Rusiyanın Mərkəzi Bankının keçmiş sədr müavini Yuri İsayev vəzifəsindən ayrıldıqdan dərhal sonra ölkəni tərk edib və bir daha Rusiyaya qayıtmayıb.
Musavat.com xarucu agentliklərə istinadən xəbər verir ki, Yuri İsayev hazırda Kiprdə yaşayır. Bildirilir ki, onun ailəsinə məxsus daşınmaz əmlak da həmin ölkədə yerləşir.
Mənbələrin sözlərinə görə, vəziyyətin diqqətçəkən tərəfi ondan ibarətdir ki, Yuri İsayev bir vaxtlar Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktorunun birinci müavini Sergey Smirnovun müşaviri işləyib. Onu tanıyanlar isə İsayevi Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) əməkdaşı kimi tanıdıqlarını bildirirlər. Bundan başqa, onun kriminal aləmdə "Antikvar" ləqəbi ilə tanınan İlya Traber ilə çox yaxın münasibətlər saxladığı iddia olunur.
Yuri İsayev on ildən artıq müddətdə Əmanətlərin Sığortalanması Agentliyinə (ASV) rəhbərlik edib. 2022-ci ilin yanvarında isə Rusiya Mərkəzi Bankının sədr müavini təyin olunub və həmin ilin iyununda Xarici investisiyalara nəzarət üzrə Hökumət Komissiyasının tərkibinə daxil edilib.
Lakin artıq avqust ayında gözlənilmədən onun istefaya getdiyi məlum olub. Layihənin mənbəsi İsayevin istefasının ölkədən qaçmazdan əvvəl, yoxsa sonra baş verdiyini dəqiq bilmədiyini desə də, həmin dövrdə onun Rusiyadan yoxa çıxdığını bildirib. İlkin məlumata görə, sabiq sədr müavini ailəsinə məxsus daşınmaz əmlakın yerləşdiyi Kiprə köçüb.
İsayevin rəsmi bioqrafiyası 1992-ci ildən başlayır. Həmin vaxt o, cəmi 20 yaşında "Rossiyski Kredit" bankında konvertasiya olunan valyutalar üzrə hesablaşmalar şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlayıb. Cəmi səkkiz il sonra isə bankın Direktorlar Şurasının sədri vəzifəsinə yüksəlib.
Bundan iki il sonra o, Rusiyanın iqtisadi inkişaf və ticarət naziri German Qrefin müavini təyin olunub. Sonra isə FTX direktorunun birinci müavini Sergey Smirnovun müşaviri işləyib.
Daha sonra İsayev FTX-nin Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Proniçevin rəhbərlik etdiyi "Dinamo" cəmiyyətində sədrin birinci müavini vəzifəsində çalışıb.
O, qısa müddət "Vahid Rusiya" Partiyasından Dövlət Dumasının deputatı olub, 2012-ci ildə isə Əmanətlərin Sığortalanması Agentliyinə rəhbər təyin edilib.
Bu vəzifədə işlədiyi dövrdə İsayevin FTX-nin "K" İdarəsinin o vaxtkı rəisi Viktor Voronin ilə daim sıx əlaqədə olduğu bildirilir. Mənbənin sözlərinə görə, Voronin vəzifəsindən uzaqlaşdırıldıqdan sonra İsayev onu ASV-də özünə müavin olmağa dəvət edib.
Mənbənin iddiasına görə, Yuri İsayev Dövlət Dumasının nüfuzlu deputatı Vladislav Reznik (kriminal aləmdə tanınan Gennadi Petrov və İlya Traberin yaxın dostu), digər deputat Qleb Xor (xüsusi xidmət orqanları yanında nüfuzlu "problemləri həll edən şəxs" kimi tanınır) və eləcə də İlya Traber ilə çox yaxın münasibətlər saxlayıb.
Həmsöhbət bildirir ki, İsayev çox məhdud çevrədə uzun illər SVR əməkdaşı olduğunu deyirmiş.
Verilən məlumatlara görə, onun ölkədən qaçması üçün kifayət qədər səbəblər olub.
Belə ki, 2019-cu ildə FTX-nin "K" İdarəsinin bank şöbəsinin rəisi Kirill Çerkalin saxlanılıb. Ardınca həmin idarənin keçmiş rəis müavini Dmitri Frolov da həbs edilib. Mənbənin sözlərinə görə, hər iki şəxs Yuri İsayevə çox yaxın olub.
Bundan sonra ASV-nin baş direktorunun birinci müavini Valeri Miroşnikov da təcili şəkildə Rusiyanı tərk edib. İddialara görə, həmin vaxtdan etibarən Yuri İsayevin ətrafında da vəziyyət getdikcə ağırlaşıb.
İsayev ölkəni tərk etdikdən sonra, 2025-ci ilin oktyabrında, uzun illər onun ASV-də müavini işləmiş, daha sonra isə İsayev Mərkəzi Banka keçdikdən sonra agentliyə rəhbərlik edən Andrey Melnikov həbs olunub.
Eyni vaxtda ASV ilə əlaqəli və "problemləri həll edən vəkil" kimi tanınan İrina Şoç da saxlanılıb. Lakin sonradan istintaqla əməkdaşlığa razılaşdığı üçün sərbəst buraxılıb.
İddialara görə, məhz İrina Şoç uzun illər dünyanın müxtəlif ölkələrinə səfər edərək Rusiyadan qaçmış bankirlərə qarşı Yuri İsayev, Andrey Melnikov və onlarla əlaqəli FTX əməkdaşlarının maraqları naminə fəaliyyət göstərib.
Musavat.com






