İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yay məktəbləri”nin faydası varmı? -Təhsil ekspertlərinin rəyləri...

1484 29.06.2022 08:10 Təhsil A A

Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq hər il dövlət hesabına “Yay məktəbləri” təşkil edilir. Şagirdlərin ödənişsiz cəlb edildiyi “Yay məktəbləri” əsasən tədris prosesində geridə qalmış, davamiyyətə və ya hansısa dərsə görə kəsiri olan şagirdlər üçün nəzərdə tutulur.

Qeyd edək ki, Təhsil Nazirliyi “Yay məktəbləri” layihəsini həm orta, həm də ali məktəblərdə həyata keçirir. Biz orta məktəblərdən danışacağıq. Dərslər başa çatdıqdan və şagird yoldaşları istirahətə getdikdən sonra dərslərindən geri qalan şagirdlər “Yay məktəbləri”nə gəlirlər. Əlbəttə, bütün hallarda təhsil almaq çox gözəldir, amma gərək şagirdin də, valideynin də buna həvəsi, vaxtı ola. Yayın cırhacırında təşkil olunan “Yay məktəbləri” müəllimlərin ürəyindən olsa da, şagird və valideynlərin narazılığına səbəb olur. Müəllimlər bu dərslərdən əlavə maaş alırlar. Ümumiyyətlə, bu məktəblərlə bağlı müəyyən tənqidi fikirlər mövcuddur.

“Yay məktəbləri” şagirdlərə nə verir? 9 ay heç nə öyrənə bilməyən şagird 2 həftə müddətində nə öyrənə bilir? Ümumiyyətlə, yay məktəblərinin faydası nədir? Çox valideynlər deyir ki, bu, vaxt itkisi və əsəb gərginliyidir, bəzilərinin fikrincə isə bu bizdə özünü doğrultmur, nəticəsizdir, büdcədən pul silməkdən başqa bir şey deyil.

Həmişə demişəm ki, təhsil eksperti deyiləm, bu iddiam da olmayıb” – Kamran  Əsədov - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

 Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov mövzunu şərh edərkən bildirdi ki, bu məktəblər ölkə daxilində və xaricində təşkil olunur: ““Yay məktəbləri”  şagirdlər arasında idmanın inkişaf etdirilməsi, xüsusilə də müəyyən fənlərə, xarici dillərə olan marağın artırılması məqsədilə təşkil edilir. “Yay məktəbləri” təşkil olunanda bir neçə vacib nüansı nəzərə almaq lazımdır ki, bunlardan birincisi yaş senzidir. Eyni zamanda məktəblərə cəlb olunanların sağlamlıq və psixoloji vəziyyəti xüsusi nəzarətə alınmalıdır. Xaricdə “Yay məktəbləri” 8-17 yaş arası olan uşaqlar üçün nəzərdə tutulur. Uşaqlar üçün yay tətilinin təşkili, düzgün düşərgənin seçimi bir çox valideynlərin qarşısında çətinlik yaradır. Valideynlər ilk növbədə təhlükəsizlik axtarır. Əlbəttə ki, uşaqların yay tətili proqramı tam təhlükəsiz olmalıdır. Ümumiyyətlə, Avropada, xüsusilə İsveçrədə ən yüksək təhlükəsizlik sistemi mövcuddur. Yay tətili ərzində hava şəraiti uşaqların müxtəlif sosial fəaliyyətlərlə məşğul olmasına imkan yaradır. Yay düşərgələrinin çoxu ABŞ, Kanada və Böyük Britaniyada yerləşir. Bir qayda olaraq onlar məktəb, kollec və universitetlərin nəzdində fəaliyyət göstərir. ABŞ, Kanada və Böyük Britaniya universitetlərinin çoxunun daxilində tələbə yataqxanaları mövcuddur. Uşaqların xaricdə yay tətilini keçirməsi demək olar ki, ən ideal seçimdir. Hesab edirəm ki, valideynlər övladlarının yay tətilini səmərəli, faydalı və ən əsası maraqlı keçirməsini istəyirlərsə,  “Yay məktəbləri”ndə iştiraka dəstək verməlidirlər. Bu xidməti göstərən çoxsaylı mərkəzlər var və bütün qeydiyyat onlayn qaydada həyata keçirilir. Ən önəmlisi də yay tətili proqramı uşaqların sağlamlığına müsbət təsir göstərməlidir. İl boyu parta arxasında oturan şagird yay tətilini aktiv keçirməlidir. Sözsüz ki, yay tətili ərzində uşaqlar yeni biliklər qazanmalıdırlar".

Təhsil eksperti deyir ki, pandemiya zamanı məsafədən təhsil bir çox boşluqlar yaratdığından Təhsil Nazirliyi bu boşluğu aradan qaldırmaq üçün tədbirlər həyata keçirir: “Bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də ”Yay məktəbləri"nin təşkilidir. Bəzən sosial şəbəkələrdə onun faydasız olacağı barədə şərhlərə rast gəlirik. Amma bu doğru deyil. “Yay məktəbləri”nin şagirdlərə heç bir ziyanı yoxdur. Əksinə, şagirdlərin biliyinin zənginləşdirilməsi baxımından faydası var. Üstəlik,  ödənişsiz və könüllüdür. Sovet dövründə hər rayonun təhsil şöbəsinin öz düşərgəsi vardı. Rayonlarda olan bu düşərgələrdə şagirdlər yay tətili müddətində həm öyrənir, həm dincəlirdilər. Nəzərə almaq lazımdır ki, məktəbin funksiyası yalnız bilik öyrətmək deyil. Məktəblilərin şəxsiyyət kimi formalaşması, onların özlərinə dost tapması, asudə vaxtının təşkil edilməsi baxımından da məktəblərin üzərinə böyük məsuliyyət düşür.Yay məktəbləri, yay düşərgələri uşaqların küçələrdə nəzarətsiz dolaşmasının qarşısını alır. Onları pis vərdişlərdən yayındırır. “Yay məktəbləri”nin təşkili onlayn təhsilə qoşula bilməyən şagirdlərin öyrənə bilmədiyi dərsləri mənimsəməsinə imkan yaradacaq. Müəyyən fənlər var ki, onları onlayn qaydada şagirdlər mənimsəyə bilmirdilər. “Yay məktəbləri”ndə həmin şagirdlər öyrənə bilmədikləri və zəif öyrəndikləri mövzuları təkrar keçəcəklər".

Ekspert bildirdi ki, orta ümumtəhsil məktəblərində müəllimlər əmək müqaviləsinə əsasən, iyulun 1-dən məzuniyyətə çıxırlar və məzuniyyət müddəti 56 gündür: “İyunun 30-na qədər istər müddətli, istərsə də müddətsiz müqavilə əsasında çalışan müəllimlər məktəbdə olmalıdırlar. Həmin məktəbdə ”Yay məktəbi"nin olub-olmamasından asılı olmayaraq bu, qüvvədədir. Yəni  iyunun 30-na qədər heç bir müəllim məzuniyyətə çıxmır, dərs saatına görə əmək haqqı alır və əgər ona 16-30 iyunda yay məktəbi dərsi veriləcəksə, həmin müəllim bunu yerinə yetirməlidir".

150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” –  Ekspertdən İRAD - AzEdu.az AZƏRBAYCAN TƏHSİL PORTALI

Adil Vəliyev 

Təhsil eksperti Adil Vəliyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, xarici ölkələrin təcrübələrinə nəzər saldıqda “Yay məktəbləri”nin  fərqli təşkil olunduğunu görmək olar: ““Yay məktəbləri” şagirdlərin ilboyu toplanan yorğunluğunun aradan qaldırılması üçündür. Uşaqlara fərqli yanaşma ilə nələrsə öyrədilir. Azərbaycanda isə 9 ay fasiləsiz oxuyan uşaqlara yay məktəbində qısa zaman ərzində əlavə nə isə öyrətməyə çalışırlar. Uşağın beyni dincəlməlidir. Yay məktəbinin konsepsiyası dəyişilməlidir. Özəl məktəblər, kurslar bunu fərqli formada keçirir. Demək olar ki, dərs keçilmir, məntiq oyunları, yarışlar keçirilir. Məqsəd uşaqların sosiallaşmasıdır. Azərbaycanda “Yay məktəbləri”ndə uşaqların nə isə öyrənəcəyini düşünmürəm. Uşaqlar məcburiyyət hiss edirlər, zövq ala bilmirlər".

İyunun 16-dan ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkilinə başlanılıb. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi”nin təşkilində məqsəd pandemiya ilə əlaqədar son tədris illərində təlim prosesində yaranmış fasilələrin nəticələrinin aradan qaldırılması, təhsilalanlara zəruri bilik və bacarıqların verilməsidir.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR