İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici təzyiqlərin qarşısında yenə azərbaycançılıq ideologiyası

853 06.02.2024 12:27 Media A A

Deputat: “7 fevralda Azərbaycan vətəndaşları prezident seçkisinə axın etməklə bizi daxildən sarsıtmaq istəyən xarici qüvvələrə öz mesajını verəcək”

Ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir. Azərbaycançılığın dövlətçiliyə tətbiqi ölkənin bütün istiqamətlərdə möhkəmlənməsinin təməlində dayanan mühüm faktordur. Heydər Əliyev konstitusiyamızda ilk dəfə bunu nəzərə aldı.

Dünya azərbaycanlılarının qurultayında məşhur deyim olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” ifadəsini işlətdi və qeyd etdi ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycançılıq ideologiyası böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda azərbaycançılıq ideologiyası Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. 2023-cü il-Heydər Əliyev İli Ulu öndərin müəllifi olduğu bu ideologiyanın təbliği üçün yeni imkanlar açdı. 

Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin deputatı Aqil Məmmədov  bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, inkişafında, bu gün ölkəmizin qlobal gücə çevrilməsi prosesində azərbaycançılıq ideologiyasının müstəsna təsiri olub və var. Sovet ittifaqının çöküşündən və Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ilk bir neçə ildə ölkəmizdə qarmaqarışıq vəziyyət, xaos hökm sürürdü, mərkəzdənqaçma meylləri baş qaldırmışdı. Bu ağır durumdan ölkənin çıxarılması çoxları üçün mümkünsüz görünəndə məhz azərbaycançılıq ideologiyası bu təhlükəli vəziyyətdən çıxmaqda ölkənin, xalqın harayına çatdı. Bu ideologiyanın banisi Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə onun müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda rəsmi status aldı. Məhz bu amil Azərbaycanın xilası oldu. Əldən getmək üzrə olan dövlət müstəqilliyimizi bu ideologiya qorudu, dirçəltdi. Xalqı bu ideologiya ətrafında birləşdirmək mümkün oldu. Azərbaycanın parçalanmasını, məhv olmasını gözləyən düşmənlərin planlarını, arzularını məhz azərbaycançılıq ideologiyası, bu ideologiyanın Heydər Əliyev tərəfindən böyük müdrikliklə həyata keçirilməsi pozdu. 

Azərbaycançılıq ideologiyasının təməl prinsipləri 1995-ci ildə müstəqil Azərbaycanın qəbul olunan ilk konstitusiyasının yaranmasında ciddi təsirə malik oldu. Ölkədə siyasi islahatlara başlanması prosesi bu ideologiyanı özünə meyar kimi seçdi. Ölkəmizin beynəlxalq birlik tərəfindən ciddi bir dövlət kimi qəbul olunmasında, gənclərin milli ruhda tərbiyələnməsində, çox vətənpərvər milli ruhda gənc nəslin yetişməsində azərbaycançılıq ideologiyasının son dərəcə böyük təsiri olub. Bu təsir bu gün də var. Azərbaycanın hər bir vətəndaşı etnik mənsubiyyətindən asılı olmayaraq buranı özünün doğma vətəni olaraq qoruyur. Azərbaycançılıq ideologiyasının təsiri altında Azərbaycanda çox vətənpərvər gənc nəsil yetişib. 2020-ci ildə 44 günlük Vətən müharibəsi də bunu bir daha əyani şəkildə nümayiş etdirmiş oldu. Mən deyərdim ki, torpaqlarımızın işğaldan azad olunmasında bu ideologiyanın ciddi əhəmiyyəti var. Bu ideologiya ilə yetişən nəsil torpağının azad olunması üçün hər cür fədakarlığa getdi".

Deputat qeyd etdi ki, Azərbaycan şanslı ölkədir. Çünki Heydər Əliyevdən sonrakı dövrdə onun müəllifi olduğu ideologiya Prezident İlham Əliyev tərəfindən çox böyük uzaqgörənliklə həyata keçirildi: “Bugünkü qalib Azərbaycan məhz bu ideologiyanın dayaqları üzərində möhkəmlənib. Dövlət siyasətinin əsas ideoloji tezisinə çevrilən azərbaycançılıq fəlsəfəsi Azərbaycanda yaşayan çoxsaylı millətlərin vəhdət halında Azərbaycan dövlətinin inkişafı, ərazi bütövlüyü uğrunda ayağa qalxmasına gətirib çıxardı. Bütün bunların təməlində yenə də azərbaycançılıq ideologiyası, bu ideologiyanın dövlətin milli siyasətinə çevrilməsi oldu. Vətən müharibəsi göstərdi ki, ölkədə xalq-iqtidar, xalq-ordu birliyinin kökündə də məhz elə azərbaycançılıq ideologiyası dayanır. Bu ideologiyanın təsiri nəticəsində həssas məsələlərdə xalq olaraq bir yumruq olmağı bacardıq və işğalçı separatçı ermənilərin başına endirdiyimiz "dəmir yumruq"la paralel həmin dövrdə Qarabağın işğaldan azad olunduğu 44 günlük savaş dönəmində cəmiyyətin içərisində də “Vahid Vətən”, “Vahid Dövlət” və “Vahid Azərbaycan” anlayışı ətrafında sıx birlik yarandı. Son zamanlar Azərbaycana qarşı xaricdən bəzi ermənipərəst dövlətlərin təzyiqlərinin və ölkəmizi zəiflətmək cəhdlərinin artığını nəzərə alsaq, belə bir dönəmdə xalqımızın birliyinə, bir yumruq kimi olmasına daha çox ehtiyac var. Deməli, yenə də milli birliyimizin ideoloji əsası olan azərbaycançılıq ideologiyası öz sözünü deyəcək. 7 fevralda Azərbaycan vətəndaşları prezident seçkisinə axın etməklə bizi daxildən sarsıtmaq istəyən xarici qüvvələrə öz mesajını verəcək. Bu mesaj ondan ibarət olacaq ki, bizi birləşdirən dəyər dövlətimiz, milli dövlət maraqlarımızdır, biz hər birimizi vahid dövlətin vətəndaşları olaraq azərbaycançılıq ideologiyası altında yenə bir yerdəyik və gələcəyimizi özümüz həll edirik, heç kim bizim gələcəyimizi müəyyən edə bilməz".  

Yazını hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR