İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni açılışı olan “İsa bulağı”ndan FOTOlar

1337 09.07.2024 13:50 Ölkə A A

Şuşa şəhərindən dörd kilometr aralıda, dəniz səviyyəsindən təqribən 1300 metr hündürlükdə meşəlik ərazidə yerləşən İsa bulağı Azərbaycanın, o cümlədən, Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. İyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan "İsa bulağı" istirahət kompleksi ərazidə turizmin inkişafına təkan verəcək.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşı Kərim Kərimli Trend-ə açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra İsa bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilib.

"Bulağın özü mərmərdən hazırlanıb, "İsa bulağı" sözləri isə milli ornamentlə yazılıb. Bulağın su təminatı tam bərpa olunub. Bulağın ətrafındakı istirahət mərkəzi və restoran milli üslubda təmir edilib, ərazidə abadlıq işləri aparılıb. İstirahət kompleksində 4 qonaq evi və bir restoran yerləşir.

Azərbaycan təbiətinin nadir incilərindən sayılan İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi durudur. Ən isti yay günlərində belə ətrafı həmişə sərin olan bulaq hər zaman şuşalıların və şəhərin qonaqlarının ən sevimli istirahət məkanlarından olub. Ərazidəki istirahət kompleksinin təmir edilərək istifadəyə verilməsi Şuşada turizmin inkişafına töhfə verəcək".

İsa bulağı 34 il əvvəl olduğu kimi, yenə də Şuşaya gələnlərin üz tutduqları ən sevimli məkanlardandır.

Bərdə rayonundan gəlmiş Arif Abbasov bildirib:

"Uşaqlığım Şuşada keçib. Hər il yay fəslində Şuşaya gələr, yayı burada keçirərdik. O zaman ən çox getdiyimiz məkanlardan biri İsa bulağı idi. Bulağın sərin suyundan içir, istirahət edirdik. Uzun illər idi ki, bura həsrət qalmışdıq. Şükür Allaha, Ali Baş Komandanın, ordumuzun sayəsində bura yenidən gəlmək nəsibimiz oldu".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR