İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycandan ixracı azaldan səbəblər - təhlil

1277 18.05.2024 11:38 Media A A

İlham Şaban: “Bunun kökündə neft-qaz bazarındakı qiymət konyunkturunun dəyişməsi dayanır”

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 13 milyard 633,4 milyon ABŞ dolları təşkil edib. “Yeni Müsavat” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 faiz azalma deməkdir.

Dörd ayda Azərbaycan xaricə 8 milyard 168 milyon 591.68 min dollarlıq mal və məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixracımızın 4 milyard 416 milyon 221.26 min dollar və ya 36,1 faiz azalması deməkdir.

İxracdan fərqli olaraq, idxalımız artıb. Belə ki, dörd ayda xaricdən 5 milyard 464,7 milyon ABŞ dolları dəyərində mal-məhsul almışıq. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,1 faiz artım deməkdir. Beləliklə, hesabat dövründə xarici ticarət dövriyyəsində 2 milyard 703,8 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,7 dəfə azdır.

Cari ilin 4 ayında ümumi ixracımızın 7 milyard 248 milyon 577.70 min dollarını neft-qaz sektoruna, 920 milyon 13.98 min dollarını isə qeyri-neft-qaz sektoruna daxil olan mallar təşkil edib. Neft-qaz ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 36,3 faiz və ya 4 milyard 149 milyon 16.58 min dollar, qeyri-neft ixracımız isə 22,5 faiz və ya 267 milyon 204.68 min dollar azalıb.

Yanvar-apreldə bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixracı ötən ilki 9 milyon 235 min 906.05 tondan 6 milyon 928 min 455.79 tona, dəyər ifadəsində isə 5 milyard 715 milyon 409.95 min dollardan 4 milyard 364 milyon 589.72 min dollara qədər azalıb. Təbii qaz ixracımız 6 milyard 513 milyon 694.62 min kubmetrdən 7 milyard 706 milyon 860.61 min kubmetrə qədər artsa da, dünya bazarında qiymətlərin ucuzlaşması nəticəsində dəyər ifadəsində 5 milyard 418 milyon 534.55 min dollardan 2 milyard 758 milyon 782.82 min dollara düşüb.

İlham Şaban: "Azərbaycan üzərindən neft daşınması artır" » Reyting.az

Enerji məsələləri üzrə ekspert İlham Şabanın fikrincə, Azərbaycanın dörd aylıq ixracındakı azalmanın kökündə neft-qaz bazarındakı qiymət konyukturunun dəyişməsi dayanır: “İxracın azalmasına təsir edən əsas faktorlar: neftin həcminin və ixrac qiymətinin azalması, qazın 2 dəfəyədək ucuzlaşması və elektrik enerjisinə klimatik faktorlarla əlaqədar qonşu ölkələrdə tələbatın hiss ediləcək səviyyədə azalmasıdır”.

Qeyd edək ki, 2024-cü ilin yanvar - aprel aylarında Azərbaycanda ötən ilin eyni dövründəkindən 500 milyon kubmetr çox - 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Bu qazın  8,5 milyard kubmetriixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. 

2024-cü ilin yanvar - aprel aylarında ölkədə ötən ilin eyni dövründəki 10,2 milyon tona qarşı 9,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 5,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin(ötən il 6,2 milyon ton), 1,4 milyon tonu (kondensat) “Şahdəniz”in(1,5 milyon ton), 0,2 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı ötən ilki qədər - 2,5 milyon ton təşkil edib.

Bu dövrdə 7,9 milyon ton neft (kondensatla birlikdə, ötən il 8,5 milyon ton) ixraca nəql olunub. Bunun 6,9 milyon tonu konsorsiumun(7,6 milyon ton), 1 milyon tonu isə SOCAR-ın(847 min ton) payına düşüb.

Bu ilin dörd ayında Azərbaycan neftinin ən böyük alıcısı İtaliya olub.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. 

Ümumilikdə, hesabat dövründə Azərbaycandan 19 ölkəyə neft ixrac edilib.

Qeyri-neft ixracına gəlincə, gömrük statistikasından aydın olur ki, buradakı azalmanın əsas səbəbi elektrik enerjisi ilə bağlıdır. Belə ki, əgər ötən ilin dörd ayında Azərbaycandan 313 milyon 683.62 min dollar dəyərində 2  milyard 801 milyon 763.32 min kVt/saat elektrik enerjisi  ixracı qeydə alınmışdısa, bu il ixrac cəmi 47 milyon 640.25 min dollar dəyərində 856 milyon 185.78 min kVt/saat təşkil edib. Bu isə enerji ixracının dəyər  ifadəsində 6,6 dəfə, natura ifadəsində isə 3,3 dəfə azalması deməkdir. 

Qeyri-neft-qaz sektorunun əsas məhsulları olan kənd təsərrüfatı, kimya sənayesi məhsullarının ixracında isə artım var. 

Rusiyada pomidor idxalının rüsumlardan azad edilməsi Azərbaycandan bu məhsulun ixracında ciddi artıma səbəb olub. Dörd ayda ümumilikdə ölkədən xaricə 71 mnilyon 167.17 min dollar dəyərində 52 175.34 ton pomidor ixrac edilib.

İxracında ciddi artım olan daha bir məhsul pambıq lifidir. Bu ilin dörd ayında 78 milyon 691.75 min dollar dəyərində, 51 994.98 ton pambıq lifi ixrac olunub. Ötən illə müqayisədə ixrac dəyər baxımından 205 faizdən çox, miqdar ifadəsində isə 248 faiz artıb. 

Qeyd edək ki, pambıq lifi ixracı ötən il ərzində kəskin şəkildə azaldıqdan sonra bu ilin əvvəlindən artmağa başlayıb. İxrac artsa da, istehsalda azalma davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən dörd ayda Azərbaycanda 31962,0 ton pambıq lifi istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 18,8 faiz azdır.

Yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarından almanın, bitki və heyvan mənşəli piylər və yağların, alüminium və ondan hazırlanan məmulatların da ixracında artım olub. 

Ötən illə müqayisədə ixracı azalan məhsullar arasında nar, şəkər, çay, kartof, kimya sənayesi məhsulları və sair var. 

İdxala gəlincə, buradakı artım dünya bazar qiymətlərində ötən ildən bəri müşahidə olunan 15 faizə yaxın ucuzlaşmanı nəzərə aldıqda, daha yüksəkdir. Belə ki, bir çox məhsulların idxalında miqdar baxımından artım dəyər baxımından artımdan daha yüksək rəqəmləri əhatə edir. 

Yanvar-aprel aylarında Azərbaycana yeyinti məhsullarının idxalı illik ifadədə 3,3 faiz - 748 milyon 212.54 min dollardan 773 milyon 337.74 min dollara qədər artıb. Bu zaman ət idxalı 24 mnilyon 936.08 min dollardan 36 mnilyon 503.19 min dollara, kərə yağı və süddən hazırlanan digər yağların idxalı 34 mnilyon 442.68 min dollardan 40 milyon 975.38 min dollar, bitki və heyvan mənşəli piylər və yağların idxalı 59 milyon 207.87 min dollardan 74 milyon 73.34 min dollar qədər artıb. Çay, buğda, süd və digər məhsulların idxalında isə azalma baş verib.

İdxalında artım qeydə alınan qeyri-yeyinti məhsullarından geyim əşyaları və geyim üçün ləvazimatlar, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri öndə gedir. 

Maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələri, mebel və onun hissələrinin idxalında isə azalma müşahidə olunur. 

Ekspertlərə görə, idxaldakı artımın əsasında işğaldan azad olunan ərazilərdəki tikinti-bərpa işləri, həmçinin müdafiə sənayesinin tələbatının artması amilləri dayanır.

Yazını hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR