İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni Qarabağ müharibəsi olmayacaq” iddiası - hətta İran da istəmir... - SENSASİON FAKTLAR

1619 11.08.2023 13:22 Siyasət A A

Ekspertlər Metyu Brayzanın açıqlamasını dəyərləndirdi: “Bu şəraitdə böyük müharibə olmayacaq, amma...”

“Laçın dəhlizi boyunca mövcud vəziyyət məni çox narahat etmir. Ermənistanın nə etdiyi göz qabağındadır. O, Qarabağın hüquqi statusu məsələsini yenidən gündəmə gətirməyə çalışır”.

Bu fikirləri bizim.media-ya açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri, Atlantik Şurasının eksperti Metyu Brayza deyib.

Ermənistanın guya humanitar yüklərin Xankəndiyə çatdırılması üçün qurduğu şouya münasibət bildirən keçmiş səfir bu addımı düzgün hesab etmir: “Çünki Azərbaycanın Laçın sərhəd-keçid məntəqəsi ilə bağlı qərarı ölkənin daxili işidir. Baxmayaraq ki, baş nazir Paşinyan özü artıq Azərbaycanın, o cümlədən Qarabağın Azərbaycan tərkibində ərazi bütövlüyünü tanıyıb. Hələ də Ermənistan siyasi sistemində və hökumətində Ermənistanın müharibəni uduzduğunu və indi Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa çarənin olmadığını qəbul etmək istəməyənlər var. Və buna görə də humanitar yük adı ilə TIR-ların göndərilməsi kimi təxribatçı addımları atırlar. Onlar malı Laçın yolu ilə Xankəndiyə çatdırmağa çalışırlar. Azərbaycan isə öz siyasi hüquqlarını həyata keçirməyə davam edərək humanitar yüklərin Ağdam yolu ilə daşınmasına şərait yaradır”.

Hazırda bölgədə gərginliyin olduğuna diqqət çəkən sabiq səfir ciddi hərbi əməliyyatların baş tutmayacağını da vurğulayıb: “Yəni siyasi və hüquqi qarşıdurma var. Bu yenə də Qarabağın statusu məsələsini gündəmə gətirməklə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bunu həll edilmiş məsələ hesab edir. Bir çox ermənilər isə hələ də bu faktı qəbul etmək istəmirlər. Düşünürəm ki, vasitəçilik prosesinin irəliləməsinə çox kömək edir. Və mən hiss edirəm ki, nə qədər ki, Paşinyan fiziki hücuma məruz qalmayıb və vəzifədən kənarlaşdırılmayıb, biz yaxın həftələrdə, bəlkə də aylarda bir razılaşmanı, sülh sazişini görəcəyik.

Lakin düşünmürəm ki, gedən proseslər hərbi əməliyyatlarla bitəcək. Ermənistanın Azərbaycanla ciddi şəkildə mübarizə apara biləcək hərbi gücü yoxdur. Və bölgədəki digər aktorların heç biri, nə Rusiya, nə Türkiyə, nə ABŞ, nə Avropa Birliyi, nə də İran Ermənistanla Azərbaycan arasında növbəti müharibəni görmək istəməz. Bunun baş verəcəyini düşünmürəm".

Brayzanın açıqlamasına analitiklər nə deyir? “Paşinyan vəzifədən kənarlaşdırılmasa, yaxın aylarda sülh sazişini görəcəyik” optimizmini bölüşürlərmi?

Fikrət Yusifov: 2016-cı ilin büdcəsi: İqtisadi təlatümlər və Azərbaycan  reallıqları

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov hesab edir ki, Qarabağda gedən proseslərin hərbi münaqişəyə gətirib çıxaracağı labüddür: “Kimin nə deməsindən asılı olmayaraq, hadisələrin inkişafı yeni toqquşmalara doğru aparır. Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan, ”Qarabağ Azərbaycandır" dedikdən sonra status məsələsini yenidən gündəmə gətirmək cəhdləri erməni təşəbbüsü deyil. Bu işin başında bütün dünyanın gözünün içinə ağ yalan danışmaqdan utanmayan Rusiya rəhbərliyi dayanır.

Tarix boyu Rusiya xarici siyasətinin ana xəttini yalan və şantajdan istifadə etməklə, xalqlar arasında intriqa yaratmaq təşkil edib. Onlar bu yollarla yaratdıqları münaqişə ocaqlarının söndürülməsini heç vaxt istəməyiblər. Bu siyasət bu gün də Qarabağda davam edir. Ruslar “beynini yuduqları”  erməni toplumu ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasını min bir yolla əngəlləməyə çalışırlar. Heç kim elə düşünməsin ki, Azərbaycan hökumətindən icazə almadan 19 yük maşının sərhədlərimizə qədər gəlib çıxmasını Ermənistan hökuməti təşkil edib. Belə şantajlar birbaşa Kremldən idarə olunur. Təbii ki, Moskva bütün bunları yaxşı maliyyələşdirdiyi bir para separatçı ermənilərin əli ilə edir. Ruslar belə oyunları Ukraynada, Gürcüstanda, Moldovada və digər bir çox yerlərdə illərlədir ki, oynayırlar".

Akif Nağı “bandotdel“ə çağırıldı

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağı bu təxribatların arxasında birbaşa Rusiyanı görür: “Yaxın aylarda sülh müqaviləsinin imzalanacağı inandırıcı deyil. Doğrudur, müharibənin başlanmasında heç bir tərəf maraqlı deyil. Hətta Rusiya da müharibənin başlanmasını istəmir, amma vəziyyətin bu şəkildə saxlanılmasına çalışır. Yəni sülhün əldə olunmasını istəmir. Sülhü istəyən bizik, bir də Qərb, ABŞ ola bilər. Onlar bununla Rusiyanın regiondan çıxmasına nail olacaqlarına inanırlar. Məğlub durumda olan Ermənistan da sülhə can atmır. İran bir qədər ayıq siyasət yeridərək Azərbaycana yaxınlaşmağa çalışır. Sülhə tərəfdar ola bilər. Ermənilər İranı inandırmışdılar ki, Avropaya yalnız Ermənistandan çıxa bilərlər. İndi deyəsən, görürlər ki, Ermənistanın heç özünün Avropaya çıxışı yoxdur. Ən qısa yol isə Azərbaycan və Türkiyədən keçir. Ermənilərin son aksiyaları isə özlərinin təşəbbüsü deyil. Rusiyanın, bir az da Qərbin sifarişlərini yerinə yetirirlər. Onlar axmaq aksiyalar keçirirlər. Amma o qədər də axmaq deyillər ki, tırları düzməklə, ya da yürüş keçirməklə Azərbaycanı nəyəsə razı salacaqlarına inansınlar. Bu təxribatlara Rusiya sifariş verir ki, bölgədə gərginlik olsun, rusların qalmasına ehtiyac aradan qalxmasın. Qərb isə bu aksiyalara Ermənistan üçün Azərbaycandan daha hansı imtiyazları qoparmaq üçün vasitə kimi baxır. Bu şəraitdə böyük müharibə olmayacaq, amma lokal güc tətbiqi qaçılmazdır. Bu, daha çox ”yumşaq güc" tətbiqi ola bilər. Azərbaycan növbəti “yumşaq güc” tətbiqi ilə Xankəndinə daxil olmalıdır. Kimlərinsə ciddi müqavimət göstərəcəyi ehtimalı azdır. Sadəcə, ermənilər bu axmaq aksiyalarla həmin vaxtı yaxınlaşdırırlar."

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR