İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlaxda ermənilərlə görüş başlayır - şərtlər məlum

558 21.09.2023 08:11 Siyasət A A

Ali Baş Komandan, Azərbaycan Ordusu yenidən möhtəşəm tarix yazdı; sırada hərbi canilərin verilməsi tələbi də var...

Azərbaycan silahlı qüvvələrinin Qarabağda sentybarın 19-da başladığı lokal antiterror tədbiri cəmi 24 saat sonra nəticəsini verdi. Qarabağdakı erməni separatçılar Rusiya sülhməramlılarına müraciət edərək faktiki olaraq Azərbaycanın şərtlərini qəbul etdiklərini bildiriblər.

Azərbaycanın şərtləri bundan ibarət idi ki, antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri “ağ bayraq” qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Bakı erməniləri reinteqrasiya və digər məsələlərin müzakirəsi üçün Yevlağa dəvət edib.

Ermənilərin şərtləri qəbul etməsindən sonra 20 sentyabr saat 13.00-da Azərbaycan lokal antiterror tədbirini dayandırıb. Aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Qarabağdakı erməni sakinlərin nümayəndələri bu gün sentyabrın 21-də Yevlax şəhərinə gələcəklər və onlarla danışıqlar aparılacaq.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dünən günün ikinci yarısı yaydığı açıqlamada deyilir ki, sentyabrın 21-də Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş keçiriləcək: “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək”.

Elman Nəsirov: “Şarl de Qoll dirilib görsəydi ki…” Pravda.az

Elman Nəsirov

Azərbaycan Ordusunun 1 sutka davam edən lokal antiterror tədbirləri ilə əldə olunan nəticə ölkə ictimaiyyətində böyük sevinclə qarşılanıb. Milli Məclisin deputatı Elman Nəsirov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan silahlı qüvvələrinin Qarabağ iqtisadi rayonunda sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərinin sentyabrın 20-də saat 13-də dayandırılmasına səbəb Qarabağda yaşayan erməni sakinlərin nümayəndələrinin Rusiya sülhməramlıları vasitəsilə Azərbaycana müraciətləri olub. Həmin müraciətdə Azərbaycanın şərtlərinin qəbul edildiyi ifadə olunub: “Razılaşmada əsas şərtimiz ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin birləşmələri və erməni silahlı dəstələri tərk-silah edilir, onlar silahı yerə qoyurlar və Azərbaycan ərazisini tərk edirlər. Erməni silahlı dəstələri özünü buraxmış elan edir. Ermənistan silahlı birləşmələri və erməni silahlı dəstələri bütün silahlarını, hərbi texnikalarını Azərbaycana təhvil verir və bütün bu proses də Rusiya sülhməramlı qüvvələri ilə əlaqələndirilmiş şəkildə həyata keçirilir.

Bu, Azərbaycanın çox böyük, tarixi qələbəsidir. Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan Ordusu yenidən möhtəşəm tarix yazdı. Ermənistan silahlı birləşmələri və onların himayəsi altında fəaliyyət göstərən erməni silahlı quldur dəstələri gördülər ki, müqavimətin mənası yoxdur, Azərbaycanla hərbi müstəvidə danışmaq qeyri-mümkündür, Azərbaycan Ordusuna qarşı döyüşmək özünü intihardan başqa bir şey deyil. Ona görə də bir sutkadan artıq duruş gətirə bilmədilər və Azərbaycan Ordusu qarşısında “ağ bayrağı” qalıdımağa, şərtlərimizi qəbul etməyə məcbur oldular.

Tarixi ədalət bütün Qarabağa gəlmiş oldu. Tezliklə Azərbaycan bayrağı Xankəndidə və digər ərazilərimizdə də dalğalanacaq, suverenliyimiz həmin ərazilərdə bərpa ediləcək. Yevlaxda keçiriləcək görüşdə Qarabağda erməni əsilli Azərbaycan vətəndaşlarının reinteqrasiya məsələləri müzakirə olunacaq". 

Anar Əliyev: "Paşinyan anlayır ki..."

Anar Əliyev

Politoloq Anar Əliyev də bildirdi ki, Azərbaycan Qarabağdakı həyata keçirdiyi lokal antiterror tədbirləri qısa müddətdə real nəticələr əldə etdi: “Bu antiterror tədbiri terrorçu separatçıları Azərbaycanın gücü ilə barışmaq məcburiyyətində qoymaqla yanaşı, şərtlərə razılaşmayacaqları halda qarşıda onları hansı talenin gözləyəcəyini dərk etmələrinə gətirib çıxardı. Separatçılar çıxılmaz vəziyyətdə olduqlarını dərk edirlər. Ona görə də Azərbaycanın şərtlərini qəbul etdiklərini bəyan etdilər.

21 sentyabrda Yevlaxda keçiriləcək görüşdə Azərbaycanın qanuni şərtlərini tamamilə qəbul etdiklərini və şərtləri dərhal yerinə yetirəcəklərini bəyan etməlidirlər. Azərbaycan daxilində olan məsələlər yalnız və yalnız Azərbaycan qanunvericiliyinə, konstitusiyamıza uyğun həll edilməlidir. Azərbaycan öz ərazisində heç bir etnik qrupa müstəsna hüquqlar, müstəsna səlahiyyətlər verilməyəcəyini dəfələrlə bəyan edib. Bizim vətəndaşımız olan erməni əhalinin hüquq və təhlükəsizliyi qanunvericiliyimizə uyğun olaraq təmin ediləcək.

Azərbaycan çağırış etmişdi ki, separatçı qurum buraxılmalı, təslim olmalıdır. Bu halda onlara qarşı beynəlxalq normalara uyğun davranış nümayiş olunacaq. Bakının mövqeyi birmənalı və qətiyyətlidir. Azərbaycan ərazisində bir nəfər də olsun qanunsuz erməni silahlı olmamalıdır. Azərbaycanın zarafat etmədiyini bir sutka ərzində separatçılar və Ermənistan gördü, bildi. Bütün ərazilərimizdə dövlət suverenliyimiz bərpa ediləcək".   

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop - Qısa, vizual, izahlı

Şahin Cəfərli 

Politoloq Şahin Cəfərli də bildirib ki, Qarabağ erməniləri Bakının şərtlərini qəbul edib: “Ermənistan ordusunun bölmələri çıxarılacaq, yerli erməni qüvvələri tərk-silah olunacaq .Yevlaxda Bakı və Qarabağ ermənilərinin təmsilçiləri arasında görüş keçiriləcək. Qarabağ ermənilərinin reinteqrasiyası və Azərbaycan Konstitusiyası çərçivəsində hüquq və təhlükəsizliklərinin təmin olunması məsələləri müzakirə ediləcək. Bu, şübhəsiz ki, ciddi, hətta tarixi əhəmiyyətli uğurdur. "DQR hekayəsi" bitdi. Yeganə qeyri-müəyyən məsələ Rusiya hərbi kontingentinin 2025-ci ildən sonra da burada qalıb-qalmayacağıdır. Bu barədə böyük ehtimalla Bakı ilə Moskva arasında müzakirə aparılıb və ya aparılacaq".

Sonda qeyd edək ki, Ermənistanın “Hraparak” qəzeti dünən Azərbaycanın Qarabağdakı ermənilərə konkret siyahı təqdim etdiyi və həmin siyahıda adları olan Azərbaycana qarşı cinayət törətmiş şəxslərin Bakıya təhvil verilməsini tələb elədiyi barədə xəbər yayıb. Xəbərdə deyilir ki, həmin siyahıda Qarabağdakı separatçıların keçmiş liderlərinin, separatçılıq prosesində aktiv olan şəxslərin, hərbçilərin, habelə I və II Qarabağ savaşlarında Azərbaycan Ordusu və mülki əhaliyə qarşı qəddarlıq etmiş, ağır cinayətlər törətmiş şəxslərin adları qeyd olunub.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR