İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeddi il, amma bircə dəfə...

964 22.11.2022 09:50 Yazarlar A A

Mərkəzi Asiyanın ən böyük dövləti - Qazaxıstan başqa cür olmağı vəd edir. Bəli, biz bu sətirləri yazanda bu ölkədə prezident seçkiləri keçirilir və ölkə ilk dəfə yeni prosedurlarla öz prezidentini seçirdi.

Bu yazı işıq üzü görəndə artıq nəticə bəlli olacaqdı, amma hazırkı prezident Qasım-Comərd Tokayev nə qədər demokrat olsa da, seçkinin nəticələrini indi də demək mümkündür - bəli, demək olmaz ki, hazırda hakimiyyətdə olan və seçki qaydalarını müəyyən edən bir şəxs onu belə asanlıqla uduzmuş olsun, yox, belə olmayacaq. Üstəlik, biz hələ də tərəddüd edirik ki, cənab Tokayev hakimiyyətin dadını necə var biləndən sonra onu yeddi ildən sonra başqa birinə təhvil vermiş olsun.

Amma indi Tokayevin problemləri var. Onun sələfi Nursultan Nazarbayev ölkəni otuz il idarə etdi və bircə dəfə belə olsun kənardan kimisə dəvət etmədi ki, bəs gəlin məni qoruyun.

Amma Tokayev heç bir neçə ay prezident olmamış KTMT qüvvələrini ölkəsinə dəvət etdi və bu qüvvələr özünəməxsus tərzdə etirazları yatırdılar. İnsanlar hələ bunu unutmayıblar. Odur, seçkilər həqiqətən də demokratik keçsə, Tokayev üçün çox çətin olar, bəlkə də o, düşündüyü kimi, birinci dəfədən prezident seçilə də bilməz.

Bir daha deyirik ki, yazı işıq üzü görəndə artıq seçkinin nəticələri bəlli olacaq. Odur ki, bizi başqa bir nəticələr maraqlandırır. Hamı Asiya deyib, daim özünü bu geosiyasi arealın komponentlərindən irəli bilibdir. Di gəl, həqiqətdə belədirmi? Düşünmürük.

Qırğızıstan Avropa tipli olmasa da, kifayət qədər demokratik ölkədir. Özbəkistan yetərincə müstəqil və suveren dövlət hesab edilir. Qazaxıstan ölkədaxili siyasi qaydaları bir az da demokratikləşdirməyə çalışır. Rusiyanı təkrar kəşf edən Türkmənistan və Tacikstandır. Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov prezidentlik kürsüsünü oğluna güzəştə gedərək özü Türkmənistan parlamentinin yuxarı palatasının sədri vəzifəsilə kifayətləndi. Çoxdandır ki, Tacikstanda da hakimiyyətin transferi gözlənir. Amma bunlar ən əsas məsələ deyillər. Türkmənistanı hamı Türk Dövlətləri Birliyində gözləyir. Sonuncu Səmərqənd sammitində Aşqabadı Qurbanqulu Berdimühəmmədov özü təmsil etmişdi. Ona görə də belə demək olar ki, hakimiyyətin transferindən sonra Türmənistan çox həsas durum yaşayır. Bu səbəbdən də eşidəndə ki, bu ölkədə hakimiyyət rus dram teatrı üçün yeni bir bina tikir, buna təəccüblənməyin. Mərkəzi Asiya ölkələrini Rusiyanın nüfuz sferasında saxlayan həm də hakimiyyət məsələsidir. Qurbanqulu hakimiyyətdən getdi ki, sağlığında öz oğlunun hakimiyyətini təmin edə bilsin və özünün gitarada çalmaq üçün daha çox vaxtı olsun. Qeyd edək ki, İmoməli Rəhmon da eyni qayğılarla yaşayır.

Adətən Mərkəzi Asiyadan söhbət düşəndə hamı əlini yelləyir ki, bəs nə vaxt Afrikanın cəngəlliklərində demokratiya qurulsa, onda Mərkəzi Asiyada da demokratiya bərqərar olacaqdır. Amma qətiyyən belə deyil və biz bunu ən azı iki ölkənin - Qırğızıstanın və Qazaxıstanın timsalında görürük.

Qırğızıstanla məsələ aydındır. Qazaxıstan isə bu gün-sabah bəlli olacaq. Amma Astana ilə bağlı sınaq müddətini bir az da uzadardıq.

Nə vaxt prezident Q.C.Tokayev özünün yeni qaydalarına əməl etsə, prezident seçkilərinin ardınca parlament və munitsipal seçkilər keçirsə, ölkədə azad media və müstəqil məhkəmə hakimiyyəti bərqərar olsa, bax, onda deyəcəyik ki, həqiqətən də Qazaxıstanda da demokratiya var. Bu məsələnin bir tərəfidir. Mərkəzi Asiya ölkələrinin demokratiyaya yolunu əngəlləyən amillərdən biri də coğrafiyadı - bəli, məhz coğrafiya. Bizə elə gəlir ki, Avropa İttifaqı bu regionun inteqrasiyası üçün yeni proqram üzərində işləməlidir. Hazırda isə Mərkəzi Asiya ölkələri Çinlə Rusiyanın arasında qalıb - bunların hər ikisi təcavüzkar və avtoritar ölkələrdir...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR