Yüksək temperaturun insan sağlamlığına təsiri ilə bağlı yeni araşdırma diqqət çəkib.
Musavat.com xəbər verir ki, məlum olub ki, isti hava səbəbindən insanlar hər il orta hesabla yeddi gecəlik yuxu itirirlər.
ABŞ-nin qeyri-kommersiya təşkilatı Climate Central-ın araşdırmasına görə, dünyanın iri şəhərlərində yaşayan insanlar yüksək temperatur səbəbindən ildə orta hesabla 56 saata qədər yuxu itirirlər. Bu isə təxminən yeddi tam gecəlik yuxuya bərabərdir.
Araşdırma müxtəlif ölkələrdə yerləşən 1338 iri şəhəri əhatə edib. Təhlillər göstərib ki, 1970-ci illərin əvvəllərindən bəri isti hava səbəbindən itirilən yuxu saatlarının sayı ən azı iki dəfə artıb.
Ən böyük itkilər Yaxın Şərq və Cənub-Şərqi Asiyada qeydə alınıb. Həmin bölgələrdə yaşayan insanlar ildə 55-91 saat arasında yuxu itirirlər.
Avropada isə yüksək temperatur yuxuya ən çox İtaliya, Yunanıstan, İspaniya və Fransanın cənubunda təsir göstərir. Ən az yuxu itkisi isə Stokholm, Helsinki və Osloda müşahidə olunub.
Tədqiqat müəllifləri bildirirlər ki, yuxu çatışmazlığı orqanizmin bərpasını çətinləşdirir, əhval-ruhiyyəni pisləşdirir, diqqət və məhsuldarlığı azaldır, həmçinin ürək-damar və immun sistemlərinə düşən yükü artırır.
Musavat.com






