İnsanlara hürriyət, millətlərə istiqlal!

Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...

1235 18.05.2024 12:03 Siyasət A A

PA-nın təşkil etdiyi görüşdə iştirak edən partiya sədrlərindən önəmli açıqlamalar

Siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə mayın 16-da “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi məsələləri mövzusunda tədbir keçirilib. 

Görüşdə çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev dövlət siyasətində demokratik prinsip və dəyərlərə daim sadiq qalan Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunduğunu bildirib, bu istiqamətdə indiyədək görülmüş çoxsaylı işlər barədə ətraflı məlumat verib. 

Şöbə müdiri siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış edərək “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə təmsil etdikləri orqanların aidiyyəti üzrə gördüyü işlər məlumat veriblər. Ədliyyə Nazirliyinin nümayəndəsi siyasi partiya üzvlərinin reyestrinin aparılması, siyasi partiyalarla iş üzrə fərdi kabinetdən istifadə, qanunvericiliyin pozulmasına görə məsuliyyət, Maliyyə Nazirliyinin nümayəndəsi siyasi partiyalarda mühasibat uçotunun aparılması, siyasi partiyalara dövlət maliyyə yardımının ayrılması, Mərkəzi Seçki Komissiyasının nümayəndəsi siyasi partiyaların maliyyə hesabatı, siyasi partiyalar tərəfindən ianələrin qəbul olunması, Hesablama Palatasının nümayəndəsi isə siyasi partiyalara dövlət büdcəsindən ayrılmış maliyyə yardımının xərclənməsinin yoxlanılması kimi məsələlərə aydınlıq gətiriblər.

Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılaraq milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb.

Millət vəkili Fərəc Quliyev 60 illik yubileyini keçirib - Fotolar

Fərəc Quliyev 

Tədbirdə iştirak edən partiyaların rəhbərləri təəssüratlarını “Yeni Müsavat”la bölüşüblər.  Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, bu tədbir dialoq platformasında növbəti addım da adlandırıla bilər. Çünki orada müxtəlif fikirlər səsləndirildi və demək olar orada bütün partiyalar iştirak ediridilər: “Tədbir mahiyyətcə onu göstərdi ki, bundan sonra da iqtidarla müxalifət arasındakı münasibətlər məhz dialoq formasında davam edəcək. Bu, əslində özü bir ictimai sazişdir. Daxili möhkəmlik barışa söykənən sabitliyə bağlıdır. Bu sabitlik olmadan xarici faktorlarla mübarizə aparmaq da mümkün deyil. O baxımdan da keçirilən tədbir çox faydalı tədbir sayılmalıdır. Hamı qəbullanıb ki, problemlərin həll olunmasında birlikdə çalışmaq daha faydalıdır. Tədbirdə həm də maarifləndirmə işləri aparıldı. Siyasi partiyaları maraqlandıran suallar səsləndi, təkliflər irəli sürüldü. Hakimiyyət təmsilçisi cənab Ədalət Vəliyev qeydlər götürdü. Tədbir göstərdi ki, biz ölkə və cəmiyyət olaraq hədəflərimizə çata biləcəyik”. 

Arzuxan Əlizadə: Azərbaycan dövləti yeni inkişaf mərhələsinə qədəm qoyub

 Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, belə bir tədbirin keçirilməsini təqdir edir: “Orada çıxışımda da bunu qeyd etdim. Gələcəkdə də müxtəlif mövzular ətrafında bu cür dəyirmi masaların keçirilməsini məqbul və vacib sayırıq. Çünki ölkədə siyasi partiyaların mövcud problemlərlə bağlı bir masa ətrafında müzakirə etməsi, cəmiyyətdə birlikdə mesajlar verməsi əhəmiyyətli faktorlardan biridir. Biz dövlət və milli maraqlar naminə birləşməyi bacarırıqsa, digər məsələlərin, mövcud olan problemlərin müzakirəsini birlikdə keçirə bilməliyik. Və 16 mayda keçirilən toplantını bu qəbildən saymaq olar”.

Tural Abbaslı kimə səs verəcəyini açıqladı - VİDEO | KONKRET

 Tural Abbaslı

AĞ Partiyanın sədri Tural Abbaslı qeyd etdi ki, tədbir çox önəmli və lazımlı tədbir idi: “Çünki maarifləndirilmə, həm problemlər səsləndirildi, təkliflər oldu. Yeni qanundan irəli gələn məsələlər müzakirə edildi. Partiyaların güclənməsi üçün dövlətin də atmalı olduğu addımlar barədə fikirlərimizi bildirdik. Faydalı tədbir idi. Davamlı olacağını düşünürəm. Çoxpartiyalı sistemin inkişafında belə tədbirlərin əhəmiyyəti olacaq”. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə dedi ki, son 4 il ərzində ölkədə siyasi partiyalarla hakimiyyət arasında dialoq mühiti yaradılıb və bu inkişaf etdirilir: “16 mayda keçirilən tədbir də bu qəbildən reallaşan müsbət bir addım oldu. Şübhəsiz bu cür dialoq mühitinin yaradılması və belə görüşlərin keçirilməsinin təşəbbüskarı Prezident İlham Əliyevdir. Keçirilən tədbir ölkəmiz və siyasi partiyalar üçün faydalı tədbir idi. Təkliflər irəli sürüldü, problemlər də qeyd olundu və müzakirə edildi. Tədbir yüksək səviyyədə keçdi. Bu cür tədbirlərin davamlı olması təklifləri verildi və yəqin ki, davamlı olmalıdır”.  

Pənah Hüseyn: “Surət Hüseynovun dedikləri mənasız, qeyri-ciddidir”

 Pənah Hüseyn 

AXP sədri Pənah Hüseyn bildirib ki, tədbir “Dəyirmi masa” tipli idi: “Konkret mövzu ”Siyasi partiyalar haqqında qanunun tətbiqi məsələləri" idi və təşkilatçı tərəfindən hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoq prosesinin tərkibi, eyni zamanda maarifləndirici tədbir kimi təqdim edildi və bu məzmunda idi.

Çıxışlarda tədbirin konkret mövzusu ilə yanaşı ölkənin siyasi həyatının, qarşılıqlı siyasi fəaliyyətlərin aktual problemlərinin daha geniş spektri  əhatə edildi. Ümumilikdə tədbir 4 saatdan çox çəkdi.  İstər siyasi, istərsə də maarifləndirici baxımdan ümumən faydalı oldu".

Ağasif Şakiroğlu: “Qalib Salahzadənin sərsəm açıqlamaları Azərbaycan  dövlətinin imicinə böyük zərbədir”

Ağasif Şakiroğlu

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu isə bildirib ki, çox səmərəli ictimai müzakirə oldu: “Qarşılıqlı dialoq mühitində keçən tədbiri Parlament seçkiləri öncəsi yeni bir mərhələnin açılışı da hesab etmək olar”.

Elxan Şükürlü: “Onlar qanun layihəsinin əleyhinə çıxacaq”

Elxan Şükürlü 

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə bildirib ki,  2019-cu ildə yaradıldığı vaxtdan indiyədək ölkədə milli və siyasi birliyin yaradılması istiqamətində sistemli fəaliyyətə başlayan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb: “Tədbir 16 dekabr 2022-ci ildə qəbul edilən yeni ”Siyasi partiyalar haqqında" qanunun tətbiqində ortaya çıxan problemlərin müzakirəsi üçün təşkil edilsə də, demək olar, çıxış edən partiya təmsilçiləri yüksək ədəb və əxlaq çərçivəsində həm iqtidar-müxalifət münasibətləri, həm də ölkənin siyasi gələcəyini birgə inşa etmək yolları barədə kifayət qədər aydın və dolğun, əhatəli, əsaslandırılmış təkliflər, mövqelər səsləndirdilər...

Vaxt var idi, Azərbaycandakı partiyaları yalnız xarici ölkə səfirlikləri bir araya toplayır, onlar müəyyənləşdirirdilər ki, bu ölkədə kim müxalifətdir, kim yox və hansı problemlərə hansı baxış olmalıdır... 

Şükür ki, siyasi partiyaların yolunu, taktikasını, siyasi mövqe və baxışlarını başqa ölkələrin səfirliklərinin müəyyənləşdirdiyi o rüsvayçı dönəm artıq arxada qalıb və indi biz özümüz öz dövlətimizin təşkilatçılığı ilə öz dövlətimizin - evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə, tutaşmadan, dalaşmadan, yüksək siyasi mədəniyyət çərçivəsində, deyə-gülə müzakirə edirik".    

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-nin sədri və ya nümayəndələri təmsil olunub.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR