkənar seçkilərin elan olunması həm də özünə inamın, xalqın siyasi dəstəyinə əminliyin ən bariz göstəricisidir. Mən tamamilə əminəm ki, “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkidə də yanında olacaq, onun xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”.

Y.Bağırzadə təəssüf edir ki, seçkilərin növbədənkənar elan edilməsi ilə qərəzli mövqe ortaya qoymağa cəhd edənlər də var:

“Əslində isə potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı universal bir fürsətdir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümündən başqa bir şey deyil.

Seçkilərə hazır deyildik bəhanəsi ilə çıxış edənlər bilməlidirlər ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsi növbəti prezident seçkisinin keçirilməsi ilə növbədənkənar prezident seçkisinin keçirilməsi arasında hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir. Seçki Məcəlləsinə görə, istər normal, istərsə də növbədənkənar prezident seçkilərində namizədlərin irəli sürülməsi, qeydə alınması, təbliğat kampaniyası dövrü üçün verilən müddət eynidir və bu baxımdan da vaxt azlığını arqument gətirmək sadəcə bəhanədir.

Seçki Məcəlləsi bütün namizədlərə bərabər hüquqlar tanıyır və namizədlərin hər biri bərabər öhdəliklər daşıyır. Onu da nəzərə almaq lazımdır ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara müvafiq imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.

Odur ki, öz qərəzli ritorikalarında daim seçkiləri tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevral ayında nəzərdə tutulmuş seçkilərin keçirilməsi ilə bağlı qərəzli fikirləri sadəcə ucuz demaqogiyadır. Bu, bir daha heç bir elektoratı olmayan və ötən illər ərzində bütün etibar limitini itirmiş radikalların öz zəifliyini etiraf etmək əvəzinə növbəti dəfə təxribat və cəmiyyətdə ixtilaf yaratmaq yolunu seçdiyini göstərir”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR