İnsanlara hürriyət, millətlərə istiqlal!

Yanvarın sonu daha bir sərhəd görüşü - razılaşma olmasa...

832 17.01.2024 14:35 Siyasət A A

Sərhəd komissiyalarının budəfəki görüşündə müzakirə ediləcək məsələlər açıqlandı; Ermənistan isə növbəti hiyləgər gedişə əl atdı; “sülh libası” geyinən Paşinyan ölkəsini fəlakətə yuvarlaya bilər; ekspert: “Ermənistan bu kəndləri öz xoşuna qaytarmaq niyyətində deyil”

Ermənistan və Azərbaycanın delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq. Bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan "AzadlıqRadiosu"nun erməni xidmətinə açıqlamasında məlumat verib. O, azərbaycanlı həmkarı Şahin Mustafayevlə görüşün konkret tarixi və yeri barədə məlumat verməyib.

Qriqoryanın sözlərinə görə, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə layihəsi müzakirə olunacaq. “Bu əsasnamədə birgə iş zamanı istifadə olunacaq hüquqi əhəmiyyət kəsb edən sənədlərin və hüquqi aktların növləri dəqiq müəyyən olunmalı, müvafiq hüquqi əsaslarla səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və dərc edilmiş SSRİ dövrünün son topoqrafik xəritələri və digər bu kimi məsələlər müəyyən edilməlidir”, - nazir müavini deyib.

Xatırladaq ki, Şahin Mustafayev və Mher Qriqoryan arasında sonuncu görüş noyabrın 30-da baş tutub. Sərhəddə baş tutan görüş sayca beşinci olub. Görüşlərin 3-ü sərhəddə, biri Moskvada, biri Brüsseldə baş tutub. 

Yada salaq ki, həftəsonu baş nazir Nikol Paşinyan sərhədlərin müəyyənləşməsi ilə bağlı Prezident İlham Əliyevin mövqeyinə reaksiyasında absurd fikirlər səsləndirib. Məlumdur ki, İlham Əliyev sərhədlərin müəyyənləşməsi prinsiplərindən danışarkən Ermənistanın təklif etdiyi 1970-ci illər xəritələrinin Bakı üçün qəbuledilməz olduğunu deyib. “Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir. Ya siyasi metodologiya əsas götürülməlidir, ya xronologiya götürülməlidir, ya da biz bütövlükdə heç bir xəritə əsasında işimizi qurmamalıyıq. Komissiya yaradılıb. Komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır. Getsinlər qarış-qarış o yerləri gəzib o sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır”-dövlət başçımız bildirib.

Paşinyan isə bu ciddi arqumentlərə cavabında deyib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il dekabr tarixli Almatı Bəyannaməsinə əsaslanmalıdır: “Yəni bizim delimitasiya komissiyalarımız gedib sərhəd yaratmamalı, 1991-ci ildə Almatı Bəyannaməsi qəbul edilən zaman mövcud olan sərhədləri yenidən müəyyənləşdirməlidir”.

Bəs komissiyaların görüşü nələr vəd edir? Ümumiyyətlə, Paşinyanın son bəyanatlarının fonunda proseslə bağlı nikbin qənaətə gəlmək olarmı?

Sahib Məmmədov xəstəxanaya yerləşdirildi

Sahib Məmmədov

Hüquqşünas Sahib Məmmədov bildirdi ki, sülh prosesində artıq bir məsələyə aydınlıq gəlməkdədir: “Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiya prosesi uzun sürən proses olacaq. Bu baxımdan, əgər sülh müqaviləsi və ya çərçivə sülh müqaviləsi imzalanacaqsa, bu, delimitasiya və demarkasiya prosesi başa çatmadan həyata keçiriləcək. Bununla bağlı Azərbaycan rəsmiləri artıq fikirlər də səsləndirib. Prezident İlham Əliyev də yerli televiziyalara müsahibəsi zamanı bu məsələyə toxundu və delimitasiya prosesinin o qədər də asan olmayacağını, uzun çəkəcəyini bildirdi. Tərəfləri təmsil edən rəsmi şəxslərin bir neçə görüşünün keçirilməsinə baxmayaraq, delimitasiya - demarkasiya texniki məsələdir, əsas demarkasiyadır - bu istiqamətdə işlərin tezliklə başlayacağına o qədər də ümidli deyiləm. Sadəcə, hər iki tərəf mübahisə doğurmayan hissələrdə delimitasiya işlərinə başlaya bilər. Bu isə heç şübhəsiz ümumi sərhəd xəttinin yalnız bir hissəsini əhatə edəcək. Əslində bu istiqamətdə işlərin başlaması özü müsbət hal olardı. Biz hələ dost Gürcüstanla bu prosesi başa çatdıra bilməmişik. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Gürcüstanla sərhədlərin 30 faizə yaxınında delimitasiya işləri başa çatmayıb”. S.Məmmədov qeyd etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan, həmişəki kimi, öz ampluasındadır: “O, yenə də həyəcanlanıb və 1991-ci il Almatı Bəyannaməsi qəbul edilən zaman mövcud olan sərhədlər üzrə delimitasiya aparılması təklifi üzərində dayanıb. Əmin olmaq olar ki, əgər həmin dövrdə mövcud olan sərhədlər üzrə işlərin başlanmasına razılıq olsa, o zaman Ermənistan yenə də mövqeyini dəyişəcək. Nəzərə almalıyıq ki, Azərbaycanın 4 böyük kəndi və daha 4 anklavı Ermənistanın nəzarətindədir. Ermənistan bu kəndləri öz xoşuna qaytarmaq niyyətində deyil. Eyni zamanda Azərbaycan keçmiş SSRİ-nin Geodeziya və Kartoqarfiya İdarəsinin ötən əsrin 70-ci illərindən sonra hazırladığı xəritələri haqlı olaraq legitim saymır. Ölkə Prezidenti son müsahibəsində 3 variant təklif etdi və onların hər üçü tərəflər üçün ədalətlidir. Biz Azərbaycan Demokratik Respublikasının varisiyik. Amma həmin dövrdə mövcud olan xəritə üzrə delimitasiya tələb etmirik. Mövcud reallıqları nəzərə alırıq. Azərbaycan və Ermənistan beynəlxalq hüququn subyektinə çevrilən vaxt Ermənistan ərazilərimizi Rusiyanın yaxından köməyi ilə işğal etdi. Ona görə də Paşinyanın Almatı Bəyannaməsinə istinad etməyə nə hüquqi, nə də mənəvi haqqı çatmır. Bir daha qeyd edirəm ki, hətta o bəyannamədə qeyd olunan yarım cümləni əsas götürsək belə, Ermənistan tərəfinin cığallıq edəcəyi qaçılmazdır. Hazırda bizdə olan strateji təpələr o halda da bizdə qalmalıdır. Yəni hansı tərəfdən yanaşsaq, Ermənistan haqsızdır. Bu isə sülh müqaviləsinə, yaxud çərçivə sülh müqaviləsinə aparan yolu bir qədər də çətinləşdirir. Sülh müqaviləsi sərhədlərin delimitasiya prosesindən əvvəl başlansa belə, həmin müqavilədə ən azı delimitasiya və demarkasiya ilə bağlı prinsipial məsələlərə dair razılığın olması vacibdir. Bu baxımdan, o qədər də optimist olmaq mümkün deyil. Amma heç pessimist olmağa da gərək yoxdur. Sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başlamayacağı təqdirdə, biz şərti sərhəddə necə dayanmışıqsa, eləcə də dayanacağıq. Ermənistanın isə “güzgü qaydasında geri çəkilmə” tipli xam xəyalları reallaşan deyil".

Bu arada, işğal altındakı Azərbaycan kəndlərində qanunsuz məskunlaşmış ermənilərin yaşayış məntəqələrimizi tərk etdikləri xəbəri yayılıb. Bu barədə “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan açıqlama verib. “Ermənilər Tavuşun "anklav" adlanan kəndlərini (Qazağın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur - red.) tərk edir və oradan miqrasiya sürəti artıb", - Danielyan deyib. O iddia edib ki, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq - Teleqraf.com.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir. “Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Eyni zamanda Azərbaycan Ermənistanın neçə kvadrat kilometr ərazisinin onun nəzarətində olduğunu qeyd etmir. Amma bu da problemi həll etməyəcək, çünki Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanı anklava çevirəcək. Bu, Bakının son məqsədidir və bu planın həyata keçirilməsi Qarabağdan başlayıb. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir”. Erməni deputat bildirib ki, İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyub: “Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq”.

İşğal altındakı kəndlərin azadlığı Azərbaycanın qətiyyətli və prinsipial mövqeyidir. Ermənistan bu reallığı tez anlasa, özünü də xilas etmiş olar, həmçinin bölgədə gərginlik ocağının yenidən alışmasının qarşısını alar. Bir çox ekspertlər hesab edir ki, Ermənistan ağlını başına yığıb, öhdəliklərinə sonadək əməl etməsə, o halda cəzalandırıla bilər... Beləliklə, Ermənistan rəhbərliyinin növbəti hiyləgər gedişləri ona yaxşı heç nə vəd etmir. Hətta vaxtın uzadılması da bu ölkənin əleyhinə çevrilə bilər. Bu mənada “sülh libası” geyinən Paşinyan ölkəsini fəlakətlərə yuvarlayacağının fərqində olmalıdır. Görünən budur ki, Qazax rayonunun 30 ildən artıq müddətdə işğal altında qalmış kəndlərində qanunsuz məskunlaşan ermənilər daha ağıllı davranırlar, bu əraziləri üzüsulu tərk etməyə üstünlük verirlər, nəinki ölkənin baş naziri...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR