Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsinin süni intellektin (Sİ) gələcək inkişafı və idarə olunması ilə bağlı qlobal baxışını və strateji hədəflərini bəyan edib.
Musavat.com xəbər verir ki, Çin lideri bütün dövlətləri bu sahədə humanizm prinsipini əsas götürməyə və texnologiyanı bəşəriyyətin rifahı naminə inkişaf etdirməyə çağırıb. Si Cinpin bildirib ki, süni intellekt qlobal təhlükəsizliyin və ümumi rifahın əsas hərəkətverici qüvvəsinə çevrilməli, həmçinin ədalətli və bərabərhüquqlu beynəlxalq idarəetmə sisteminin qurulması üçün dünya dövlətləri qüvvələrini birləşdirməlidir.
Onun sözlərinə görə, bu texnologiyanın tətbiqi fərqli mədəniyyətlərin unikal xüsusiyyətlərini və sivilizasiyaların rəngarəngliyini zədələməməlidir.
Çin rəhbəri, həmçinin süni intellekt üzərində nəzarətin itirilməməsi üçün dəqiq, effektiv qlobal nəzarət mexanizmlərinin yaradılmasını və texnologiyanın inkişafının insan müdrikliyi ilə istiqamətləndirilməsini zəruri hesab edib.
Musavat.com






