İnsanlara hürriyət, millətlərə istiqlal!

“Atlant”ın sahibi adı qarışan məhkəməyə gəlmədi – barəsində bu qərar veriləcək

334 02.08.2024 12:20 Kriminal A A

“Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşov Bakı Ağır Cinayətlər Məhkəməsində aylardır davam edən Nofəl Hacıyevin cinayət işi üzrə prosesə şahid qismində çağırılsa da, qatılmayıb.

Musavat.com-un xəbərinə görə, hakim Şəlalə Həsənova bildirib ki, Tahir Qədəşova prosesdə şahid qismində ifadə vermək üçün çağırış göndərildiyini, lakin heç bir üzrlü səbəb olmadan onun məhkəməyə qatılmadığını bildirib. Hakim qeyd edib ki, Tahir Qədəşova xəbərdarlıq ediləcək, növbəti prosesə qatılmayacağı təqdirdə barəsində məcburi gətirilmə qərarı çıxarılacaq. Bu halda Tahir Qədəşovu polis nəzarətində məhkəməyə gətirəcəklər. Nofəl Hacıyev Tahir Qədəşovun kürəkənidir. Tahir Qədəşovla Nofəl Hacıyev qohum olmaqla yanaşı cinayət işində 14 milyon manatlıq dələduzluğun qeydə alındığı “Təbriz” MTK-da və “Atlant” Ailəvi İstirahət Mərkəzində şərikdirlər. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manat dələduzluqda ittiham olunur. Onunla yanaşı, hakim qarşısına Talış Məhəmmədov da çıxarılıb. “Təbriz” MTK-nın icraçı direktoru olan Talış Məhəmmədov vəzifə səlahiyyətlərini aşma və sənədləri saxtalaşdırmada ittiham olunur. Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir. Təqsirləndirilən hakimdən icazə alaraq çıxış edib.

Nofəl Hacıyev bildirib ki, ailə üzvünün barəsində danışmaq istəməsə də, vəziyyət onu buna məcbur edir. Onun sözlərinə görə 2000-ci illərdən başlayaraq Bakıda, Sumqayıtda, Xırdalanda 100-ə yaxın hündürmərtəbəli binalar tikib və istifadəyə verilib. Üzərinə düşən öhdəlikləri həmişə vicdanla yerinə yetirib. Buna görə də tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamları həvəslə onunla işləyiblər. Nofəl Hacıyev bildirib ki, 2022-ci ilə qədər binaların tikintisindən əldə olunan külli midarda vəsaitləri qaynatasına ötürüb, “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikintisinə, genişlənməsinə yatırıblar. 2022-ci ildə tikinti ilə bağlı kəskin maliyyə problemləri yaranıb, tikinti materiallarının topdan satışı ilə məşğul olan iş adamlarına borcları ödəyə bilməyib. Tikilməkdə olan binaların isə tikintisi yarımçıq qalıb. Belə bir vəziyyətdə qaynatası Tahir Qədəşovdan borcların ödənməsi, tikintisi yarımçıq qalan binanın tikilərək təhvil verilməsi üçün pul verməsini istəyib. Tahir Qədəşov pul verəcəyini vəd edib, sonradan isə pulunun olmadığını deyib. Belə olan halda Nofəl Hacıyev “Atlant” Ailəvi İstirahət Mərkəzinin satılmasını təklif edib. Tahir Qədəşov bu təlkiflə razılaşıb. Nofəl Hacıyev məhkəmədə deyib ki, hətta “Atlant” Ailəvi İstirahət Mərkəzini almaq niyyətində olan müştəri də tapıb. Qiymət razılaşdırılıb, sövdələşmə aparılıb. Lakin Tahir Qədəşov son anda “Atlant” Ailəvi İstirahət Mərkəzini satmaqdan imtina edib. Nofəl Hacıyev deyib ki, çox çətin vəziyyətdə olduğundan, yaranmış borcları ödəyə bilmədiyindən məcburiyyət qarşısında bir mənzili bir neçə nəfərə satmaqla vəziyyətdən çıxmağa çalışıb. Düşünüb ki, binanı tikib təhvil verəndən sonra əldə edəcəyi gəlirlə aldadılmış, bu gün məhkəmədə zərərçəkən statusunda olan şəxslərin pullarını qaytaracaq.

Məhkəmədə zərərçəkənlər tələb ediblər ki, üzərinə ibtidai istintaq dövründə həbs qoyulan “Atlant” Ailəvi İstirahət Mərkəzi müsadirə olunaraq satışa çıxarılsın və onlara dəymiş ziyan ödənilsin.

Növbəti proses sentyabrın 21-nə təyin edilib. Həmin gün Tahir Qədəşov məhkəməyə qatılsa, ələ keçirilmiş 14 milyon manatla bağlı prokurorun, məhkəmənin, təqsirləndirilən və zərərçəkənlərin, onların vəkillərinin suallarını cavablandırmalı olacaq. Xatırladaq ki, ötən prosesdə iş üzrə zərərçəkənlər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovaya ərizə ilə müraciət ediblər. Müraciət müəllifləri hakimə yazıb bildiriblər ki, “Təbriz” MTK ilə mənzil alışına dair müqavilə imzalayıb, pul ödəyiblər və müvafiq olaraq MTK tərəfindən onlara maliyyə arayışı verilib. Buna baxmayaraq, müqavilələr üzrə göstərilən mənzillərin sonradan digər şəxslərə satıldığı üzə çıxıb: “Sonradan bizə məlum olub ki, mənzillərin satılması ilə bağlı alınmış pullar Nabran qəsəbəsində yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasında yaranmış öhdəliklərə yönəldilib. Eyni zamanda “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Qədəşov Tahir Ərzuman oğlu həm də “Təbriz” MTK-nın təsisçisidir. Bütün pulların “Atlant” Ailəvi İstirahət Mərkəzinə yönəldilməsinə baxmayaraq, istintaq orqanı Qədəşov Tahir Ərzuman oğlunu cinayət məsuliyyətinə cəlb etməyib, bunun nəticəsində istintaq birtərəfli qaydada aparılmaqla iş üzrə zərərçəkmişlərin pulu ödənilmir. Ona görə də Sizdən xahiş edirik ki, zərərçəkmişlərin pulunun ödənilməsi məqsədi ilə işdə təqsirli olan şəxsin əlbirlik faktı ilə bağlı məsuliyyətə cəlb edilməsindən ötrü Nofəl Hacıyevin barəsində olan cinayət işi Qədəşov Tahir Ərzuman oğlunun da onunla əlbirlik faktına ittiham verilməsindən ötrü əlavə ibtidai istintaqa qaytarılsın”.

Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir. O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər. Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub. İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Musavat.com-a daxil olan məlumatda deyilir ki, hazırda iş üzrə məhkəmə prosesi keçirilir. Prosesdə zərərçəkənlər Nofəl Hacıyevlə yanaşı, Tahir Qədəşovun da həbsini tələb edirlər. Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.

Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib. “Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın kotteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir. Müstəqil qiymətləndiricilər “Atlant”ı hazırkı bazar qiymətləri ilə 80-100 milyon manat dəyərləndirirlər. Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR