İnsanlara hürriyət, millətlərə istiqlal!

Yevlax görüşünün davamında nələr olacaq: proses sürətlənir - reinteqrasiya şərtləri...

1925 23.09.2023 09:48 Siyasət A A

Azərbaycan dövləti Qarabağ ermənilərinə yardım yolladı; STM icraçı direktorundan Qarabağ erməniləri ilə bağlı ilginc təkliflər

Azərbaycan növbəti dəfə proseslərdə söz sahibi olduğunu nümayiş etdirdi. Son günlərədək danışıqlardan yayınan Qarabağdakı erməni separatçılar aldıqları sarsıcıdı zərbələrdən sonra görüşə hazır olduqlarını bəyan etdilər. Beləliklə, bir günlük lokal antiterror tədbirlərinin nəticəsi olaraq sentyabrın 21-də Yevlaxda erməni sakinlərin təmsilçiləri ilə görüş keçirildi.

Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov, Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası bildirib ki, konstruktiv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb. Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib. Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb. Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər. Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır. Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib. Əlbəttə, elə ilk görüşdəcə son razılaşma əldə olunmasını gözləmək sadəlöhvlük olardı. Fakt bundan ibarətdir ki, ermənilər prinsipial olaraq Azərbaycanın əsas tələblərini qəbul ediblər, bunun ilk nümunəsi elə onların Yevlaxda görüşə gəlməsidir. Terrorçu rejimin silahları təhvil verməsi prosesi də paralel şəkildə həyata keçirilir.

Artıq Azərbaycanın ərzaq və digər zəruri mallar yüklənmiş yük maşınları Ağdamdan keçərək Xankəndiyə çatıb. Azərbaycan dövləti bununla növbəti dəfə böyük ürəyə sahib olduğunu göstərdi. Azərbaycan vətəndaşı olaraq yaşamaq istəyən mülki əhaliyə davamlı yardım ediləcəyi, lakin cinayətkarların cəzalandırılacağı barədə mövqeyə uyğun addımlar atılır. Artıq Prezident köməkçisi səviyyəsində ermənilərlə bağlı amnistiyanın anonsu verilib. BMT TŞ-dəki müzakirələr də göstərdi ki, bu proseslərdə haqlı tərəf Azərbaycandır. Erməni separatçıları Fransanın canfəşanlığı ilə keçirilən müzakirələrdən çox şey gözləyirdilər, artıq bu ümidləri də dəfn olundu və Azərbaycanın şərtlərini icra etməkdən başqa yol qalmır. 

Şübhəsiz ki, Yevlax görüşü reinteqrasiya üçün prosesin başlanğıc - A nöqtəsi kimi qiymətləndirilməlidir. Z nöqtəsinə çatmaq üçün, təbii ki, müəyyən zaman lazımdır. Öncə reinteqrasiyaya başlamaq üçün detallar konkretləşdirilməli və Azərbaycanın diktə etdiyi variant icra olunmalıdır. O zaman suallar ortaya çıxır: növbəti görüş nə zaman və harada ola bilər? Əgər ermənilər bu dəfə də prosesi yubadarlarsa, antiterror yenidən başlaya bilərmi? Bu kimi suallara ekspertlərimizin maraqlı cavabları var.

Sahib Məmmədov: “Azərbaycanda Əmək Məcəlləsi yenidən yazılmalıdır” -  12.06.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, lokal xarakterli antiterror tədbirinin nəticəsi olaraq Qarabağdakı oyuncaq və qanunsuz idarəetmə sistemi dağıldı: “İndi biz erməni mənşəli əhalini təmsil edən şəxslərlə əhalinin reinteqrasiya məsələlərini müzakirə edirik. Əlbəttə, ilkin mərhələdə belə təmaslar davamlı ola bilər. Lakin ümid edirəm ki, ən yaxın vaxtlarda qanunsuz silahlı birləşmələr silahları təhvil verəcək, Ermənistan vətəndaşları olanlar Ermənistana, yerli əhalidən olanlar isə mülki həyata qayıdacaq. Əlbəttə, müharibə cinayətləri törədənlər istisna olmaqla. Onlar mühakimə olunmalıdır. Həmçinin yaxın vaxtlarda ərazidə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq idarəetmə sistemi yaradılacaq. Mənim ehtimalıma görə, bir müddət bu idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında Əsasnaməyə uyğun olaraq həyata keçirilə bilər. Sonrakı dövrlərdə Konstitusiyanın 124-cü maddəsinə uyğun olaraq, yerli icra hakimiyyəti sistemi, digər dövlət orqanları və təsisatları formalaşdırılacağını güman edirəm. Bundan sonra reinteqrasiya prosesləri və ərazilərinin Azərbaycan Respublikasının hüquq, sosial və iqtisadi məkanına inteqrasiyası prosesləri başlanmalıdır”.

S.Məmmədov vurğuladı ki, proses xeyli müddət tələb edir və biz buna hazır olmalıyıq: “İlk növbədə əhalinin vətəndaşlıq məsələsi həll olunmalıdır. 1992-ci ilin yanvar ayının 1-nə qədər ərazidə yaşayanlar və onların həmin vaxtdan sonra doğulan övladlarına vətəndaşlıq adi qaydada, bərpa yolu ilə həyata keçirilməlidir. Sonra gələnlər isə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər statusu alacaq və onların Azərbaycanda olması, müvəqqəti və daimi yaşayış hüququ bizim qanunvericiliyə uyğun həyata keçirilməlidir. Onların içərisində məsələn, nikah nəticəsində, əraziyə gələnlər varsa və digər şəxslər ”Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanuna uyğun olaraq naturalizasiya proseslərini keçməklə vətəndaşlıq əldə edə bilərlər. Amma bu halda vətəndaşlıq vermək ölkə Prezidentinin səlahiyyətinə aiddir". STM icraçı direktorunun dediyinə görə, reinteqrasiya prosesinin ən çətin və uzun müddət tələb edən aspektlərindən biri də orada mövcud olan təhsil sisteminin Azərbaycanın təhsil məkanına inteqrasiyasıdır: “Geniş açıqlama vermədən bildirirəm ki, bu, mürəkkəb prosesdir. Oyuncaq idarəetmənin elə qərarları, ”qanunları" var ki, onlar hüquqi nəticələr yaradıb. Məsələn, mülkiyyətlə bağlı əqdlər, əhaliyə verilən daşınmaz əmlak, o cümlədən torpaq sahələri, mənzillər və qeyri-yaşayış sahələri. Bizim mülkiyyət hüququnu tanımağımız üçün müəyyən prosedurlar tələb olunur. Ərazidə olan dövlət əmlakı və əhaliyə məxsus əmlak dövlət reyestrinə daxil edilməlidir. Həmçinin infrastruktur sahələr balansa qəbul edilməlidir. Bank-maliyyə sistemi ölkənin bank-maliyyə sisteminə qoşulmalıdır. Rabitə sistemi mümkün qədər tez Azərbaycanın kommunikasiya sisteminə inteqrasiya edilməldir. Vətəndaşlıq vəziyyəti aktları, notariat arxivi və əhali reyestri Azərbaycanın müvafiq sisteminə daşınmalıdır".

S.Məmmədov bildirdi ki, əhalinin sosial təminat məsələləri, o cümlədən pensiya təminatının həlli o qədər də asan məsələ deyil: “Orada yaşayanlara görə Dövlət Sosial Müdafiə Fonduna heç bir ödəniş edilməyib. Daha xeyli məsələlər var ki, onlar ancaq mərhələli şəkildə və müəyyən olunmuş müddətlərdə həyata keçirilə bilər”.

Ekspertimiz bir məsələni xüsusi vurğuladı: “Əlbəttə, Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlərin amnistiya olunmasından söhbət getməməlidir. Bizim qanunvericilik belə cinayətləri törədənlərə amnistiyanın tətbiqini qadağan edir. Amma ölkə Prezidenti bir müddət əvvəl bildirmişdi ki, amnistiya mümkündür. Yəni digər cinayətləri törədənləri, xunta rejimi ilə əməkdaşlıq edənlərin, oyuncaq idarəetmə qurumlarında çalışanların amnistiya olunması mümkündür. Daha bir məsələ də var. Etimad məsələsi. Yalnız son 100 ildə dəfələrlə bizimlə birgə yaşayan ermənilərlə bizdən asılı olmayan səbəblərdən üz-üzə gəlməli olmuşuq. Mən yaranmış şəraitdə əvvəlki fikirlərimi kifayət qədər yumşaq ifadə edirəm. Biz qalib xalqıq və biz nifrət dilindən istifadə etməməliyik. Bununla belə barış prosesi xeyli vaxt tələb edəcək. Yaraların sağalması da asan olmayacaq. Biz bağışlayan xalqıq, amma unutqan xalq olmamalıyıq. Ölkəmizdə sülhün, əmin-amanlığın bütün ərazilərimizdə təmin olunacağı vaxtın o qədər də uzaq olmayacağına ümid edirəm. Erməni mənşəli əhali reinteqrasiyada daha çox maraqlı olmalıdır. Reinteqrasiyaya maraqlı ola bilməyənlərə isə yol açıqdır”.

Rusiya sülhməramlı qüvvələrinin Ermənistanla əlaqələri kəsilməlidir" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə əminliklə bildirdi ki, Azərbaycan antiterror əməliyyatı keçirməklə öz siyasi məqsədlərinə çatdı: “Demək olar ki, separatçılar təslim oldular. Azərbaycan ordusu separatizmin simvolu olan Xankəndi yolunda məlum tank abidəsini götürməklə demək olar ki, Xankəndiyə də nəzarət edir. Azərbaycan dəfələrlə erməni nümayəndələrinə görüş üçün müraciət etmişdi. Amma, imtina edirdilər, şərtlər irəli sürürdülər. Nəticəsi isə onlar üçün acınacaqlı oldu. Buna baxmayaraq, Azərbaycan yenə də öz humanist siyasətini ortaya qoydu, ermənilərin xahişini nəzərə alıb, onlara ərzaq və yanacaq göndərdi. Bunu xahişi ilk gündən etmək lazım idi. Artıq qanunsuz erməni silahlı birləşmələri silahları Rusiya sülhməramlı qüvvələri vasitəsilə Azərbaycana təhvil verirlər. Bununla da silahlı separatizmə son qoyuldu. Silahlı erməni birləşmələri reinteqrasiya üçün ciddi problem idi”.

Politoloq hesab edir ki, növbəti görüş Ağdamda keçirilə bilər: “Azərbaycanın bundan sonra konkret olaraq tələbləri olacaq. Qondarma ”dövlət strukturu", qondarma “parlament” buraxılır. Polisi buraxılır. Heç bir müstəsna hüquq verilməyəcək. Düşünürəm ki, bundan sonra onların tabe olmamaq lüksü yoxdur, tabe olacaqlar və şərtlər yerinə yetiriləcək". M.Əsədullazadə qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının iclası da Azərbaycanın haqlı mövqeyini ortaya qoydu: “Separatçılar başqa alternativin olmadığının fərqindədirlər. Cənab Prezident İlham Əliyev strateji bir siyasət ortaya qoyaraq, erməni şovinizminə və separatizminə son verdi”. Bununla belə ekspert istisna etmir ki, ayrı-ayrı silahlı dəstələr tabe olmaya bilər: “Amma onlar da zərərləşdiriləcək və artıq antiterror əməliyyatına ehtiyac olmayacaq”. Politoloq bildirdi ki, Azərbaycan reinteqrasiya siyasətinə başlayıb: “Ola bilər ki, növbəti danışıqlarda erməni nümayəndəsi Qarabağ İqtisadi Rayonu üzrə səlahiyyətli şəxs institutunda təmsil olunsun. Amma onlara xüsusi bələdiyyə və icra strukturu verilməyəcək”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR