İnsanlara hürriyət, millətlərə istiqlal!

XIRDA YEKUNLAR, BÖYÜK TƏKLİFLƏR...

8767 08.02.2009 07:27 Yazarlar A A
Hər kəsə təşəkkür edirik. Yaxşıya yaxşı olduqları, dəstək verdikləri üçün, pisə və bədxahlarımıza bizi bir an da olsa unutmadıqlarına görə.
Qəzetimizin normal iş mühitinin qurulmasında bizə dəstək vermiş və burada heç bir təmənna güdmədən böyük fədakarlıqlar etmiş milliyyətçi dostlara təşəkkürlərimi bildirirəm. Biz bu yaxşılığı dünya durduqca unutmayacağıq. Öz iş yerlərinin qurulması prosesində gecə-gündüz çalışmış “yeni müsavat”çılara da minnətdarlıq borcumuz var.
Hər gün qonaqlarımız olur. Yaxınlıqda yaşayan oxucular, sıravi müsavatçılar, millət vəkilləri, həmkarlarımız, partiya liderləri, ictimai xadimlər ərklə, ürəklə qapımızı açır, bir stəkan çayımızı içir, xeyir-dua verirlər.
Dünən Müsavat başqanı da ofisimizə baş çəkdi. Bu ziyarət ola bilər ki, bəzi bədxahlarımızı, Müsavatla qəzet arasında gərginlik, dava olduğunu, oradan dışlandığımızı, İsa Qəmbərlə aramızda savaş getdiyini aylardır yazan, yazdıqları yalandan uzaqgedən nəticələr çıxarıb, öz aləmlərində bizi bitirən, “bundan belə Müsavata biz informasiya dəstəyi verəcəyik” deyən düşük bədxahlarımızı, pislik hərifləri məyus etsin; amma nə yapmalı, bu dəfə də “Yeni Müsavat” böyük bir sınaqdan başarıyla çıxdı. Allah uğuru onu haqq edənlərə və daşıya bilənlərə verir.
Çox arzu edərdim ki, qəzetimizin qapılarını bütün düşərgələrin təmsilçiləri ürəklə açsınlar. Necə ki, müxalifət liderləri - İsa Qəmbər, Pənah Hüseyn, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, İbrahim İbrahimli və başqa dostlar - buraya arxayınca, dostcasına gəlirlər, qoy YAP təmsilçiləri olan deputatlar, hakim partiyanın və iqtidara yaxın digər siyasi qurumların rəhbərləri, bizi boykot edən, küsülü olan ALP, AXCP rəhbərləri - hörmətli Lalə Şövkət, Əli Kərimli də qapımızı açsınlar. Mən onları, YAP rəhbərlərini, - hörmətli Əli Əhmədovu, Səyavuş Novruzovu, iqtidarın sözçüsü hörmətli Əli Həsənovu, hakimiyyətin ideoloqlarını, köşə yazarlarını rəsmən və bütün ictimaiyyətin hüzurunda redaksiyamıza dəvət edirəm. Bir nümunə göstərsinlər; gəlsinlər, danışaq, müzakirə aparaq, inandırsınlar, inandıraq, müsahibə götürək. Bundan əvvəllərdə olduğu kimi, indi də bəyan edirəm ki, düşərgə mənsubluğundan asılı olmayaraq, istənilən köşə yazarının, düşüncə sahibinin yazılarını, mövqelərini dərc etməyə hazırıq. Özəlliklə də “Azadlıq” blokuna və iqtidara yaxın yazarlara müraciət edirəm. Fikir, təklif, tənqid və ideyalarınızı gözləyirik, səhifələrimiz məqalələrinizə açıqdır. Buyurun, bu tribunadan istifadə edin.
Bizim hədəfimiz hər kəsin qəzeti olmaqdır; biriləri sevə-sevə oxusun, biriləri sevməsə belə, bizi oxumaq və bizə yazmaq zərurəti hiss etsin.
Hamımız bir yerdə ölkəmizin milli qəzetini daha da böyüdək, onun millətin və barışın qəzeti olmasında iştirak edək, tariximizi qürurla yazaq.
Allah hamıya uzadılan əli geri çevirməyəcək qədər ürək açıqlığı versin.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR