İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni dünya düzəni Bakı Forumunun gündəmində

474 15.03.2024 12:03 Siyasət A A

Prezident İlham Əliyev Fransanın ikiüzlü siyasətindən danışdı, “Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır” dedi

Martın 14-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu başlayıb.  Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyanın bərpası” mövzusundadır. 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Bu dəfə “Parçalanmış dünyanın bərpası” mövzusuna həsr olunan XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.

Martın 16-dək davam edəcək forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələlərinə toxunulacaq, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılacaq.

Tədbirdə dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edirlər. Forum sülh, təhlükəsizlik, əməkdaşlıq, sabitlik və inkişaf prinsipləri çərçivəsində dialoq imkanlarının genişləndirilməsi üçün mühüm platforma kimi qiymətləndirilir.  

Prezident İlham Əliyev XI Qlobal Bakı Forumunun açılış mərasimində iştirak və çıxış edib. Prezident bildirib ki, Qlobal Bakı Forumu uzun illər ərzində qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib: “Düşünürəm ki, Qlobal Bakı Forumu Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacibdir”.

Prezident qeyd edib ki, COP29 konfransının keçirilməsi Azərbaycanın yaşıl keçid istiqamətində göstərdiyi səylərin nəticəsidir. 

Azərbaycanın “yaşıl keçid” sahəsində atdığı konkret addımlar barədə məlumat verən dövlətimizin başçısı bu baxımdan ötən ilin oktyabrında istifadəyə verilən 230 meqavatlıq külək enerjisi stansiyasını, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi layihəsini xüsusi vurğulayıb: “COP29 bizim üçün birinci fürsət olacaq ki, ölkə müstəqil yaşayır və uğurla inkişaf etdir. Bu, əslində bizim düzgün siyasətimizin təzahürüdür və Azərbaycan son otuz il ərzində bu siyasəti aparır. Praktiki baxımdan bu, həmçinin bizim üçün belə bir fürsət olacaq ki, həmrəyliyə öz töhfəmizi verək”.

İlham Əliyev: Bakı Forumu qlobal miqyasda aparıcı beynəlxalq tədbirlərdən  birinə çevrilib

Prezident İlham Əliyev həmçinin bildirib ki, biz dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdik. Bununla biz həmin təşkilatın daxilində çox səmimi ab-hava yaratdıq.

Azərbaycanın Avropa İttifaqının üzvləri ilə, eləcə də İslam Əməkdaşlıq Təşkilatında fəal əməkdaşlıq həyata keçirdiyini vurğulayan dövlət başçısı deyib ki, beləliklə, biz müxtəlif ölkələri bir araya gətirə bilirik və bununla da iqlim dəyişikliyi məsələlərini həll etməyə çalışırıq: “Fransanın mövqeyi beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə ziddir". 1990-cı illərin əvvəllərində Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət istiqamətdə inkişaf etdiyini xatırladan dövlətimizin başçısı Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatlarına reaksiyasının tamamilə qeyri-adekvat olduğunu vurğulayıb. Azərbaycan Prezidenti forum iştirakçılarına, həmçinin beynəlxalq qurumlarda ölkəmizə sanksiya cəhdləri və Fransanın Evian şəhərində Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktları barədə də məlumat verib. "Bir neçə ay sərf etməli olduq ki, həmin abidəni Eviandan götürüb Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirib orada yerləşdirək. Hazırda Natəvanın abidəsi oradadır". Dövlətimizin başçısı həmçinin qeyd edib:  “Bu, əslində onu göstərir ki, biz suverenliyimizi bərpa etdikdən sonra nə ilə üzləşmişik. Bu, əslində ikili standartların nümayişidir”. Fransanın ərazi bütövlüyünü bərpa etməyə kömək olmaq üçün Ukraynaya hərbi qüvvələrini göndərməsi ilə bağlı bəyanata toxunan Prezident İlham Əliyev vurğulayıb ki, bizim ərazi bütövlüyümüzün bərpasına gəldikdə, onlar Azərbaycanı cəzalandırmağa çalışırlar.

Dövlət başçısı Qarabağ münaqişəsi haqda da danışıb: “İndi biz Ermənistanla sülhə heç vaxt görünmədiyi qədər yaxınıq. Cənubi Qafqazda müstəqillik tarixində sülh bu qədər yaxın olmamışdır. Bu da İkinci Qarabağ müharibəsinin nəticəsidir”.

“Ermənistanın baş nazirinin "Qarabağ Ermənistandır və nöqtə" ifadəsi - birincisi, bu, beynəlxalq hüququn tam pozulması, ikincisi isə bu, belə bir ölkə üçün çox böyük iddia idi Onlar hesab edirdilər ki, əbədi olaraq bizim torpaqlarımızı işğal altında saxlaya bilərlər", - deyən dövlətimizin başçısı əlavə edib ki, onlar bundan 2020-ci ilin sentyabr-noyabrında dərs götürdülər. “Azərbaycan qeyri-qanuni işğalın qurbanı idi, etnik təmizləməyə məruz qalmışdı. Bütün tarixi faktlar tam aydın idi və biz ədaləti, beynəlxalq hüququ özümüz bərpa etdik. Heç kəs bizə kömək etmədi. Biz bunu özümüz etdik və göstərdik ki, güclü siyasi iradəmiz, həmçinin potensialımız var. Çünki güclü hərbi imkanlar və xalqın birliyi olmadan biz uğur qazana bilməzdik”, - deyə dövlət başçısı bildirib.  

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus isə XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib ki, pandemiyanın təsirləri səhiyyə sistemlərini iflic etdi. 

ÜST-nin baş direktoru həmçinin pandemiya dövründə Prezident İlham Əliyevin göstərdiyi səyləri alqışlayıb, Azərbaycan dövlətinə və xalqına təşəkkür edib.

XI Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib. 

Deputat Aydın Hüseynov sosial şəbəkədə gülüş hədəfinə çevrildi - FOTO

 Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirib ki, Qlobal Bakı Forumu dünyanın diqqətini cəlb edən hadisələrdən biridir: “Qlobal Bakı Forumu beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir. Bakı beynəlxalq problemlərin həllinin müzakirəsi üçün mərkəzə çevrilib. 

XI Qlobal Bakı Forumunun Azərbaycanda keçirilməsi bir daha ölkəmizin nüfuzunun və qüdrətinin təzahürüdür. Mövzudan da göründüyü kimi, bu forum da dünyanın ən aktual problemlərindən birinə həsr edilib. Məlumdur ki, bu gün dünya parçalanmış, qarşıdırmaların, müharibələrin geniş miqyas aldığı təhlükəli həddə gəlib çatıb. Gərginlik o həddədir ki, hər an nüvə silahlarının işə düşəcəyi təhlükəsindən danışılır. XI Qlobal Bakı Forumunun “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilməsinin nə dərəcədə böyük əhəmiyyət kəsb etdiyi bu baxımdan ortadadır. XI Qlobal Bakı Forumunda aparılacaq diskussiyalar, əldə edilən nəticələr bəşəriyyətin, dünyanın bu günü və gələcəyi üçün böyük önəm kəsb edəcək və dünyada parçalanmaya deyil, birliyə, sülhə töhfə verəcək. Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. 

Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. 

Prezident İlham Əliyevin tövsiyələri və Azərbaycanın münaqişələrin həlli, sülh quruculuğu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi sahəsində təcrübəsi XI Qlobal Bakı Forumunda yeni ideyaların, yanaşmaların meydana çıxmasına və təşəbbüslərın yaranmasına əhəmiyyətli töhfə verəcək və bu forum tarixi bir tədbir olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR