Müğənni Zamiq Hüseynov oğlu ilə Qarabağa gedib.
Musavat.com xəbər verir ki, o, Şuşada oğlu ilə birgə çəkilmiş şəkillərini paylaşaraq bu sözləri yazıb:
“İlk dəfə oğlumu Qarabağa apardım. Füzuli, Şuşa, Xankəndi, Xocalı, Ağdam. Çox qürurverici bir məqam idi. Mən bu yaşlarda çıxmışdım o torpaqlardan. Toz-torpaq, tanklar, anaların qışqırtı səsləri... O illər mənim üçün ən böyük travma idi. Bu gün Zəfər yolu ilə oğlumu ora apararkən içimdə o qədər qürur hissi var idi ki, sözlə ifadə edə bilmərəm. Bu qüruru bizə bəxş edən bütün Qəhrəmanlarımızın qarşısında baş əyirəm.
Bu arada, Şuşada olarkən bir çox məkanlara getdim, çay içdik, kofe içdik, yemək yedik və içimdən belə bir hissmi desəm, təklifmi desəm, istəkmi ki, Şuşa şəhərində yalnız 90-cı illərə qədər olan musiqilər səslənsin. Kafelər, hoteller, hətta radiolar, bilmirəm oranın dalğası başqa olsun.
Təsəvvür edin, hotelə daxil olursan, Rəşid Behbudov oxuyur, kafede oturursan, Qara Qarayev əsərləri, Tofiq Quliyev əsərləri, digər yerə keçirsən, Şövkət xanım, Elmira xanım, İsa bulağı, muğamlarımız... Bir çox küçələrdə Üzeyir bəyin əsərləri, Bülbülün səsi…
Yazarkən belə xoşbəxt oluram. Hətta maşınlara icazə verilməsin ki, yüksək səslə hansısa bir musiqi səsi gəlsin. Yalnız 90-cı illərə qədər olan musiqilər. Çünki mən Şuşaya gedərkən elə bilirəm ki, incəsənət muzeyinə girirəm, musiqi dünyası, dahilər diyarı, bilmirəm, özümü tam başqa bir yerdə hiss edirəm! Daşa, divara toxunanda belə həyəcanlanıram”.
Könül
Musavat.com









